07 oktyabr 2024 22:06
92

ABŞ və digər Qərb dövlətləri son vaxtlar öz siyasətlərində açıq zorakı metodlara keçiblər

Dünyanın qlobal gücləri hər hansı regionda özlərinin ekspansiya siyasətini yaradanda onu ideoloji baxımdan əsaslandırırlar. Onlar Cənubi Qafqaza gəlişlərində də müəyyən aldadıcı metodlardan istifadə ediblər. Onlar buraya sülh, demokratiya, insan haqlarının müdafiəçisi adları altında gəliblər. Amma mən Milli Məclisin deputatlarının müraciətini haqlı sayıram. Son vaxtlar ABŞ və digər Qərbi Avropa dövlətlərinin ekspansiya siyasətində qəribə dəyişiklik yaranıb. Onlar artıq sanki o pərdələməni bir tərəfə atıblar. Yəni, onsuz da məqsədləri burada özlərinin siyasi və iqtisadi maraqlarını həyata keçirmək idi, amma ona demokratiya donu geyindirirdilər. Söz və ifadə azadlığını müdafiə edən təşkilatlar bunu insan haqlarını qorumaq adı altında pərdələyib kompensasiya edirdilər. Lakin son vaxtlar bu siyasətdə ciddi şəkildə dəyişiklik edilib. Ola bilər ki, bunların siyasətində tələskənlik var və hansısa hədəflərə çatmaq istəyirlər, yoxsa ümumiyyətlə, indiyədək pərdələnə biliblər, lakin indi mahiyyətlərini ortaya qoyurlar. Bu qüvvələr son vaxtlar öz siyasətlərində açıq zorakı metodlara keçiblər. Məsələn, bu yaxınlarda ABŞ və Avropa İttifaqı Şurası Gürcüstana bir neçə istiqamətdə sanksiya qoydu. Yəni, bu ölkəyə böyük maliyyə yardımlarını dayandırdılar. Səbəb isə odur ki, Gürcüstan 2023-cü ildə xarici təsirlərin şəffaflaşdırılması ilə bağlı qanun layihəsi hazırlamışdı və bu ilin aprelində onu qəbul etdi.

“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycan Televiziyasında çıxışı zamanı Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.

O deyib ki, Qərb Gürcüstandakı həmin qanunu özləri üçün təhlükə hesab edir, bunun Gürcüstanda söz və demokratiya azadlığının pozulmasına gətirib çıxaracağını bildirir. Çox paradoksaldır, çünki eyniadlı qanun 1936-cı ildən ABŞ-da qəbul olunub və hələ də mövcuddur. Onlar özlərində olan qanunu başqa biri qəbul edəndə həmin dövləti sanksiyalara məruz qoyurlar.

“İkinci ciddi istiqamətlərdən biri odur ki, bu yaxınlarda - sentyabrda Gürcüstanda ailə dəyərlərinin qorunması və uşaqların müdafiəsi ilə bağlı qanun qəbul olundu. Bu qanunun mahiyyəti nədən ibarətdir? Ümumiyyətlə, son vaxtlar dünyanın hər yerində, o cümlədən Cənubi Qafqazda xüsusi kurs - marginal qrupların süni şəkildə inkişaf etdirilməsi və aktivləşdirilməsi siyasəti yürüdülür. Biz Bakı küçələrində də bunu gördük - radikal feministlərin aksiyalarını. Hansı antimilli və antiəxlaqi şüarlarla çıxış etdilər, nələr həyata keçirdilər. İndi LGBT-lərin hüquqlarının tanınması ilə bağlı məsələni çox sərt şəkildə ortalığa atırlar”, - deyə Müşfiq Ələsgərli bildirib.

Gürcüstanda qəbul edilən qanun olmasa artıq cəmiyyətin özəyi olan ailə institutunun çox sürətlə dağıldığını söyləyən media eksperti qeyd edib: “İndi bunu müdafiə etmək istəyirlər və söhbət ondan gedir ki, bu dağılma süni yolla, xaricdən gələn yad ünsürlər vasitəsilə aparılır. Buna da çox ciddi şəkildə qıcıqlanırlar və həmin o xarici təşkilatlar bunu ölkədə söz və ifadə azadlığının pozulması kimi qələmə verirlər. “Amnesty İnternational”, “Sərhədsiz Reportyorlar”, “Freedom House” və başqa təşkilatlar Gürcüstanı nə üçün ittiham edirlər? Axı sənin özündə də bu qanun qəbul edilib. Əvvəla bu, Gürcüstanın özünün suveren hüququdur, harada zərurət hiss edirsə, o qanunu qəbul edə bilər. İkinci tərəfdən bu məsələ çox zəruri hala istinad olunur. Çünki ölkədə cəmiyyətin dayaqları dağıdılırsa, dövlət bu yöndə qabaqlayıcı addımlar atmalıdır. Ona bənzər qanunlar, əslində, Avropanın bir çox ölkələrində mövcuddur. Amma bu qanunları qəbul etdiyinə görə heç bir Avropa ölkəsi, o cümlədən ABŞ qınanmır. Nə üçün özlərində olan məsələyə görə bizlərini hədəfə çevirirlər. Çünki onların bu ölkələrdə konkret hədəfləri və maraqları var. Cənubi Qafqaz konservativ ölkələrdən ibarət regiondur. Burada ailə dəyərləri müqəddəsdir. Burada konservativ əxlaq nümunələri var. Odur ki, cəmiyyətdəki belə əxlaq nümunələrini dağıtmaqla o cəmiyyəti idarəoluna bilən və kosmopolit düşüncəli cəmiyyətə çevirmək niyyətindədirlər. Təbii ki, indiki qanunlar da o prosesin qarşısını alır, ona görə də bu dövlətlər hədəfə çevrilirlər”.