14 oktyabr 2024 02:26
97

Laçına Böyük Qayıdış

Laçın rayonu 1992 ci il mayın 18-də Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən qüvvələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində Laçın rayonu əhalisi etnik təmizləməyə məruz qalmış,77000 nəfərdən artıq Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdır. Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilmiş 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssəsi, 462 ticarət,30 rabitə,2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələrini talan etmişlər. 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalmış, 264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur.

Qeyd olunmalıdır ki, Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəlikləri pozaraq daim Laçın rayonunu onlara dəhliz kimi verilməsi mövqeyindən çıxış edərək Laçın rayonunda coğrafi adları dəyişdirmiş,rayonun təbii resurslarını talan etmiş,əksəriyyəti Suriyadan olan 13 mindən artıq erməni əsilli qaçqınları rayonun ərazisində  məskunlaşdırmışdır. Laçının işğalı Qarabağda Azərbaycanın strateji mövqeyinə çox ağır zərbə oldu ,çünki Laçının işğalı ilə Ermənistanla Qarabağdakı separatçıları arasında birbaşa əlaqəni təmin edən dəhliz yarandı. Ermənistanın təcavüzkar hərəkətləri nəticəsində Kəlbəcər, Ağdam,Ağdərə,Cəbrayıl,Füzuli,Qubadlı və Zəngilan rayonları işğal edilmişdir. Ermənistanın kəskinləşən  hərbi təcavüzü şəraitində BMT-nin təhlükəsizlik şurası 1993-cu ildə 822, 853, 874, 884 saylı qətnamələri qəbul edərək Azərbaycan ərazilərinin işğalını pisləyib Azərbaycanın ərazi bütovlüyünü, suverenliyini bir daha təsdiq edərək işğalçı qüvvələrin zəbt olunmuş ərazilərdən dərhal qeyd-şərtsiz və tam çıxarılmasını tələb etdi. Lakin Ermənistan Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirmədi.

Noyabr 10-da imzalanmış üçtərəfli Bəyanat Ermənistanın məğlubiyyəti haqqında kapitulyasiya aktıdır.  Bu gün bütün dünyada sözümüz keçərli və başımız ucadır. Bu Azərbaycan ordusunun gücüdür.26 avqust – azad,abad Laçın şəhərinin qürur günüdür. Prezident İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq hər il 26 avqust tarixi təntənəli şəkildə qeyd edilir. Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan ordusunun Laçın şəhərində yerləşməsi ilə əlaqədardır. Bütün laçınlılar üçün acı xatirələr tarixin arxivinə çevrilmiş 18 may 1992 ci il tarixi nə qədər ağır olsada 2023 cü il Laçına böyük qayıdışın başlanğıc ili kimi sevincli və qürurludur.

Yeganə Əbdülrəhmanova,
Bakı şəhəri Xətai rayonu T.Bağırov adına 59 nömrəli tam orta məktəbin tarix fənn müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü