08 oktyabr 2024 00:38
80

Qərbin riyakar mövqeyi sülh prosesinə zərbədir

Artıq Milli Məclisin 43 üzvü Xarici işlər naziri Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

Azərbaycan işğala son qoyaraq öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Başda ABŞ olmaqla Fransa kimi Qərb dövlətləri Ermənistana maddi və silah yardımı etməklə Qafqazda yenidən münaqişə ocağı yaratmaq istəyirlər. Azərbaycanın tarixi Qələbəsindən sonra regionda yeni reallıqlar yaranıb. Azərbaycan böyük logistik imkanları vasitəsilə yeni imkanlar təqdim edir.  Ölkəmiz yaşıl enerji və digər enerji resursları ilə Avropanın enerji təhlükəsizliyində önəmli rol oynamaq baxımından da addımlar atıb. Bütün bu proseslərə rəğmən ABŞ və Fransa Ermənistanı hücum silahları ilə silahlandırır. Onlar Cənubi Qafqazı Ermənistan vasitəsilə təsir altına salmaq istəyirlər. Hazırda ABŞ hökuməti Ermənistana yardım fondunun məbləğini iki dəfədən çox artıraraq 120 milyon dollardan 250 milyon dollara qaldırıb. Müvafiq sənədi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi – USAID-in Ermənistandakı missiyasının rəhbəri Con Alelo və Ermənistan baş nazirinin müavini Armen Qriqoryan sentyabrın 11-də imzalayıblar. Yardımın artırılmasında məqsəd guya Ermənistanda demokratiya və iqtisadiyyatın inkişafına dəstək verməkdir. Azərbaycan torpaqları işğal altında olduğu illərdə də beynəlxalq vasitəçilər rəsmi İrəvanın törətdiyi əməllərə görə sanksiyalar tətbiq etmək əvəzinə müxtəlif məqsədlər adı altında ona maliyyə yardımları etdilər. 44 günlük müharibədən sonra məlum oldu ki, ermənilər həmin maliyyə yardımlarını işğal etdikləri Azərbaycan torpaqlarında hərbi istehkamlar tikməyə sərf ediblər. Odur ki, Qərbin Ermənistanı silahlandırması İrəvanı Azərbaycana qarşı ərazi iddialarından imtina etdirməyəcək. Onun təyinatı üzrə, yəni fövqəladə vəziyyətdə mülki vətəndaşların təxliyəsinin təşkilinə xəclənməyəcəyi də sirr deyil. Qeyd edək ki, USAID bu yaxınlarda Ermənistanda dəyəri 23,1 milyon dollar olan yeni proqramların icrasına başlayıb. USAID-in Ermənistan üzrə missiya direktorunun müavini vəzifəsini icra edən Metyu Laird vurğulayıb ki, ABŞ hökuməti yaranmış çətinliklərin öhdəsindən gəlmək üçün Ermənistana kömək etmək öhdəliyinə malikdir. Onun sözlərinə görə, 2023-cü ilin sentyabr ayından USAID və ABŞ hökuməti  Ermənistana müxtəlif yardımlar - qida, psixososial dəstək verib. Ancaq Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal altında olanda, yüz minlərlə insan öz doğma torpaqlarından qovulanda təşkilat susmağa üstünlük verdi. Bir milyona yaxın azərbaycanlı etnik təmizləməyə məruz qaldığı bir vaxtda ABŞ işğalçının yanında dayanaraq Ermənistana dəstək nümayiş etdirdi. Bu gün Ukraynanı sonu görünməyən bataqlığa qərq edən Qərb Azərbaycanla Ermənistan arasında da münaqişənin, düşmənçiliyin sonsuzadək davam etməsində maraqlıdır.

Qərbin riyakar mövqe ortaya qoyması sülh prosesinə zərbədir. Xüsusilə ayrı-seçkiliyi ehtiva edən, böhtanla dolu, müharibə cinayətkarlarının azadlığa buraxılmasına və Ermənistanın hərbiləşdirilməsinə çağırış edən ABŞ Konqresinin 60 üzvünün dövlət katibi Antoni Blinkenə göndərdiyi müraciət qəbuledilməzdir, beynəlxalq hüquqa ziddir və ABŞ-ın ikitərəfli münasibətlərin bərabərhüquqlu şəkildə davam etdirilməsində maraqlı olmadığının gəstəricisidir.

Artıq Milli Məclisin 43 üzvü Xarici işlər naziri Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAID-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib. Müraciətdə bildirilir ki,  dövlətimizə qarşı belə qərəzli və zərərli siyasi xətt tutan dövlətlə əlaqələrə yenidən baxılması, əməkdaşlığın azaldılması məqsədəuyğundur. Deputatlar Azərbaycan və ABŞ arasında münasibətlərin yenidən nəzərdən keçirilməsi üçün aşağıdakı addımların həyata keçirilməsini qeyd ediblər:

Azərbaycan və ABŞ arasında qüvvədə olan müqavilələrə, ələlxüsus, 1997-ci ildə imzalanmış “Azərbaycan Respublikası və ABŞ arasında gələcək hərbi və müdafiə əlaqələri haqqında” Birgə bəyanata və 2013-cü ildə imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında” Sazişə xitam verilməsi;

Yeni müqavilələrin razılaşdırılması və qüvvədə olmuş müqavilələrin uzadılması üzrə danışıqların dərhal dayandırılması;

ABŞ-ın Beynəlxalq İnkişafa Yardım Agentliyi (USAID) və ABŞ-ın qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycanda həyata keçirilən bütün layihələrin dayandırılması və yeni layihələrə icazə verilməməsi, eləcə də USAID-in ölkəmizdəki fəaliyyətinə son qoyulması.

Dünyanın istənilən yerində qaynar bir nöqtənin, münaqişənin olması Qərb üçün əlverişlidir. Çünki həmin regiona nüfuz edir, öz təsir dairəsini yaradır. Bu gün Azərbaycanın suverenliyini tam bərpa etməsi ilə barışa bilməyən ABŞ və bəzi Avropa qurumları,  o cümlədən Avropa İttifaqı, Avropa Parlamenti, həmçinin Fransa, Niderland, Almaniya və digərləri öz mövqeyində bunu aydın nümayiş etdirərək Ermənistanla sülh sazişinin imzalanmaması üçün əllərindən gələni edirlər. Təəssüf ki, müstəqil dövlət olduğunu unudan Ermənistan tərəfi də məhz bu güclərin diktəsi ilə hərəkət edir. Sözügedən dövlətlər unudurlar ki, Ermənistandan fərqli olaraq Azərbaycan güclü, müstəqil dövlətdir. Hər bir addımını öz gücünə, imkanlarına arxalanaraq atır. Heç bir dövlətin diktəsi ilə oturub-durmur. Ölkəmizin ayrı-ayrı dövlətlərlə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində  əməkdaşlığı  qarşılıqlı hörmətə və maraqlara əsaslanır. 44 günlük İkinci Qarabağ müharibəsi, bir günlük antiterror tədbirləri ölkəmizin imkanlarının göstəricisidir.

Şəmsiyyə Əliqızı, “İki sahil”