16 oktyabr 2024 03:10
287

“Robotaxi” necə olacaq?

Yaxın gələcəkdə Tesla model xətti iki qeyri-adi elektrik avtomobili ilə tamamlanacaq. İlon Maskın şirkəti sükan çarxı və ya pedallar ilə təchiz olunmayan və müəlliflərin fikrincə, tamamilə avtonom olan “Robotaxi” adlı ikiqapılı liftbekin prototipini təqdim edib.

Hələlik avtomobil haqqında çox az detal var. Məlumdur ki, yeni məhsul 2026-cı ildə istehsala buraxılmalıdır. Onun qiyməti 30 min dollardan aşağı olacaq. “Robotaxi”nin simsiz enerji ilə doldurulması təklif olunur.

Şəkillərə əsasən, “Cybercab” adlanan avtomobil həm brendin mövcud sərnişin elektrik avtomobillərindən, həm də “Cybertruck” pikapından dizayn elementlərini götürüb. Bundan əlavə, o, kəpənək qanadlı qapılar və böyük bir baqaj ilə təchiz edilmişdir.

İnteryer hər hansı bir idarəetmənin olmamasına məhəl qoymasaq, mərkəzdə böyük ekranla Tesla-nın adi minimalist üslubunda hazırlanmışdır.

Tədbirdə Robotaxi ilə birlikdə daha bir avtomobil təqdim olunub. Onun adını Robova qoyublar. Əslində, bu, futuristik görünüşə malik avtonom avtobusdur. Maska görə, 20-yə qədər sərnişin daşıya bilər və ya yük maşını kimi istifadə edilə bilər. Tesla rəhbəri heç bir texniki məlumatı və  istehsal tarixini açıqlamayıb.

Nubar Süleymanova, “İki sahil”