11 oktyabr 2024 16:49
449

Milli Məclis və Özbəkistan parlament sədrlərinin görüşü olub

Tacikistan Respublikasında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Düşənbə şəhərində Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.

“İki sahil” xəbər verir ki,  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, görüşdə dost və qardaş ölkələrimiz arasında münasibətlərin dinamik inkişafından məmnunluq ifadə olunub.

Söhbət zamanı dost ölkələrimiz arasında əməkdaşlığın dinamik inkişafının qanunvericilik orqanları arasında da əlaqələrin daha da genişlənməsini şərtləndirdiyi diqqətə çatdırılıb. Parlamentlərimiz arasında əməkdaşlığın daha da dərinləşməsində cari ildə imzalanan Azərbaycan Respublikası Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisi Senatı arasında parlamentlərarası əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üçün praktiki tədbirlər planının ("Yol Xəritəsi") əhəmiyyəti xüsusilə qeyd edilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər mövzular haqqında fikir mübadiləsi aparılıb.