10 oktyabr 2024 00:58
349

Tovmasyan Nikolu tovlaya biləcəkmi?

Qudurğan daşnak hakim baş nazirə qarşı çıxmaqdan çəkinmədi

Məlumdur ki, Azərbaycan sülh müqaviləsinin imzalanması üçün Ermənistanın qarşısında sərhədlərin delimitasiyası, Konstitusiyadan ərazi iddiaları ilə bağlı müddəaların çıxarılması ilə bağlı tələblər qoyub. Ermənistan Konstitusiya Məhkəməsi sentyabrın 26-da “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın və dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının birgə fəaliyyəti haqqında” Əsasnamənin konstitusiyaya uyğunluğu barədə qərar qəbul edib.  Konstitusiya Məhkəməsinin hakimi, Ermənistanın keçmiş ədliyyə naziri Hrayr Tovmasyan bu qərara qarşı çıxıb və bununla bağlı xüsusi rəy bildirib. Onun xüsusi rəyi Konstitusiya Məhkəməsinin rəsmi saytında dərc olunub.

Rəydə deyilir ki, “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının birgə fəaliyyəti haqqında” Əsasnamə parlament tərəfindən ratifikasiya oluna və beləliklə, Konstitusiya Məhkəməsi tərəfindən də baxıla bilməz”.

Tovmasyanın fikrincə, Konstitusiya Məhkəməsinin bu iş üzrə ərizəyə baxmaq və bu mahiyyəti üzrə hər hansı qərar qəbul etmək səlahiyyəti olmayıb. Revanşist Tovmasyan xüsusi rəyində yenə də Ermənistan Konstitusiyasının bədnam preambulasını yada salıb. Onun rəyinə əsasən, bu qərar Konstitusiyanın preambulasında əks olunan Müstəqillik Bəyannaməsinin müddəalarına ziddir. “Mənim üçün qəbuledilməz olan və hüquqi cəhətdən şərhi çətin olan səbəblərə görə, Konstitusiya Məhkəməsi Ermənistanın Müstəqillik Bəyannaməsinin əhəmiyyətini aşağı salıb. Konstitusiya Məhkəməsi belə qənaətə gəlib ki, Bəyannamənin Konstitusiyada əksini tapmayan müddəalarının heç bir hüquqi əhəmiyyəti yoxdur. Belə bir hökm Ermənistanın Müstəqillik Bəyannaməsini hüquqi və tarixi əhəmiyyətindən məhrum etməklə yanaşı, onu həm də simvolik sənədə çevirib. Həmin qərardan belə çıxır ki, Ermənistan Konstitusiyasının preambulası konstitusiya müddəalarının şərhi üçün istifadə oluna bilməz. Halbuki, Ermənistan Konstitusiya Məhkəməsinin 12 yanvar 2010-cu il tarixli saylı qərarına görə, Türkiyə ilə imzalanan Sürix protokollarının təsdiqi ilə bağlı protokolun müddəaları Konstitusiyanın preambulasının müddəalarına və Ermənistanın müstəqilliyi haqqında bəyannamənin 11-ci bəndinin tələblərinə zidd olacaq şəkildə təfsir edilə və tətbiq edilə bilməz."

Göründüyü kimi, Ermənistan Konstitusiya Məhkəməsinin üzvü Azərbaycanla delimitasiya üzrə komissiyanın qurulması haqqında sənədlə bağlı rəyində yenə də Ermənistan konstitusiyasının bədnam preambulasına istinad etməkdən çəkinmir. Xatırladaq ki, həmin preampulada qonşu ölkərə ərazi iddiaları əks etdirilib. Azərbaycan tərəfi məhz buna görə Ermənistan Konstitusiyasının bu müddəalarının dəyişdirilməsində haqlı olaraq israrlıdır. Ermənistanın “sənədi yarımçıq imzalayaq” kimi hiyləgər mövqeyinin nə dərəcədə gülünc və çürük olduğu Tovmasyan kimilərinin mövqeyindən açıq şəkildə görünür. Belə görünür ki, hələ də ağıllanmayan daşnaklar və başqa ölkələrə casusluq edən revanşistlər Türkiyəyə və Azərbaycana qarşı düşmənçiliyə son vermək niyyətində deyillər. Düşmənçiliyin davam etməsində maraqlı olan belə qüvvələr özgələrin ərazilərindən gözlərini çəkməyiblər. Məhz Tovmasyan onlara güvənib dövlət başçısının  iradəsinin əleyhinə çıxır. Başabəla hüquqşünasın “şərhi çətin məsələ” adlandırdığı da elə budur. Açıq deyə bilmir ki, o, hayların iki yüz illik ərazi iddialarına birdəfəlik son qoyulmasını qəbul edə bilmir.

Konstitusiya Məhkəməsinin üzvünün öz hikkəsini yeritməklə dövlətinin gələcək təhlükələrə məruz qalmasına bünövrə qoyur. Belə çıxır ki, Ermənistan rəhbərliyi Tovmasyanı və onun kimi bir ovuc revanşisti başa sala bilmir ki, sülh istəyən iradəsinə qarşı çıxdığı erməni toplumu, xüsusilə müharibələrdə övladlarını itirmiş valideynlər və doğmaları onu öz kağız parçası ilə birlikdə süpürüb atarlar.

İndi “top” Paşinyandadır. Görək ona asi çıxan, hay toplumunu saymayan və öz iddiasını yeridən bir hakimin öhdəsindən gələ biləcəkmi? Bu məsələ birbaşa baş nazirin nüfuzunun aşağı salınmasına yönəlib. Şübhəsiz ki, Paşinyan da bir hakimin rəyi ilə öz fikrindən dönməz. Çünki burada söhbət Ermənistanın gələcək taleyindən gedir. Bu səbəbdən də Tovmasyan Paşinyanı tovlaya bilməz. Baş nazirlə qarşıdurmada hakim yalnız özünü “yandıra” bilər, vəzifəsini itirər, toplumun gözündən salınar və növbənöv gərginliklər yaşaya bilər. Paşinyanın ona qarşı hansı tədbirləri görəcəyini yalnız özü bilir.

Vəli İlyasov, “İki sahil”