16 oktyabr 2024 16:03
87

UNEC tələbələrinin startaplara cəlb edilməsi genişləndirilir

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov “TEKNOFEST 2024”ün qalibi olan Rəqəmsal iqtisadiyyat fakültəsinin kompüter elmləri ixtisasının II kurs tələbəsi Aşurbəy Məmmədzadə ilə görüşüb.

UNEC-dən "İki sahil"ə bildirilib ki, görüşdə Aşurbəy Məmmədzadə qalib olduğu layihə və qələbəyə aparan yol barədə təəssüratlarını rektorla bölüşüb. O bildirib ki, Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “TEXNOFEST”də bu il 788 min 161 komanda və 1 milyon 630 min iştirakçı ilə rekord say qeydə alınıb. Türkiyənin Boğaziçi, İstanbul Texniki və digər aparıcı universitetlərinin qatıldığı yarışda onun rəhbəri olduğu “Versetech” komandası “PsychoAI” layihəsi ilə “Psixologiyada texnoloji tətbiqlər” kateqoriyasında 76.88 xal toplayaraq, 80 min TL qazanıb.

A.Məmmədzadə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, “Baykar” şirkətinin İdarə Heyətinin rəhbəri Selcuk Bayraktarın, eləcə də ölkəmizin dövlət qurumlarının rəhbərlərinin onların stendinə yaxınlaşaraq layihə ilə maraqlandıqlarını bildirib. Türkiyənin Adana şəhərində keçirilən mükafatlandırılma mərasimində isə Türkiyə Prezidenti tərəfindən medal və kubokla təltif edildiyini deyib.

Rektor UNEC-in hər zaman tələbələrinin uğurları ilə qürur duyduğunu, onlara bu istiqamətdə universitet tərəfindən daim dəstək göstəriləcəyini bildirib. UNEC tələbələrinin startaplara cəlb olunmasının əhəmiyyətindən söz açan rektor universitetdə İsrail təcrübəsi əsasında İnnovativ Biznes İnkubatorun, eləcə də Rəqəmsal iqtisadiyyat fakültəsi nəzdində tələbə klublarının fəaliyyət göstərdiyini deyib.

Görüş zamanı UNEC-də startap hərəkatının daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.