17 oktyabr 2024 15:34
164

Zəngilanın azadlıq günü

Bir vaxtlar 29 oktyabr tarixi Azərbaycanın dilbər guşələrindən olan Zəngilan rayonunun işğal günü kimi qeyd olunurdu. Artıq həmin günlər geridə qaldı. 27 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində yeni tarix yazıb. İkinci Qarabağ müharibəsində Zəngilan rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Ordumuz aparılan uğurlu hərbi əməliyyatlar nəticəsində üç il əvvəl oktyabrın 20-də Zəngilanı işğaldan azad etməyə nail olub. 2020-ci il dekabrın 23-də isə Prezident İlham Əliyev Zəngilanda Azərbaycan bayrağını ucaldıb.

Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Zəngilan şəhəri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri işğaldan azad edilib. 44 günlük Zəfər yürüşündə hər gün qələbə xəbərləri gəlirdi. Prezident İlham Əliyev bu xoş xəbərlərdən birini də 2020-ci il oktyabrın 20-də xalqa çatdırdı:

“Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!”

Şəhla Muradova,
Bakı şəhəri, Xətai rayonu 263 nömrəli tam orta məktəbin direktor müavini,
YAP Xətai rayon ərazi partiya təşkilatının üzvü