16 oktyabr 2024 10:15
218

Azad olunmuş ərazilərimiz şəhərsalmanın müasir təcrübəsini dünyaya təqdim edir

Dövlət başçısı İlham Əliyev bildirir ki,  biz gəlməli idik, qayıtmalı idik. Gəlmişik və qayıtmışıq

Tarixi Zəfərimizə gedən yolun başlanğıcı kimi dəyərləndirilən, 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsinin davam etdiyi 44 günün hər günü tariximizə zəfər günü kimi yazıldı. Bu tarixdən bizləri 4 illik zaman ayırsa da daim 30 illik işğal dövrünün reallıqlarının təhlili əsasında  44 günlük İkinci Qarabağ müharibəsinə diqqət yetirilir, sonda ədalətin zəfər çaldığı xüsusi qeyd edilir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağın işğalı dövründə də bəzi hallarda hər birimiz məyusluq və inamsızlıq hissləri yaşamışıq. Hər birimizin qəlbini incidən bu ədalətsizlik bizə sanki əbədi olacaq kimi gəlirdi. Amma o fikirləri biz özümüzdən hər zaman uzaqlaşdırırdıq, inamla yaşayırdıq və onu da bilirdik ki, ədaləti bərpa etmək bizim öz işimiz olmalıdır. Heç kim bizim əvəzimizə bu ədaləti bərpa etməyəcək, heç kimin belə niyyəti də, istəyi də olmamışdır. Biz hər dəfə qarşıya hədəflər qoymalıyıq. Bu hədəflər həm stratejidir, həm taktikidir, həm qısamüddətlidir, həm uzunmüddətlidir. Amma hədəflər düzgün seçilməsə, heç bir nəticəyə nail olmaq mümkün olmayacaq. Hədəflər həm həqiqəti, ədaləti və həm də real vəziyyəti, real gücümüzü əks etdirməlidir. Nə qədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək: «Bu gün antiterror əməliyyatından keçən il ərzində biz bunu görürük. Əslində, birinci həftələr, birinci aylar ərzində bizə qarşı nə qədər əsassız ittihamlar irəli sürülürdü, bizə sanksiyalar tətbiq edildi. Daha böyük sanksiyaların tətbiq edilməsi üçün böyük dövlətlər, - hər halda, özlərini belə sayanlar, - bizə qarşı müxtəlif beynəlxalq platformalarda açıq hücuma keçmişdilər, soyuq müharibə başlamışdır. Bu gün də bu, davam edir. Antiterror əməliyyatının ildönümü ərəfəsində biz yenə də nə qədər genişmiqyaslı şər, böhtan kampaniyası ilə üzləşdik. Bu, bizim iradəmizə təsir edə bilər? Heç vaxt! Çünki bizim işimiz haqq işidir və bizim işimizi Azərbaycan xalqı dəstəkləyir. Əslində, bu, Azərbaycan xalqının işidir. Qarabağı, Şərqi Zəngəzuru azad etmək, suverenliyi tam bərpa etmək Azərbaycan xalqının iradəsi hesabına, qəhrəman övladlarımızın qəhrəmanlığı, şücaəti hesabına mümkün olmuşdur.»

   Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına İkinci Qarabağ  müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı.

Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı.  Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu.

  Bu gün işğaldan azad edilmiş ərazilərimizin hər biri erməni vəhşiliklərinin təqdimatıdır. 30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilmiş, mədəni irsimizə böyük zərbə vurulmuş, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalmışdır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli  Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanıldı.  Əsas hədəf budur ki, Böyük Qayıdış Proqramının birinci mərhələsinin başa çatacağı 2026-cı ilədək 140 min keçmiş məcburi köçkün doğma yurd-yuvasına qayıtsın. Hazırda 8 mindən artıq soydaşımız doğma yurdlarına qovuşublar. Zəngilan rayonunun Ağalı,  Tərtər rayonunun Talış, Laçın rayonunun Sus və Zabux kəndlərinə, həmçinin Füzuli, Laçın, Şuşa, Xocalı və Cəbrayıl şəhərlərinə məcburi köçkünlərin qayıdışı təmin olunub və bu istiqamətdə işlər davam etdirilir.

  Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə imzalanan Sərəncama uyğun olaraq 17 oktyabr Füzuli Şəhəri Günüdür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, biz Ordumuzla fəxr edirik. Onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir.

   44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi 27 sentyabr-10 noyabr tarixlərini əhatə edən 44 günə diqqət yetirsək hər günün müjdələrlə zəngin olduğunu görərik. Prezidentin şəhər günlərinin təsis olunması ilə bağlı Sərəncamı da bu qürurlu anların təqdimatında, yaddaşlara həkk olunmasında əhəmiyyətli rol oynayır. Təkcə oktyabr ayında zəfərlərimizə diqqət yetirək. 4 oktyabr Cəbrayıl,  17 oktyabr  Füzuli,  20 oktyabr  Zəngilan,  25 oktyabr  Qubadlı Şəhəri Günüdür.  

   Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tarixi Zəfərimizdən sonra  işğaldan azad edilmiş ərazilərə ilk səfərləri məhz Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə oldu. İlk səfər bərpa işlərinə start verilməsi ilə yadda qaldı. İlk olaraq infrastruktur layihələrinin icrasına başlanıldı. Füzuli-Şuşa yolunu Zəfər yolu kimi dəyərləndirən cənab İlham Əliyev bu yolun tikintisi ilə bağlı tapşırıq verdi.  Zəfər yolunun tikintisinin qısa vaxtda həyata keçirilməsi Azərbaycan xalqının qazandığı parlaq Qələbənin simvoludur. Ali mühəndislik düşüncəsinin, yüksək texnoloji imkanların istifadə olunduğu bu layihə ilin bütün fəsillərində çətin relyef şəraitində, keçilməz dağ yolları yarılaraq həyata keçirildi. Belə bir qısa vaxtda icra olunan və dünyada analoqu olmayan layihə Azərbaycan dövlətinin gücünü, onun malik olduğu potensialı və ən əsası Prezident İlham Əliyevin qətiyyətini bütün dünyaya göstərdi. Şanlı ordumuzun ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdiyi cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən və Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Zəfər yolu adlandırılan avtomobil yolunun inşası dövlətimizin başçısının daimi nəzarəti altında icra olundu. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürən 101 kilometrlik Zəfər yolu Qarabağın tacı olan Şuşa şəhərinə qədər uzanır. Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən Zəfər yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla bu rayonların onlarla yaşayış məntəqəsini əhatə edir. Bu layihə həm də ona görə müstəsna əhəmiyyət daşıyır ki, o, ilk növbədə, öz doğma yurdlarına qayıdacaq insanların rahatlığının təmin olunmasına, onlar üçün yüksək səviyyəli həyat və yaşayış standartının yaradılmasına xidmət edir.

    Digər qürurverici məqam isə tarixi Zəfərimizdən  cəmi 8 ay sonra  Füzulidə inşa edilən beynəlxalq hava limanının istifadəyə verilməsi oldu. Qarabağın hava qapısını iki dost, qardaş Azərbaycan və Türkiyənin  prezidentləri dünyaya açdılar. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının dünyaya növbəti təqdimatı oldu.  2021-ci ilin  sentyabrın 5-də Bakıdan havaya qalxan “Airbus A340-500” tipli “Qarabağ” sərnişin təyyarəsi Qarabağda yeni inşa olunmuş ilk və möhtəşəm hava limanında eniş etdi. Bu hadisə ölkəmizin siyasi-hərbi və iqtisadi qüdrətinin bir daha  təsdiqidir. Bəlkə də dünyanın heç bir yerində belə qısa müddətdə hava limanı inşa edilməyib. Prezident İlham Əliyev həmin ilin yanvarında  hava limanının  təməlini qoyan zaman bildirmişdir ki,  əsas məqsədlərdən biri də  xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. Çünki buradan Şuşaya olan məsafə o qədər də uzaq deyil. Qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər.  Füzulidə açılan hava limanı həm də Qarabağda istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxımından olduqca vacibdir.

   Ümumilikdə işğaldan azad edilmiş ərazilərdə üç beynəlxalq statusa malik olan hava limanının inşası, artıq iki aeroportun istifadəyə verilməsi, üçüncünün istifadəyə verilməsi 2025-ci ilin əvvələri üçün nəzərdə tutulması bu ərazilərin strateji əhəmiyyətinə işıq salır. Füzulidə, Laçında və Zəngilanda aeroportların olması Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının regionun aparıcı mərkəzlərinə çevrilməsinə imkan yaradacaq.

    İşğaldan azad edilmiş digər ərazilərimiz kimi, Füzuli də dirçəlir, sakinlərin rahat yaşayışı üçün bütün zəruri addımlar atılır. Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizdən sonra  Füzuli rayonuna ilk səfəri zamanı bu çağırışları etmişdir ki,  biz Füzuliyə qayıtmışıq. Ancaq indi yol boyunca dağıdılmış kəndləri və Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır. Vəhşilər bizim şəhərimizi nə günə salıblar?! Evləri, bütün infrastrukturu dağıdıblar, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir və bütün dünyaya biz bunu göstərəcəyik. Təkcə Füzuli yox, Ağdam şəhəri, başqa şəhərlər  nə gündədir.  Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib: «Hər şeyi dağıdıb, talan edib, bizim mədəni, tarixi, dini irsimizi silmək istəyib, ancaq istədiyinə nail ola bilməyib. Çünki biz gəlməli idik, qayıtmalı idik. Gəlmişik və qayıtmışıq. Düşməni qovmuşuq torpaqlarımızdan, Azərbaycanın Dövlət Bayrağını ucaltmışıq. Bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlər boyu biz yaşamışıq, bizim xalqımız yaşayıb.»

    Cənab İlham Əliyevin keçmiş məcburi köçkünlərlə görüşlərində Azərbaycan xalqının 30 illik işğal dövründə faciələrlə, torpaqlarımızın vəhşiliklərlə üz-üzə qaldığı önə çəkilərək bu reallıq da diqqətə çatdırılır ki, bu dağıntılar  bir müddətdən sonra söküləcək, bunların yerində yeni binalar inşa ediləcək. Ancaq bu mənzərə heç vaxt  yadımızdan çıxmamalıdır. Çünki bu işlərdə təkcə Ermənistan günahkar deyil. Əlbəttə, Ermənistan əsas günahkardır. Amma o günahı bölüşənlər onların arxasında o vaxt da, bu gün də duranlardır. Bu gün Ermənistanı silahlandıran Qərb ölkələri görəsən nə fikirləşirlər? Hesab edirlər ki,  buna göz yumacağıq? Yoxsa ki, biz gözləyəcəyik ki, bax, bu binalar da bu günə düşsün? Xeyr, gözləməyəcəyik. Heç kim bizi çəkindirə bilməz. Biz öz gələcək inkişafımızı, təhlükəsiz həyatımızı təmin etməliyik və təmin edəcəyik! Ermənistana  burada, dağıntılar arasında xəbərdarlıq edirəm: dayandırın bu təhlükəli oyunları! Bir tərəfdən sülhdən danışırlar,  digər tərəfdən genişmiqyaslı silahlanma gedir: «Silahları da kim verir onlara? Fransa və onun kimi anti-Azərbaycan ölkələr. O silahlar nə üçün onlara pulsuz verilir? Yəni, dediyim kimi şəhər-kəndlərimizi yenə də bax, bu vəziyyətə salmaq üçün. Nə qədər çalışsalar da, heç nə alınmayacaq. Ancaq bu gün Cənubi Qafqazı rahat buraxsınlar, əl çəksinlər, getsinlər öz işləri ilə məşğul olsunlar, öz problemləri ilə məşğul olsunlar, öz qanlı keçmişlərini yusunlar, öz günahlarını yumağa çalışsınlar. Bu gün əzab verdikləri 100 minlərlə insanın müstəqilliyini bərpa etsinlər, müstəmləkəçilik siyasətinə son qoysunlar, xalqları əzməsinlər, hər yerə burunlarını soxmasınlar. Xəbərdarlığım budur və hesab edirəm ki, bunu eşidən və buna əməl edən səhv etməz.»

   Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər bir səfəri gələcəyə yönələn mühüm çağırışlarla zəngindir. Azərbaycan tarixi Zəfərimizdən sonra regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün qarşı tərəfə sülh təklifini etdi. Təbii ki, bu, bu günədək baş verənləri, erməni vəhşiliklərini unutmaq anlamına gələ bilməz. Cənab İlham Əliyevin hər bir çıxışında bu gün yazdıqları tarix ilə  dünyaya Azərbaycan xalqının yenilməzliyini, məğrurluğunu, ordumuzun gücünü, qüdrətini nümayiş etdirən qəhrəmanlarımızın həyat yolunun bir dastan olduğunu önə çəkərək  indiki və gələcək nəsillərin bunları heç zaman unutmamalarına çağırışlar edir. Cənab İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdən xalqa müraciət edərkən daim bildirir ki,  burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq.

   Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş ərazilərə ilk səfəri zamanı səsləndirdiyi « Şəhərsalma üzrə mütəxəssisləri - həm Azərbaycan mütəxəssislərini, həm xarici mütəxəssisləri dəvət edəcəyik. Onlar da gələcəklər, yeni bir şəhərsalma planı qurulacaqdır. Kəndlərin, şəhərlərin, infrastrukturun, ekologiyanın bərpası – bütün bu planlar var. Hamısını icra edəcəyik, İnşallah, hamısını! Allahın köməyi ilə hamısını icra edəcəyik. Necə ki, torpaqlarımızı qaytardıq, düşməni məhv etdik, bu üçrəngli bayrağımızı ucaltdıq, bütün qalan məsələləri də həll edəcəyik» hədəfi artıq reallıqda əksini tapıb. Qısa müddətdə ölçüyəgəlməz işlər görülüb.  Bu gün işğaldan azad edilmiş bütün şəhər və kəndlərimiz müasir tələblər səviyyəsində yenidən qurulur, bərpa edilir. Azərbaycan «ağıllı şəhər» və «ağıllı kənd» layihələrinin icrasını uğurla həyata keçirməklə yenilikləri ilə dünyanın diqqətindədir. Şəhərsalmanın müasir təcrübəsini təqdim edən Azərbaycanın  azad edilmiş torpaqlarının bu gün beynəlxalq tədbirlər üçün ideal məkan qəbul olunması özündə bütün məqamları ehtiva edir. Ağdam və Zəngilan şəhərlərində Azərbaycan Milli Şəhərsalma Forumları keçirildi. Bu tədbirlər iştirakçılara  30 il işğal altında qalan torpaqlarımızda törədilən erməni vəhşiliklərini yaxından görmək imkanı qazandırır. Dövlətimizin başçısı torpaqlarımızda törədilən dağıntılardan geniş bəhs edərək bu çağırışı edir ki, bunu görmək istəməyən, Ermənistana bu gün də dəstək verən, onların işğalçılıq siyasətinə bəraət qazandıran bəzi Qərb dövlətləri də gözlərini geniş açıb baxsınlar. Görürlər, amma görməzliyə vururlar. 

 Son dörd il tariximizə azad edilmiş torpaqlarımızın dirçəldilməsi, cənnət məkana çevrilməsi üçün atılan addımlarla, soydaşlarımizın mərhələ-mərhələ bu ərazilərə qayıdışı ilə yadda qaldı. Əldə olunan nəticələr növbəti illərin aydın mənzərəsini yaradır. Bu torpaqlara  davamlı şəkildə yola salınan köç karvanları dünənimizdən bugünümüzə, bugünümüzdən gələcəyə  istiqamətlənən yolun təqdimatında öz sözünü deyir. Növbəti köçün Xankəndiyə, Kəlbəcərə olacağını səbirsizliklə gözləyirik.

Yeganə Əliyeva, “İki sahil”