09 oktyabr 2024 00:44
100

İki yüz illik məkrli plan cəhənnəmə vasil oldu...

Xalqına verdiyi bütün vədləri yerinə yetirən, sözü imzası qədər keçərli olan Lider oktyabrın 15-də bizə Zəfərimizin təntənəsini yaşatdı. Müzəffər Ali Baş Komandan Xankəndidə üçrəngli Bayrağımızı qaldırmaqla iki yüz illik məkrli planın - Cənubi Qafqazın erməniləşdirilməsi siyasətinin qarşısını aldı

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı düşünülmüş siyasət və müasir ordu quruculuğu sayəsində dünyanın ən güclü ordularından birinə çevirilən Azərbaycan Ordusu 44 gün ərzində şanlı Zəfərə imza atmaqla tarixi ədaləti bərpa etdi. Rəşadətli ordumuz qarşısında diz çökən düşmən kapitulyasiya aktı imzalamağa məcbur oldu və bir güllə belə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonları düşmən tapdağından azad edildi. Bu üç rayonun itkisiz işğaldan azad edilməsi Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diplomatik müstəvidə əldə etdiyi möhtəşəm uğurun göstəricisidir.

Ermənistan üçtərəfli Bəyanat imzalanarkən Qarabağdan çıxmasını üzərinə vəzifə olaraq götürdü. Lakin 3 ilə yaxın müddət ərzində yenə bu öhdəliyini icra etmədi, qoşunlarını Qarabağdan çıxarmadı. Ötən ilin sentyabr ayının 19-da başlamış və 24 saatdan da az davam edən lokal xarakterli antiterror tədbirləri zamanı düşmənə növbəti dəfə sarsıdıcı zərbə vuruldu. Azərbaycan Ordusu yüksək peşəkarlıq göstərərək hərbi obyektləri sıradan çıxarıb, strateji yüksəklikləri ələ keçirdi və nəticədə düşməni təslim olmağa məcbur etdi. Bu, özü ilə birlikdə qondarma rejimin də birdəfəlik sonunu gətirdi.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümündə Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində müqəddəs üçrəngli Bayrağımızı ucaltması tarixi hadisə oldu. Təqvimə qırmızı rənglə düşəcək bu tarixi gün həm də Azərbaycan Prezidentinin 20 illik gərgin, məqsədyönlü fəaliyyətinin nəticəsi, zəfər zirvəsi idi. Xalqına verdiyi bütün vədləri yerinə yetirən, sözü imzası qədər keçərli olan Lider 2023-cü il oktyabrın 15-də bizə Zəfərimizin təntənəsini yaşatdı. Müzəffər Ali Baş Komandan Xankəndidə üçrəngli Bayrağımızı qaldırmaqla iki yüz illik məkrli planın - Cənubi Qafqazın erməniləşdirilməsi siyasətinin qarşısını aldı. Dövlətimizin başçısı İlham Əliyev Xankəndidən xalqa müraciətində böyük qürur hisi ilə bildirdi ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr uğurla icra edildi.

Bu gün Azərbaycan Bayrağı Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndidə dalğalanır, dövlət gerbimiz Xankəndinin mərkəzində yerləşən inzibati binanı bəzəyir. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. Dövət başçımızın qeyd etdiyi kimi, Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Xankəndi şəhərində qaldırılan Bayraq əbədi dalğalanacaq və Azərbaycan xalqı burada əbədi yaşayacaq.

 Bu Qələbə bizim tariximizdə əbədi yaşayacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər. Biz həm də ona görə xoşbəxtik ki, bu gün Xankəndidə dalğalanan Bayrağımız Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilində mümkün olmuşdur. Məhz Ulu Öndərin təşəbbüsü ilə bu bölgənin kənd təsərrüfatının inkişafı üçün 1976-cı ildə Sərsəng su və Suqovuşan su anbarları inşa edilmişdir. O vaxt böyük investisiyalar qoyulmuşdu. Ağdamdan Xankəndiyə dəmir yolu çəkilmişdi, burada ali məktəb yaradılmış və Xankəndidə bu gün olan binaların mütləq əksəriyyəti məhz o illərdə inşa edilmişdir. Kənd təsərrüfatı inkişaf edirdi. O vaxt təkcə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti 100 min tondan çox üzüm tədarük edirdi. Ulu Öndər Heydər Əliyev sovet Azərbaycanında rəhbərliyə gələndən sonra Qarabağda o vaxta qədər olmuş bəzi millətçi qüvvələr tamamilə kənara çəkilmişdi. 1969- cu ildən 1982-ci ilə qədər bir dənə də xoşagəlməz hadisələrə rast gəlinməmişdi. Müstəqilliyin ilk illərində Azərbaycanın dövlət müstəqilliyini qoruyan məhz Ulu Öndər Heydər Əliyev olmuşdur. Ona görə də xalqımız haqlı olaraq Ulu Öndəri Xilaskar adlandırır.

Nəhayət ki, Azərbaycan xalqının onilliklər ərzində olan arzuları çin oldu. Bir vaxtlar Azərbaycan xalqına qarşı təhqir, təhdid, hədə üslubunda danışan, Bakıda çay içəcəyini deyən təlxəklər indi, həqiqətən də Bakıda çay içirlər, amma təcridxanada. Bir çox anti-Azərbaycan qüvvələr Azərbaycanın Qarabağdakı tarixi Qələbəsini, separatizmin kökünü kəsməsini, özlərini “prezident” adlandıran revanşistlərin həbs olunaraq təcridxanaya salınmasını qəbul edə bilmirlər, buna qısqanclıqla yanaşırlar. Amma zamanla bu reallığı da qəbul edəcəklər. Revanşistlər unutmasınlar ki, “dəmir yumruq” yerindədir, istənilən təxribatın və təcavüzkar siyasətin qarşısını almağa hər zaman qadirdir.

44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin bir nəfər də olsun hərbçisi döyüş meydanını tərk etməmişdir. Bu, Azərbaycan xalqının əyilməz ruhunu və yüksək mənəvi keyfiyyətlərini bir daha bütün dünyaya nümayiş etdirdi. Ancaq özlərinin etirafına görə, Ermənistan ordusunda 12 min fərari olmuşdur. Dövlət başçımızın qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsindən sonra biz bir gün dayanmadan ordu quruculuğu prosesini sürətləndirirdik və bunu gizlətmirdik. Dərhal Qarabağ bölgəsində bütün vacib olan məntəqələrə yerləşdik. Eyni zamanda, uzun illər ərzində işğal altında qalmış Azərbaycan-Ermənistan sərhədini nəzarətə götürdük. Sərhəddə mövqelərimizi tədricən yaxşılaşdırdıq və müxtəlif tədbirlər nəticəsində Azərbaycan-Ermənistan sərhədinin böyük hissəsində ən əlverişli mövqelərə malik olduq. Bu gün Azərbaycan-Ermənistan sərhədində vəziyyət bizim nəzarətimizdədir. Keçirilmiş bir neçə hərbi əməliyyat nəticəsində biz öz sərhədimizi tam olaraq qoruyuruq.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan parlaq Zəfərlə Azərbaycan tarixində yeni mərhələ başladı. Bu mərhələ artıq azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri ilə davam edir. İşğaldan azad olunmuş torpaqlarımıza yeni həyat qayıdır. Bu gün azadlığına qovuşmuş torpaqlarımızda şəhər və kəndlərimiz yenidən qurulur, yeni yollar çəkilir, Böyük Qayıdış mərhələli şəkildə həyata keçirilir. Xankəndidə Zəfər Günü münasibətilə hərbi paradın keçirilməsi hər bir azərbaycanlıda sözlə ifadə olunmayacaq qədər böyük qürur hissi yaşatdı. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. Bu günkü Azərbaycan məhz Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.

Şəmsiyyə Əliqızı, “İki sahil”