18 oktyabr 2024 00:43
82

Superdövlətin ədalətsizliyi narazılıq doğurur

İsrail Azərbaycana görə ABŞ-a qarşı

Dini ayrı-seçkiliyə görə alman faşizmi tərəfindən dəhşətli soyqırımına məruz qalmış yəhudi xalqı diskriminasiyanın müsibətlərini dünyada hamıdan yaxşı bilir. 1939-1945-ci illərdə heç bir günahı olmayan yəhudilər onlar üçün hazırlanmış gettolara yığılaraq əsir düşərgələrinə aparılmış və kütləvi surətdə öldürülmüşlər. Hətta bələkdəki uşaqlara belə rəhm edilməmişdir. Faşistlər yəhudiləri müxtəlif dəhşətli işgəncələrlə məhv etmişlər. Təxmini rəqəmlərə görə, həmin illərdə 6-7 milyon yəhudi məhv edilmişdir. Yəni, bu xalq qətlləri, kütləvi qırğınları öz məsum taleyində yaşamışdır. Yəhudi və Azərbaycan xalqları demək olar ki, eyni taleyi  bölüşmüşlər. Ölkələrimizin yaxınlaşmasının və dostluğunun bir səbəbi də budur. İsrail böyük dövlətlərin və bəzi beynəlxalq təşkilatların Qarabağ münaqişəsi dövründə və ondan sonra keçən dörd ildə Azərbaycana qarşı ədalətsizliklərini heç vaxt qəbul etməyib. Onlar işğalşıya təzyiq göstərmək, onu öz yerində oturtmaq əvəzinə əksinə, Ermənistana öz cinayətkar hərəkətlərini davam etdirmək üçün davamlı maliyyə yardımları etmişlər. Əraziləri işğala məruz qoyulmuş, şəhər və kəndləri dağıdılıb yandırılmış, əhalisi qırılıb-çatılmış Azərbaycana isə sanksiyalar tətbiq etmişlər. Yəni, ABŞ kimi bir ölkəni idarə edənlər haqsızlığın və ikili standartların məngənəsindən xilas ola bilmirlər.

"Biz, Dona Qrasiya Diplomatiya Mərkəzinin İdarə Heyətinin üzvləri ABŞ Konqresinin erməni separatçılarına maliyyə yardımı göstərilməsi ilə bağlı məlum təşəbbüsünü qətiyyətlə pisləyirik."

 İsrailin tanınmış “Economic Peace Center” nəşrində konqresmen Adam Şiffin Konqresə təqdim etdiyi qanun layihəsi ilə bağlı yayılmış bəyanatda belə deyilir. Bəyanatda sözügedən qanun layihəsi 750 mindən çox azərbaycanlı məcburi köçkünün acınacaqlı vəziyyətinə və məhrumiyyətlərinə məhəl qoymadan erməni separatçılarının təəssübünü çəkərək ayrı-seçkilik edən birtərəfli akt adlandırılır. Həmçinin qeyd olunur ki, Azərbaycana qarşı ayrı-seçkiliyin əsas səbəbi etnik-dini təəssübkeşlikdir. Belə bir sənədin irəli sürülməsi insan haqları və beynəlxalq hüququn pozulması, qeyri-sabitliyin nişanəsi olmaqla ABŞ-ın regional mövqeyinə ciddi zərər yetirir. Bütün bunlar ABŞ-ın qoruduğu ümumbəşəri dəyər və prinsiplərin ziyanına baş verir. Layihə müəllifinin erməni lobbi qruplarına arxalandığı nəzərə alınarsa, Ermənistan tərəfindən məcburi köçkün edilmiş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququna bu cür diskriminativ yanaşma iyrənc görünür. Ermənistandan qaçqın düşən azərbaycanlıların sayı 250 mindən çoxdur. Lakin cəmi 15-20 min erməninin hüquqlarını cidd-cəhdlə qoruyan ABŞ, Fransa və digərləri Qərbi Azərbaycan qaçqınlarının geri qaytarılması məsələsi gələndə lal və kar olurlar.

Bəyanatda Xocalıda etnik soyqırıma məruz qaldığı illərdə susan həmin şəxslər Azərbaycan ərazilərinə Ermənistan tərəfindən basdırılan minaların günahsız mülki insanları öldürdüyü və ya şikəst etdiyi indiki vaxtda da susurlar. Belə insanların sayı 400 nəfərə çatır. Bunları Azərbaycan Ermənistana tətbiq etmiş olsaydı bu "kar" və "lallar" üstümüzə diş qıcıyar, müharibə elan edərdilər.

Birləşmiş Ştatları ədalətli mövqe tutmağa çağıran sənəddə adıçəkilən ölkənin maraqlarına, habelə Ermənistan və Azərbaycan xalqları arasında sülhə üstünlük verilərsə qərəzli qanun layihəsinin geri götürülməsinin çətin olmayacağı diqqətə çatdırılır. Əlbəttə, "Çobanın könlü olsa təkədən pendir tutar"-deyiblər.

İsraillə dostluq etdiyimizə başda İran İslam Respublikası olmaqla irad tutan bəzi müsəlman ölkələri qoy dostu necə müdafiə etməyi məhz İsraildən öyrənsinlər. Qardaşımız Türkiyə istisna olmaqla hələ onların heç biri beynəlxalq səviyyədə ölkəmizə belə dəstək göstərməyib. İran isə daim bizə soyqırımlar yaşadan Ermənistanı dəstəkləyib.

Azərbaycanın mövqeyini dəstəlkədiyinə görə sədaqətli dostumuz İsrail dövlətinin rəhbərliyinə minnətdarlığımızı bildiririk. Var olsunlar! Biz onlardan həmişə isti münasibət görmüşük və yüksək qiymətləndirmişik. Onlar həmişə olduğu kimi, yenə də bizim olmadığımız yerlərdə də mövqeyimizi müdafiə edirlər. Belə təmənnasız dostluğun ömrü uzun olur. Əbədi olsun!

Vəli İlyasov, "İki sahil"