17 oktyabr 2024 00:57
102

Gürcü xalqı birliyi ilə xarici müdaxilələrə "yox" deyəcək!

26 oktyabr 2024-cü ildə qonşu ölkədə keçiriləcək parlament seçkiləri Cənubi Qafqazda sabitliyin etibarlı qarantı olacaq

Müstəqilliyinin ilk günlərindən xarici siyasətini bütün dövlətlərlə qarşılıqlı hörmət və etimad prinsipləri əsasında formalaşdıran və təkmilləşdirən Azərbaycanın qonşu Gürcüstanla strateji tərəfdaşlığı bölgədə sabitliyin möhkəmlənməsinə önəmli töhfələr verir. Hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri əsrlər boyu, xüsusilə müstəqillik illərində dinamik inkişaf edib, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq yüksək səviyyədə formalaşıb.

Azərbaycanın təşəbbüsü və müəllifliyi ilə dünyanın enerji və nəqliyyat xəritəsini dəyişən layihələrin istifadəyə verilməsində etibarlı tərəfdaş kimi birgə fəaliyyət göstərən Azərbaycan-Türkiyə-Gürcüstan birliyi bölgədə sabitliyin etibarlı qarantıdır. Respublikamızın enerji resurslarının dünya bazarlarına çıxarılmasında, Şərq-Qərb dəhlizi üzrə yüklərin daşınmasında ən önəmli tərəfdaş, tranzit bölgə kimi maraq doğuran Azərbaycanın rəsmi Tbilisi ilə xüsusi əhəmiyyət daşıyan əməkdaşlığı hər iki ölkənin tarixi köklərə, zəngin ənənələrə malik əlaqələrini daha da gücləndirir, müasir dövrün tələblərinə uyğun zənginləşdirir.

Hər iki ölkənin birgə səyi ilə reallaşan beynəlxalq əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən sonra daha da intensivləşən sağlam münasibətlər yaşıl enerji siyasətinin aktuallaşmasını daha da intensivləşdirir. Dünya siyasətinin diqqət mərkəzində olan Cənubi Qafqazda sabitliyin yaranmasına etimadı artırır.

Günümüzün təkzibolunmaz reallığı olan, regionda sülhün və sabitliyin qorunmasına önəmli töhfələr verən hər iki qardaş ölkənin dünyanın yeni coğrafiyasında mövqelərinin möhkəmlənməsi ilə Cənubi Qafqaz dünyanın siyasi mərkəzinə çevirilib.

Prezident İlham Əliyevin bir il bundan əvvəl dost, qonşu ölkəyə rəsmi səfəri, keçirilən görüşlərdə Azərbaycanla Gürcüstan arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu təsdiqləyən bəyanatların səslənməsi bir daha göstərdi ki, sağlam, qarşılıqlı etimada, möhkəm təməllərə əsaslanan, zamanla daha da inkişaf edən dövlətlərarası münasibətlər XXI əsrin ən qlobal enerji və nəqliyyat layihələrinin reallaqmasına münbit şərait yaradıb. Ölkələrimiz arasında parlamentlər səviyyəsində əməkdaşlıq qanunverici orqanlarda yaradılan dostluq və işçi qrupları tərəfindən həyata keçirilir. Azərbaycanla Gürcüstanın beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı etimada əsaslanan fəaliyyəti zəngin təcrübə, qarşılıqlı etimad əsasında davam edir. Azərbaycan ilə Gürcüstan arasında iqtisadi sahədə də münasibətlər yüksək səviyyədədir. İqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya 2004-cü ildən fəaliyyət göstərir.
Hər iki ölkənin Tarixi İpək Yolu üzərində yerləşməsi, irimiqyaslı enerji və nəqliyyat layihələrinin icrasında birgə fəaliyyət, uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir.

Dünya siyasətinin daimi, aktual mövzusu olan geosiyasi və geostrateji əhəmiyyətli məsələlərin, Orta Dəhliz layihəsinin əsasını təşkil edən irimiqyaslı enerji və nəqliyyat layihələrinin yeni keyfiyyət baxımından müzakirəsində , icra mexanizminin müəyyənləşdirilməsində bölgə dövləti kimi xüsusi önəm daşıyan Azərbaycanla Gürcüstana artan maraq təsadüfi deyil. Hər iki ölkənin iqtisadi inkişafını intensivləşdirən, dövrün önəmli layihələrindən olan yaşıl enerji dəhlizlərinin reallaşmasında xüsusi əhəmiyyətə malik rəsmi Bakı ilə rəsmi Tbilisi arasındakı səmimi münasibətlərin təməl prinsiplərindən qürurla söz açan Prezident İlham Əliyev tarixi şəxsiyyətlər olan Ulu Öndər Heydər Əliyevlə Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze arasındakı səmimi münasibətləri bugünkü nəsil üçün nümunə adlandıraraq ənənəvi dostluğun daha geniş mənada davamının əhəmiyyətini diqqətə çatdırır: «Bu iki parlaq şəxsiyyət sovet dövründə də öz istedadı, öz cəsarəti və öz xalqlarına olan bağlılığı ilə fərqlənirdi. Tale elə gətirdi ki, onlar təxminən eyni vaxtda müstəqil Gürcüstana və müstəqil Azərbaycana rəhbərlik etməyə başladılar. Xalqlarımız üçün ən ağır dövrdə, - o acı və ağrılı günləri biz xatırlayırıq, - məhz onların liderliyi sayəsində həm Gürcüstan, həm Azərbaycan inamla müstəqilliyə doğru addımlamağa başlamışdır. Məhz onların fəaliyyəti nəticəsində müstəqil Gürcüstan, müstəqil Azərbaycan inkişaf etməyə başlamışdır.»

Son illərdə Cənubi Qafqazın hər iki ölkəsi arasında möhkəmlənən dostluq dünya dövlətlərinin, xüsusilə Avropa ölkələrinin enerji təhlükəsizliyinin möhkəmlənməsinə önəmli töhfələr verir. Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılması Orta Dəhlizin coğrafi imkanlarını daha da çoxaldacaq. Anakliya limanının inşası, Azərbaycanın Gürcüstanın Qara dəniz sahilindəki Kulevi limanının genişləndirilməsi ilə əməkdaşlıq daha da gücləndiriləcək. Hər iki ölkənin maraqlarına xidmət edəcək yaşıl enerji potensialının artması ilə Avropa dövlətləri ilə əməkdaşlıq , qlobal enerji və nəqliyyat layihələrinin coğrafiyası genişləndiriləcək. Böyük sərmayə qoyuluşu tələb edilən yaşıl enerji dəhlizi tərəfdaş ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək.

Hər iki ölkənin iqtisadi inkişafına böyük təsir imkanları olan Orta Dəhliz layihəsinin reallaşması, əlaqələrin daha da intensivləşməsi, dəmir yollarının müasirləşdirilməsi, limanların inşası və genişləndirilməsi, avtomobil yollarının yenidən qurulması bütünlükdə Cənubi Qafqazın dünya birliyində önəmini daha da artıracaq. Artıq dünya miqyasında etibarlı tərəfdaş kimi tanınan Azərbaycan şirkəti SOCAR Gürcüstanda uğurla fəaliyyət göstərir. Şirkət dost ölkədə yüz minlərlə abonenti təbii qazla təmin edir. Gürcüstanla energetika sahəsində əməkdaşlığın yeni istiqamətləri üzrə birgə fəaliyyətin daha da genişlənəcəyini bildirən Prezident İlham Əliyev Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın birgə iştirakı ilə hazırlanan Sazişin əhəmiyyətini xüsusilə diqqətə çatdırır.

Dost ölkələr arasında ikitərəfli əlaqələrin önəmli hissəsi nəqliyyatla bağlıdır. Bu sahədə də işlər uğurla davam etdirilir. Orta Dəhlizin həyata keçirilməsində Gürcüstan və Azərbaycan uğurla fəaliyyət göstərirlər. Əlbəttə ki, növbəti mərhələdə yükdaşımaların həcminin artırılması istiqamətində əlavə addımlar nəzərdə tutulur. Gürcüstan-Azərbaycan əlaqələrində müdafiə sənayesi, təhsil, mədəniyyət, turizm, texnologiyalar, kənd təsərrüfatı da mühüm əhəmiyyət daşıyır, ticarət dövriyyəsi ildən-ilə artır. Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi, koordinasiya şəklində həll olunan Orta Dəhliz layihəsinin inkişafı ilə Azərbaycanın yaşıl enerji potensialının Avropaya nəqli imkanları artır. Belə ki , Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Başqa sözlə deyilsə, təkcə iqtisadi amillərlə deyil, tarixi köklərlə birləşən Azərbaycan və gürcü xalqları arasındakı mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələrinin inkişafına da etibarlı təminat yaradır.

Tam əminliklə demək olar ki, iki dost ölkənin böyük məna daşıyan, birlikdə icra etdikləri layihələr təkcə Cənubi Qafqaz regionu üçün deyil, geniş mənada Avrasiya üçün gərəklidir. «Bizdə həm güclü siyasi iradə var, artıq yaradılmış güclü infrastruktur var. Ən əsas amil isə Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığıdır» söyləyən Prezident İlham Əliyev bunun üçün Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtının çatdığını bildirir. 44 gün davam edən İkinci Qarabağ müharibəsində işğalçı Ermənistan üzərində Qələbə qazanan Azərbaycanın Cənubi Qafqazda reallaşdırdığı siyasi vəziyyət bölgədə sabitlik üçün etibarlı təminat yaratmaqla bu dostluğu daha da gücləndirir. «Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və bir çox sahələr üzrə əməkdaşlıq çox uğurlu ola bilər, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu, bütün bunlar, mümkündür» söyləyən Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını bölgədəki gərginliyin normallaşmaya doğru addımlar kimi dəyərləndirir. Bu vəziyyətin sağlam düşüncə, heç kimin təsiri və təzyiqi olmadan həllinin məqamının çatdığını bildirən dövlət başçımız İlham Əliyev bu şansı dəyərləndirmənin mümkünlüyünü, yollarını da diqqətə çatdırır: Birtərəfli və qərəzsiz istənilən vasitəçilik qəbul ediləndir. «Ancaq mənim fikrimcə, ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi» söyləyən Prezident İlham Əliyev Cənubi Qafqaz ölkələri arasındakı münasibətlərin normallaşmasının həlli istiqamətlərini ən düzgün seçim kimi dəyərləndirir.

Çox təəssüf ki, Cənubi Qafqazda sabitliyin təminatını istəməyən qüvvələr Ermənistan kimi oyuncaq dövlətdən istifadə edərək yenə də bölgədə gərginlik yaradırlar. Azərbaycanda təxribatlarını davam etdirən Qərbin hazırda Gürcüstanda « məskunlaşması» heç də xoş niyyətdən qaynaqlanmır. Bu cür müdaxilələr sayəsində bu ilin fevral ayında «Xalqın gücü»” hərəkatının üzvləri parlamentə «Xarici agentlər” barədə» «Xarici təsirin şəffaflığı”» və «Xarici agentlərin qeydiyyata alınması barədə» Qanun layihələrini təqdim etməsi ilə ölkədə siyasi vəziyyət gərginləşib.

Gürcüstanda keçiriləcək parlament seçkiləri ərəfəsində siyasi partiyalar, qeyri- hökumət təşkilatları arasında yaranan fikir müxtəlifliyi qarşıdurmalarla müşaiyət olunur. Qonşu ölkə kimi Gürcüstanda vəziyyətin sabitləşməsi, seçkilərdə hazırkı hakim partiyanın qələbəsi Azərbaycanın da maraqlarına uyğundur. Çünki marionet Ermənistandan fərqli olaraq Cənubi Qafqazın taleyi Gürcüstan və Azərbaycandan asılıdır. Prezident İlham Əliyevlə Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında, hər iki ölkə rəsmilərinin qarşılqlı səfərlərində ölkələrimiz arasındakı münasibətlərin inkişafı ilə bağlı ümdə məsələlər geniş müzakirə olunur, imkanlardan səmələri istifadə yolları araşdırılır. Qeyd edilir ki, Azərbaycanla Gürcüstanın iştirak etdiyi regional layihələrin ümumilikdə regionun inkişafı üçün mövcud potensialdan hər iki xalqın mənafeyi, dövlətlərin maraqları naminə istifadə daha önəmlidir. Bölgədə sabitliyin təminatına müxtəlif bəhanələrlə mane olan Qərbin təxribatlarına qarşı mübarizə üçün sağlam qüvvələrin birgə fəaliyyəti hazırda daha vacibdir. Xüsusilə də Qərbin agenturasına çevrilən radikal müxalifət ölkədə sabitliyi pozmaq naminə bütün vasitələrdən istifadə edir. Hələ də xarici müdaxilələrə qarşı mübarizə aparan Gürcüstan dövləti və xalqı tarixi sınaq astanasındadır. Bu baxımdan bütün dünyanın diqqəti Gürcüstana yönəlib. Azərbaycan üçün də bu dönəm önəmlidir. Çünki bu seçkilər həm Gürcüstan dövləti, həm də bölgəmiz üçün çox böyük önəm daşıyır.

Əsas odur ki, Gürcüstanda ölkənin taleyini həll edəcək, müstəqil şəkildə qərar verəcək hakimiyyət var. «Gürcü Arzusu-Demokratik Gürcüstan» Partiyası ölkədə sabitliyin, sülhün qarantıdır. Yeganə hakimiyyətdir ki, son 12 il ərzində davamlı sülhü qoruya bilib.

Bu seçki bütün bölgədə sülhün bərqərar olunması baxımından taleyüklü məsələdir. Əminik ki, Gürcüstan vətəndaşları oktyabrın 26-da birlik və həmrəylikləri ilə sülhü, sabitliyi dəstəkləyəcək, qonşu ölkələrlə strateji tərəfdaşlığın möhkəmlənməsinə səs verməklə ölkəyə xarici müdaxilələrin qarşısını alacaq. Ölkə iqtidarı vətəndaş həmrəyliyinin təminatı üçün bütün ideoloji vasitələrdən, demokratiyadan istifadə etməklə bədniyyətli dairələrə tarixi dərs verəcək. Azərbaycan xalqı da inanır və əmindir ki, keçirilən sorğuların nəticələrinə görə ölkə əhalisinin 60 faizdən çoxunun etimadını qazanan «Gürcü Arzusu» bu tarixi sınaqdan xalq- iqtidar birliyi nəticəsində uğurla çıxacaq.

Xuraman İsmayılqızı, "İki sahil"