07 oktyabr 2024 18:36
112

Prezidentin Cəbrayıl səfəri bölgənin inkişafından xəbər verir

“Hazırda işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq işləri həyata keçirilir. Artıq Böyük Qayıdış Proqramına uyğun olaraq keçmiş məcburi köşkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən bir qrup Cəbrayıl şəhər sakininə evlərin açarlarının təqdim edilməsi mərasimini böyük sevinc hissi ilə izlədik”.

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, indiyədək Prezident İlham Əliyev işğaldan azad olunmuş Cəbrayıl rayonuna bir neçə dəfə səfər edərək müxtəlif obyektlərin təməlqoyma mərasimlərində iştirak edib, tikinti işlərinin gedişatı ilə tanış olub. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə Cəbrayıl rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Proqrama uyğun olaraq işğaldan azad edilmiş Cəbrayılda indi genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Artıq Cəbrayıl şəhəri də ilk sakinlərini qoynuna alıb, insanlar öz ata-baba yurduna dönərək orada tikilən rahat, geniş və işıqlı mənzillərdə yaşamağa başlayıblar. Köç karvanları bir-birini əvəz edir. Uzun illər doğma yurd həsrəti ilə yaşayan adamların səsi ata-baba ocağından gəlir.

Deputatın sözlərinə görə, 4 Oktyabr - Cəbrayıl Şəhəri Günü böyük coşqu ilə qeyd edilib. Məhz bayram günündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər və yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarları təqdim olunub. Sakinlərlə görüş zamanı çıxış edən Prezident İlham Əliyev Vətən müharibəsinin tarixi əhəmiyyətindən, Cəbrayıl şəhərinin strateji önəmindən bəhs edib. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsində ilk azad olunan şəhər məhz Cəbrayıl olub. 27 illik həsrətdən sonra, 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhərinin erməni işğalından azad olunması Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yaradıb. 44 günlük müharibə nəticəsində Azərbaycanın işğal altında olan torpaqlarının erməni terrorçularından təmizlənməsi şanlı ordumuzun şücaətinin nəticəsidir. Rayonun azad olunması uğrunda gedən döyüşlərdə fədakarlıq göstərən hərbçilərin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirildi, minlərlə əsgər və zabit Prezident İlham Əliyevin Sərəncamına əsasən, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.

Fatma Yıldırım qeyd edib ki, Prezident İlham Əliyev çıxışında Cənubi Qafqaz regionunda vəziyyət, bəzi beynəlxalq dairələrin Azərbaycana qarşı qərəzli mövqeyindən bəhs edib. Dövlətimizin başçısı Ermənistana təhlükəli oyunlarını dayandırmaq barədə xəbərdaqlıq edib. Çünki onlar bir tərəfdən sülhdən danışır, digər tərəfdən isə sürətlə silahlanırlar. Silahı verən isə Fransa başda olmaqla bəzi Qərb dövlətləridir. Nəzərə almaq lazımdır ki, dünyada vəziyyət dəyişir. Azərbaycanın hadisələrə münasibəti adekvat olacaq.

“Cəbrayılda bərpa-quruculuq işləri çərçivəsində müxtəlif müəssisələrin tikintisi ölkənin ümumi iqtisadi inkişafına töhfə verəcək, həmçinin əhalinin məşğulluğunu təmin edəcək. Məsələn, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. 200 hektarı əhatə edən bu böyük bir layihəçərçivəsində artıq sənaye parkının rezidentlərinin sayı 12-yə çatıb. Eləcə də, Cəbrayıl rayonunun elektrik təchizatı artıq təmin olunub. Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsi bu baxımdan vacibdir. Yol-nəqliyyat infrastrukturu da ciddi şəkildə qurulur. Belə ki, Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edilib. Bütövlükdə, azad olunmuş ərazilərimizdə görülən möhtəşəm işlər hər birimizi qürurlandırır. Tezliklə bu ərazilər bütünlüklə yenidən, ən müasir səviyyədə qurulacaq və insanlar doğma yurdlarında firavan yaşayacaqlar”, - deyə deputat vurğulayıb.