17 oktyabr 2024 23:45
89

Erməni lobbisi ölkəmizdəki antimilli ünsürlərdən necə bəhrələnir?..

“EU Today” nəşri: “Erməni diasporu Bakıda COP29-un keçirilməsinə mane olmaq üçün Azərbaycana qarşı qarayaxma kampaniyasında öz lobbiçilərindən istifadə edir. Sistem vasitəsilə daxil olan tezislər əsasında avtomatik olaraq anti-Azərbaycan məqalələri yazan botlar ordusu ilə yanaşı, Fransadakı erməni diasporu da xeyli fəallaşıb”

Öz “əqidədaşı” tərəfindən məhkəməyə verilən AXCP sədri Əli Kərimlinin və beç-üç nəfər tərəfdarının hər dəfə məhkəmə prosesindən  sonra yaratdıqları ucuz “şoular” davam edir. Təbii ki, bütün bunlar antimilli fəaliyyətləri ilə özlərini cəmiyyətdən təcrid edərək marginallaşan bu başıpozuq dəstənin hay-küylə gündəmdə qalmaq cəhdindən başqa bir şey deyil.

Əslində Əli Kərimlinin, “Milli Şura”nın sədri Cəmil Həsənlinin və onların orbitində fırlananların məhkəmə binasının önündə pafoslu, populist çıxışları heç kimi təəccübləndirmir. Çünki bu vətənşüvənlər “siyasətə”, (həm də iqtidara) ötən əsrin 90-cı illərinin əvvəllərində məhz hay-küylə, qara-qışqırıqla gəliblər. İllər ötsə də, zaman dəyişsə də onlar dəyişməyiblər. Bu siyasətbazların özləri dəyişmədiyi kimi, məkrli məqsədləri, iyrənc və çürük niyyətləri də dəyişməyib.

 Uzun illərdən bəri öz şəxsi ambisiyaları naminə milli maraqlara xidmət etməkdən boyun qaçıran, qərəzli manipulyasiyaları ilə Azərbaycanın ətrafında xain oyunlar quran xarici ermənipərəst dairələrin ocağına odun daşıyan bu ünsürlər COP29 ərəfəsində yenidən, necə deyərlər, təşkilatlanıblar. Qərbdəki anti-Azərbaycan dairələrin saxta vədlərinə inanan, korporativ maraqlarının əsirinə çevrilən radikal müxalifət təmsilçiləri öz pozuculuq fəaliyyətlərini daha da genişləndiriblər. Bütün fəaliyyətlərini yalan, şantaj, böhtan üzərində quran Ə.Kərimli, onun müavinləri Ayaz Məhərrənli, Seymur Həzi, “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli və digərləri sosial şəbəkə seqmentlərində ölkəmizlə bağlı qərəzli manipulyasiyaları ilə öz xain xislətlərini bir daha ortaya qoyurlar.

Xaricdəki ermənipərəst mərkəzlərin çirkli pullarına şirniklənən bu qrant gəmiricilərinin noyabr ayında ölkəmizdə baş tutacaq iqlim dəyişiklikləri ilə  bağlı nüfuzlu beynəlxalq tədbir ərəfəsində internet resurslarındakı antimilli çıxışları onların Qərbdəki bəzi dairələrin pul kisəsindən yemləndiklərini bir daha təsdiq etdi. Bir daha bəlli oldu ki, istedaddan, intellektdən kasad mağara təfəkkürlü bu  satqın siyasətbazlar gecə-gündüz “Azərbaycan saatı”, “Osmanqızı tv” və digər internet resurslarındakı çıxışları ilə  bəzi beynəlxalq təşkilatlara, Fransa Prezidenti Emmanuel Makronun yaratdığı şəbəkələrə, erməni lobbisinin nəzarətində olan media vasitələrinə, bir sözlə, xaricdəki ağalarına “siqnallar” ötürürlər.  

Birmənalı demək lazımdır ki, COP29-a sayılı günlər qaldıqca sosial şəbəkələrdə ölkəmizin əleyhinə informasiya terroru ilə məşğul olan, mənəvi-psixi sarsıntılar içində çırpınan marginalların və onların ipini əlində tutan qüvvələrin bütün cəhdləri fiaskoya uğrayacaq.

Ölkəmizdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a hazırlıqlar yüksək səviyyədə davam edir. Bu, bir daha göstərir ki, beynəlxalq tədbirlərin uğurla həyata keçirildiyi məkana çevrilən Azərbaycan iqlim dəyişiklikləri ilə mübarizədə çox mühüm əhəmiyyətə malik bu nüfuzlu tədbirə yüksək səviyyədə ev sahibliyi edəcək. Ölkəmizin beynəlxalq aləmdə nüfuzu daha da artacaq. Bax, bədxahlarımızı narahat edən də budur. Bu barədə “EU Today” nəşrinin dərc etdiyi məqalədə bildirilir ki, COP29-a bir aydan da az vaxt qalıb və sosial şəbəkələrdə, bir sıra Qərb mediasında siyasi kontekstdə Azərbaycana qarşı açıq-aşkar mənfi tendensiya müşahidə olunur. Ölkənin imicinə xələl gətirmək məqsədi daşıyan bu kampaniyaya dezinformasiya, faktların təhrif edilməsi və ictimai rəyin manipulyasiyası daxildir: “Erməni diasporu Bakıda COP29-un keçirilməsinə mane olmaq üçün Azərbaycana qarşı qarayaxma kampaniyasında öz lobbiçilərindən istifadə edir”.

Məqalədə qeyd olunur ki, ABŞ Konqresinin hər iki palatasındakı erməni lobbisi bu günlərdə xeyli fəallaşıb. Gah Azərbaycana qarşı sanksiyaların tətbiq olunmasını tələb edən qanunvericilik təşəbbüsləri irəli sürür, gah da Ermənistana yüz milyonlarla dollar dəyərində yardım paketinin ayrılmasına nail olmağa cəhd edir. Həmin kampaniyanın əsas təşkilatçısı öz ardıcıllarını və lobbiçilərini bu prosesə cəlb edən Amerika Erməni Milli Komitəsidir (ANCA). Sistem vasitəsilə daxil olan tezislər əsasında avtomatik olaraq anti-Azərbaycan məqalələri yazan botlar ordusu ilə yanaşı, Fransadakı erməni diasporu da xeyli fəallaşıb.

 İndi bir daha gördünüzmü, əmin oldunuzmu Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Arif Şahmarlı Qənimət Zahid, Sevinc Osmanqızı və digərləri hansı məzhəbə qulluq edirlər? İndi bildinizmi erməni lobbisi bu antimilli ünsürlərdən necə bəhrələnir?..

 Zahid Rza, “İki sahi”