12 oktyabr 2024 18:57
199

Müstəqil Dövlətlər Birliyinin möhkəm dostluq əlaqələri vardır

Cari ilin oktyabrın 8-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iclasdakı nitqində bir sıra tarixi faktları diqqətə çatdırıb. Qeyd olunub ki, bu gün MDB dövlət başçılarının İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı müraciəti qəbul ediləcək. Azərbaycan ümumi qələbəmizə sanballı töhfə verib. Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Bütün bunlar həmin dövrdə Azərbaycanda istehsal olunub, göstərilən məhsulların o vaxtlar SSRİ-də ümumi istehsalının faizidir. Azərbaycanda 130 növdən çox silah, sursat və texnika, o cümlədən məşhur “Katyuşalar”, “Yak-3” qırıcıları istehsal edilirdi. 
Bütün qeyd olunan fakltar onu göstərir ki, Azərbaycan xalqı və dövləti hər zaman dostluq ənənələrinə sadiq olub. Xalqımızın böyük qəhrəmanlıq tarixi vardır. Bəli, bizim 9 May ümumi Qələbəmiz MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir. Azərbaycan bu əməkdaşlığa böyük əhəmiyyət verir.  Məlum olduğu kimi, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb. 
Ümumilikdə qeyd edə bilərik ki, MDB dövlətləri arasındakı səmimi dostluq və əməkdaşlıq münasibətləri məhz bir çox sahələr üzrə qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi işinə də öz layiqli töhfəsini verəcək.
İlham Məmmədov, Milli Məclisin deputatı