10 oktyabr 2024 23:41
89

Əli Kərimli niyə ABŞ konqresmenlərinə vəkillik edir?

Radikal müxalifətin bitib-tükənməyən avantürası bumeranq effekti verir

AXCP sədri Əli Kərimlinin avantürası və qərəzi bitib- tükənmək bilmir. Bu adam sanki bir yalan makinasıdır, istehsal etdiyi məhsul isə saxta informasiya və qərəzli münasibətdir. İnd idə Azərbaycan əleyhinə çıxışlar edən və -ı ölkəmizə qarşı sanksiyalar təbiq etməyə çağıran ABŞ konqresmenlərinə vəkillik edir. Məlumdur ki, ABŞ konqresmenləri Azərbaycanın Qarabağdakı separatçı xuntanı birdəfəlik ləğv edərək özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi ilə hələ də barışa bilmir. Ən acınacaqlısı isə odur ki, 30 il erməni işğalına nəinki göz yuman, hətta bu işğala haqq qazandıran konqresmenlərlə Əli Kərimlinin mövqeləri bir çox hallarda üst-üstə düşür.

Əli Kərimli yenə də avatüraya meyl edərək yazır ki, bəs Tofiq Yaqubludan nə istəyirsiz? Hətta ritorik suallar verərək soruşur ki, bəs nəyə görə sizin kimi təpədən - dırnağa milli olan hakimiyyət Tofiq Yaqublu kimi Qarabağ qəhrəmanını 4-cü dəfədir şərləyib həbs edir? Bəli, Əli Kərimli hələ də anlamır ki, Tofiq Yaqublu dələduzluq maddələri ilə həbs olunub. Zərərçəkən tərəf ondan ölkəni mühacir kimi tərk etməyə görə verdiyi onminlərlə manatını istəsə də Yaqublu bu pulu qaytarmayıb. Bundan başqa o, bəzi hallarda statuslarında Azərbaycan Ordusu haqqında da yanlış fikirlər söyləyir. Təbii ki, onun qalib Azərbaycan Ordusu haqqında sərsəmləmələri son 4 ildəki tarixi zəfərlərimizə qısqanclığından qaynaqlanır. Necə ola bilir ki, 44 günlük müharibədə hərbi uğurumuz, xüsusilə də çətin və mürəkkəb dağ relyefinə malik olan Şuşa şəhərini işğaldan azad edən Silahlı Qüvvələrimiz haqqında dünyanın ən tanınmış hərbi ekspertləri heyranlıqla danışırlar, ancaq bu Kərimli isə hələ də könül bulandırmaqla məşğuldur. Bundan başqa, MDB məkanında qazilərə və şəhid ailələrinə dövlət dəstəyi və yardımı üzrə statistik göstəricilərə görə, Azərbaycan ilk üçlükdədir. Bütün bunları görməzlikdən gəlmək əsl cahillikdir.

Bu bir reallıqdır ki, ölkəmizin Cənubi Qafqazdakı indiki mövqe üstünlüyü və Ermənistanın davamlı geosiyasi məğlubiyyəti anti-Azərbaycan qüvvələri həm xaricdə, həm də daxildə ciddi şəkildə əndişələndirir. Xüsusilə AXCP sədri Əli Kərimli ənənəsinə sadiq qalaraq Azərbaycan dövləti əleyhinə sosial şəbəkələrdə «tezislər» tirajlayır. Hətta özünün antimilli çıxışları ilə kifayətlənməyib inhisarına aldığı dağıdıcı düşərgəni də böhtan kampaniyasına sövq edir. Məsələn, o, «cəbhəçi»lərə təlimat verib ki, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi məsələsində rəsmi Bakıya qarşı açıq ittihamlar səsləndirsinlər.

Eyni zamanda, Əli Kərimli tamamilə xarici anti-Azərbaycan qüvvələrin təsiri altındadır. Xüsusilə son zamanlar Qərb ölkələri , xüsusilə də Fransa ölkəmiz əleyhinə təzyiq vasitələrini genişləndirərkən radikal müxalifətdən maksimum dərəcədə yararlanmağa çalışır. Radikallar «qrant» adı ilə çoxsaylı «donor» institutlarından və «yardım» fondlarından maliyyələşirlər. Məsələn, bu gün USAID, NED, Marşall Fondu, IREX və digər onlarla beynəlxalq institutlar məhz bu cür proqramların icraçıları hesab olunurlar ki, bizim dağıdıcı müxalifət də onların ən yaxın «tərəfdaşlarıdır»lar. Yəni, onlar anti-Azərbaycan fəaliyyətlərində AXCP və onun ətrafındakı KİV-lərdən səmərəli yararlanırlar. Fəaliyyətlərini isə «demokratik inkişafa dəstək vermək» kimi hallandırırlar. Ancaq əsl həqiqət isə odur ki, yerli icmaları maddi vəsaitlə şirnikləşdirərək, legitim hakimiyyətlərə qarşı ictimai etimadsızlığa məcbur edirlər.

AXCP sədrinin daha bir statusu isə tamamilə cəfəngiyyatdır. O, yazır ki, bu ölkədə azad, ədalətli seçki olsaydı, xalqımız Vətənində söz sahibi olardı. Siyasi hakimiyyət də xalqa təbəə, istehlakçı kimi yox, hakimiyyətin mənbəyi kimi baxardı. O, hətta daha dərinə gedərək boyundan böyük iddialar və şərtlər irəli sürür: « Azad seçki tələb edirik! Azad seçkilərə yol açacaq, xalq iradəsini ifadə edəcək mitinq meydanı tələb edirik!»

Diqqət edin, görün nə qədər saxta və avantürist fikirlərdir. Haqlı sual yaranır: Əgər azad seçki istəyirdinizsə, nə üçün 2024-cü ilin fevralın 7 də növbədənkənar prezident və sentyabrın 1- də növbədənkənar parlament seçkilərində iştirak etmədiniz? Əksinə sizlər siyasi mübarizənin ən mükəmməl variantı olan seçkiləri daim boykot etməklə cəmiyyətdəki düşük nüfuzunuzu pərdələməklə məşğul oldunuz. Təbii ki, siyasi ekspertlərin də söylədiyi kimi, dağıdıcı müxalifət düşərgəsinin boykot qərarı öz güclərinə inamsızlıqdan, sosial bazalarının yoxluğundan qaynaqlanırdı.

Əli Kərimli statuslarında sərbəst toplaşmaq azadlığından və onun məhdudlaşdırılmasından danışırsa ona ötən illərdə təşkil etdikləri mitinqlərə heç 200-250 nəfər adam gəlmədiyini də xatırlatmağı özümüzə lazım bilirik. Hələ də anlamaq istəmirlər ki, insanlar onlara güvənmirlər. Yəni, radikal müxalifətin bitib- tükənməyən avantürası bumeranq effekti verir. Çünki xalqın gözü tərəzidir. Kimin kim olduğunu yaxşı görür.

Elçin Zaman, «İki sahil»