11 oktyabr 2024 00:31
324

Azərbaycanın Rusiya ilə münasibətləri möhkəm təmələ əsaslanır

Bir sıra erməni ekspertlər, müxalifət nümayəndələri və tanınmış ictimai-siyasi şəxslər MDB dövlət başçılarının iştirak etdikləri mötəbər qurumun belə bir qərar qəbul etməsini Azərbaycanın növbəti diplomatik qələbəsi, Ermənistanın və konkret olaraq Paşinyanın məğlubiyyəti kimi qiymətləndirirlər

Azərbaycan-Rusiya münasibətləri bu gün dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq dinamik inkişaf edir. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin imzaladıqları “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” imzaladığı Bəyannamədən sonra ölkəmizin şimal qonşumuz ilə qarşılıqlı əlaqələri keyfiyyətcə yeni, daha yüksək mərhələyə keçmişdir. Bu gün Kreml Azərbaycanı postsovet məkanında əsas strateji tərəfdaşlarından biri kimi müəyyənləşdirir. Bu siyasi kursun təməlində duran əsas amillərdən biri iki ölkə Prezidentləri arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibətləridir.

Nəzərdən qaçırmaq olmaz ki, Rusiya dünyanın ən güclü dövlətlərindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Bundan əlavə, ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Bu gün Rusiyada milyonlarla azərbaycanlı yaşayır və işləyir, respublikamızda 150 mindən çox azərbaycan vətəndaşını əhatə edən rus icması diqqət və qayğı ilə əhatə olunub və cəmiyyətin tamhüquqlu üzvüdür. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Azərbaycanın kənd-təsərrüfatı məhsullarının ixracı üçün Rusiya əsas bazarlardan biridir. Ona görə də Cənubi Qafqaz regionunda Azərbaycan-Rusiya münasibətlərinin statusundan çox şey asılıdır. İqtisadi sahədə Azərbaycan-Rusiya əlaqələri dərin və müxtəlif yönlüdür. 2024-cü ildə hər iki ölkə arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb, enerji, kənd təsərrüfatı, nəqliyyat və sənaye sahələrində yeni layihələr həyata keçirilib. Azərbaycan və Rusiya arasında imzalanan iqtisadi sazişlər və müqavilələr, təkcə ikitərəfli əlaqələri deyil, həm də regionda iqtisadi inteqrasiyanı gücləndirir.

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 7-də Rusiya Federasiyasına səfəri  iki ölkə arasında dostluq və tərəfdaşlıq əlaqələrinin daha  da irəli getməsinin göstəricisidir. Ölkə rəhbəri Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında vurğulayıb ki, Vladimir Putinlə görüşdə gündəliyə nəzər salmaq və iki ölkə arasında əldə olunmuş həmin razılaşmaların yerinə yetirilməsi üzrə konkret addımları müəyyənləşdirmək üçün daha yaxşı fürsət yaranıb. MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət mərkəzi elan edilib. Bir sıra erməni ekspertlər, müxalifət nümayəndələri və tanınmış ictimai-siyasi şəxslər MDB dövlət başçılarının iştirak etdikləri mötəbər qurumun belə bir qərar qəbul etməsini Azərbaycanın növbəti diplomatik qələbəsi, Ermənistanın və konkret olaraq Paşinyanın məğlubiyyəti kimi qiymətləndirirlər.  Dövlət başçımız çıxışı  zamanı ölkəmiz üçün digər önəmli hadisələrdən danışaraq qeyd edib ki,  növbəti il Azərbaycanda III MDB Oyunları keçiriləcək. Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək. Eyni zamanda bir aydan sonra Bakıda ən böyük beynəlxalq tədbirə - COP29 iqlim konfransına ev sahibliyi etməsinin də əhəmiyyətindən danışan ölkəmizin başçısı vurğulayıb ki, ölkəmiz  200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndirir.

Xalqımızın İkinci Dünya müharibəsində qəhrəmancasına iştirakından danışan Prezident İlham Əliyev deyib ki, Azərbaycan Qələbənin əldə olunmasına sanballı töhfələr verib. Bildirib ki, həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib : « Bütün bunlar həmin dövrdə Azərbaycanda istehsal olunub, göstərilən məhsulların o vaxtlar SSRİ-də ümumi istehsalının faizidir. Azərbaycanda 130 növdən çox silah, sursat və texnika, o cümlədən məşhur «Katyuşalar», «Yak-3» qırıcıları istehsal edilirdi.»

Prezident İlham Əliyev onu da xüsusi vurğulayıb ki, Azərbaycan Böyük Vətən müharibəsi zamanı cəbhəni yalnız neft və silahla təmin etmirdi, həm də Bakıda fəaliyyət göstərən 41 hərbi hospitalda 440 min yaralı müalicə alırdı: « 1942-ci ilin martında, həmçinin Taqanroq adı ilə tanınan 416-cı Azərbaycan atıcı diviziyasının döyüşçüləri and içdilər və Şimali Qafqazdan başlayan döyüş yolunu Berlində başa çatdırdılar.  Xüsusilə  416-cı Azərbaycan atıcı diviziyası 1945-ci il aprelin 21-də birincilər sırasında Berlinin girəcəyinə daxil oldu. Mayın 2-də diviziyanın döyüşçüləri polkovnik Rəşid Məcidovun komandanlığı altında Qələbə Bayrağını Brandenburq darvazası üzərinə sancdılar»

Bütün bunları iclasda həmkarlarına xatırladan Prezident İlham Əliyev bildirib ki, faşizm üzərindəki ümumi Qələbəmiz MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir.

Diqqət çəkən məsələlərdən biri də MDB dövlət başçılarının İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı müraciətinin qəbul edilməsi və  MDB ölkələrində Böyük Vətən müharibəsi illərində hərbi və mülki məhsulların fasiləsiz istehsalında kollektiv töhfəyə görə veriləcək “Əmək Şöhrəti Şəhəri” fəxri adının təsis edilməsi oldu. Birgə Qələbəyə verdiyi əvəzsiz xidmətləri nəzərə alınaraq paytaxtımız Bakının da bu statusa layiq görüləcəyi şübhəsizdir.

Bakının Kremllə qarşılıqlı münasibətləri təkcə ikitərəfli əlaqələrlə məhdudlaşmır. Azərbaycanla  Rusiya arasında daha geniş müstəvidə - bir neçə nüfuzlu və artıq dünyanın real güc mərkəzlərinə çevrilən beynəlxalq və regional təşkilatlarda da faydalı əməkdaşlığı mövcuddur. Hazırda Azərbaycan Rusiyanın mühüm mövqeyə malik olduğu Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) dialoq tərəfdaşı statusuna sahibdir və gələcəkdə bu quruma üzv olmaq niyyətindədir. Bu gün isə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasında növbəti ünvan BRICS-dir. Dünya miqyasında çox geniş coğrafiyanı əhatə edən bu beynəlxalq qurum Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası (CAR), Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır. Qeyd edək ki, iyulun 3-də ŞƏT-in Astanada keçirilən Zirvə toplantısı çərçivəsində Azərbaycan tərəfinin BRICS-ə daxil olmaq arzusu ifadə edilib və Çin tərəfindən BRICS əməkdaşlığında Azərbaycanın iştirakı alqışlanıb. Bu məsələ cari ilin avqustunda Azərbaycanda dövlət səfərində olan Rusiya Prezidenti Vladimir Putinin mətbuata bəyanatında da öz ifadəsini tapıb. MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində isə Rusiya lideri Prezident İlham Əliyevin oktyabrın 23-24-də Kazanda BRICS xətti ilə BRICS plyus-autriç tədbirlərində Azərbaycanın da öz iştirakını təsdiq etmiş 25 ölkə arasında olduğunu bildirmişdir.

Göründüyü kimi, Azərbaycan və Rusiya prezidentləri arasında etibar və dostluğun olması hər iki dövlət başçısının açıq siyasət yürütməsi ilə bağlıdır.

Şəmsiyyə Əliqızı, “İki sahil”