18 oktyabr 2024 01:58
94

“Freedom House” erməni lobbisinin məkrli sifarişlərini yerinə yetirir

Danılmaz faktdır ki, Azərbaycana qarşı çirkin hücumları bu təşkilatda illərdən bəri kök atan Artur Papyan, Anna Sukiasyan, Roza Melkumyan, Andranik Şirinyan, Ani Boyacyan, Şaron Nazaryan kimi erməni mənşəli əməkdaşları və məsləhətçiləri həyata keçirir

Uzun illərdən bəri Azərbaycana qarşı qərəzli münasibəti ilə tanınan, ermənipərəst mövqelərini gizlətməyən bəzi beynəlxalq qurumlar, xüsusilə də erməni lobbisi ilə sıx işbirliyində olan “Freedom House”, “Human Rights Watch” və digərləri COP29 ərəfəsində ölkəmizə qarşı apardıqları ləkələmə kampaniyasının miqyasını daha da genişləndiriblər. Heç kimə sirr deyil ki, erməni lobbisinin çirkli pulları ilə bəslənən bu cür qərəzli təşkilatlar “insan haqları”, “söz azadlığı”, “vətəndaş cəmiyyəti” məfhumlarından   bu gün də ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. 

Azərbaycana münasibətdə  daim ikili standartlar və qərəzli mövqe nümayiş etdirən “Freedom House”un  “İnternet azadlığı 2024” adlı illik hesabatı bunun əyani təsdiqidir. Hesabatda 14-cü ildir ki, dünyada internet azadlığının gerilədiyi qeyd olunub. 100 ballıq reytinq sistemində Azərbaycanı ötən illə müqayisədə 3 xal gerilədərək 34 xalla yenə də “qeyri-azad” ölkələr sırasına  daxil ediblər. Ən böyük geriləmə isə 4 xalla Qırğızıstanda müşahidə edilib. Qonşu Rusiya, Türkiyə, İran da “qeyri-azad” ölkələr sırasındadır. Gürcüstan və Ermənistan isə 74 xalla “azad ölkələr” kateqoriyasına salınıb. Reytinq sıralamasında 100 bal internetin ən azad, 0 isə qeyri-azad ölkə deməkdir. 100-70 xal yığan ölkələr azad, 69-40 xal qismən azad, 39-0 xal yığanlar isə qeyri-azad ölkələr sayılır.

Təbii ki, ermənipərəst “Freedom House”un ikili standartlara əsaslanan bu hesabatı son dərəcə qeyri-obyektiv və əsassızdır. Həqiqət ondan ibarətdir ki, hər zaman ölkəmizə qarşı ikili standartlara əsaslanan  hesabatları ilə tanınan bu üzdəniraq təşkilat daim Ermənistanda insan hüquq və azadlıqlarının pozulması hallarını, mülki əhaliyə qarşı qəddar münasibəti, jurnalistlərə və nümayişlər zamanı saxlanılan şəxslərə qarşı açılan cinayət işlərini görməzlikdən gəlib. Halbuki, Nikol Paşinyanın hakimiyyəti dövründə, xüsusilə də 2023-cü ildə Ermənistanda insan haqlarının pozulması halları, ictimai, siyasi fəallara, müxalif media subyektlərinə qarşı təqiblər və həbslər daha da artıb. Hayastan parlamentində “Mənim şərəfim var” fraksiyasının rəhbəri, Ermənistanın keçmiş hakim Respublika Partiyasının üzvü Hayk Mamicanyan ölkəsində siyası məhbusların sayının 50-yə çatdığını və indiyə qədər heç vaxt bu sayda siyasi məhbus olmadığını bəyan edib.
Ötən il müxalifətin mitinqlərini təşkil edən siyasi fəallardan biri, “Ayakve” təşəbbüsünün koordinatoru Avetik Çalabyan birbaşa siyasi fəaliyyətinə görə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, “MPG konsaltinq” (Marketing Professional Group - GALLUP Beynəlxalq Assosiasiyası) şirkətinin Ermənistandakı nümayəndəliyinin keçirdiyi sorğunun nəticələri Hayastanda insanların siyasi, ictimai mövqeyinə görə həbs və təqib olunmasını bir daha təsdiq edir. “Söz Azadlığını Müdafiə” Komitəsinin sədri Aşot Melikyanın hesabatında bildirilir ki, 2023-cü ildə mediaya qarşı təzyiqlər artıb. Komitənin 2023-cü ilə dair hesabatında o da qeyd edilir ki, ötən il KİV nümayəndələrinə qarşı məhkəmə iddiaları da artıb, 2023-cü ildə 36 yeni iddia qaldırılıb, ümumilikdə son 2 ildə mediaya qarşı məhkəmə iddialarının sayı 71-ə çatıb. Məhkəmə araşdırmalarının nəticələri isə onu göstərir ki, mediaya qarşı sifarişli işlərin arxasında Nikol Paşinyan iqtidarı dayanır və ölkədə ədalətli məhkəmə prinsipi tamamilə pozulmaqdadır.

Danılmaz faktdır ki, “Freedom House”un Azərbaycana qarşı bu hücumları həmin təşkilatın Artur Papyan, Anna Sukiasyan, Roza Melkumyan, Andranik Şirinyan, Ani Boyacyan kimi erməni mənşəli əməkdaşlarının özləri həyata keçirir. Eyni zamanda, bu təşkilat irqçi düşüncəyə malik digər erməni fəalların bütün hücumlarını dəstəkləyir. Buna son nümunə “Freedom House”un erməni millətçisi Şeyla Paylan tərəfindən “Newsweek”də yayımlanan böhtan dolu məqaləni dəstəkləməsidir.

Yeri gəlmişkən, bir daha altını cızaq ki, “Freedom House” un vitse- prezidenti Ani Boyacyan dəfələrlə ABŞ Konqresində məruzə edib. Həmçinin   Konqresin bir çox üzvlərinin məsləhətçisi olub. “Freedom House”da işləyənə qədər 7 il ərzində Nümayəndələr Palatası və Senatda müxtəlif vəzifələrdə çalışıb. Osmanlı qardaşlarımız demişkən, dananın quyruğu burda qopur. Bir daha aydın olur ki, ABŞ Konqrensinin iliyinə, sümüyünə qədər korrupsiyaya bulaşmış bəzi üzvlərinin apardıqları anti-Azərbaycan təbliğatının kökündə məhz ermənilər və onların bu ölkədəki lobbisi dayanır.

Bir daha əminliklə, qətiyyətlə qeyd edirik ki, COP29 yaxınlaşdıqca beynəlxalaq ictimai rəydə ölkəmiz barədə mənfi imic formalaşdırmaq cəhdi baş tutmaycaq. Cəmiyyətimiz, eləcə də xarici ölkələrdəki sağlam düşüncəli siyasətçilər, media nümayəndələri, vətəndaş cəmiyyətinin üzvləri yaxşı bilirlər ki, hayların toplaşdığı, erməni lobbisinin maşası olan bu qatı ermənipərəst təşkilatın Azərbaycanla bağlı ikili standartlara əsaslanan növbəti hesabatı da əvvəlkilər kimi son dərəcə qeyri-obyektivdir. Oradakı yoxlanılmamış və əsaslandırılmamış iddialar birmənalı olaraq həqiqəti əks etdirmir. Daim Qarabağdakı separatçı-terrorçuları müdafiə etməklə separatizmi və terrorizmi dəstəkləyən “Freedom House” kimi qeyri-hökumət təşkilatının erməni lobbisinin sifarişi ilə Azərbaycanın beynəlxalq imicinə ziyan vermək cəhdi əvvəllər olduğu kimi, bu dəfə də fiaskoya uğrayacaq.

Zahid Rza, “İki sahil”