14 oktyabr 2024 16:19
292

"Sərhədçi"nin baş məşqçisi komandanın hazırlığını dəyərləndirib

"Sərhədçi" basketbol klubunun baş məşqçisi Evren Alkaya "Abşeron"la keçirilən yoldaşlıq görüşündən sonra komandanın hazırlığını dəyərləndirib.

“İki sahil” xəbər verir ki, klubun mətbuat xidmətinə danışan türkiyəli mütəxəssis matçın əvvəlində yaxşı oynamadıqlarını bildirib.

O, sonradan toparlandıqlarını vurğulayıb: “Çox mübarizəli oyun oldu. İki komanda da çempionata hazır görünürdü. Bu matçlar komandalara müsbət təsir edir. Biz hesabda geri düşdük. Matçın əvvəlində hücumlara çıxış yaxşı alınmadı. İlk yarının sonuna qədər istədiyimiz kimi oyun göstərib bərabərliyi təmin etdik. Birinci hissədən sonra da düşündüyümüz hücumları həyata keçirib qalib gəldik".

Məşqçi yaxşı mübarizə üçün əllərindən gələni əsirgəməyəcəklərini söyləyib: “Abşeron”u çox yaxşı gördüm. Erhan Koç komandanı yaxşı hazırlayıb, çempionata rəng qatacaqlarını düşünürəm. Onlara uğurlar arzulayıram. Biz də yaxşı mübarizə aparmaq üçün əlimizdən gələni edəcəyik. Oyunçularım yaxşı mübarizə apardılar. Bu gün meydanda “döyüşən” komanda var idi. Qazandıq və buna sevinirəm”.