18 oktyabr 2024 09:24
82

Nikol Paşinyan ikinci yolu seçərsə…

Ermənistanın baş naziri özünü beynəlxalq aləmə sülhpərəst kimi təqdim etsə də əməldə bunun əksini edir

Tarixi Zəfərimizdən sonra Ermənistana sülh təklifinin edilməsi ölkəmizin humanist siyasətinin tərkib hissəsidir. Qeyd etdiyimiz kimi, mənfur düşmən 30 il torpaqlarımızı işğal altında saxladı, soydaşlarımız qaçqın və məcburi köçkün həyatını yaşadılar. Bu torpaqlarda bütün tarixi və dini abidələrimiz dağıdıldı, məscidlərimizdə donuz saxlanıldı. Törədilən hərbi təxribatlar nəticəsində nə qədər itkilərimiz oldu. Azərbaycanın sülh müqaviləsinin imzalanması təklifi bunları unutmaq anlamına gəlmir. Yeni dövrün reallıqlarına uyğun olaraq bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin yaradılması mütləqdir. Həqiqətən Ermənistan sülhə getmək istəyirsə konstitusiyasını dəyişməlidir. Sülh sazişinin təməl prinsipi iki ölkənin biri-birinin ərazi bütövlüyünü tanıması deməkdir. Azərbaycan regionda əbədi və dayanıqlı normallaşma prosesi arzulayır.

Göründüyü kimi, bu gün Ermənistan sülh razılaşmasını uzatmağa çalışır. Yəni, Ermənistanın açıq şəkildə müstəqil dövlət kimi, siyasi kursu yoxdur. Ermənistanda baş nazir, Təhlükəsizlik Şurasının katibi, parlament sədri və digər səlahiyyətli şəxslərin hər biri müxtəlif çıxışlar edirlər. Buna görə də Ermənistanda hansı dövlət xadiminin mövqeyinin əsas götürülməsi qeyri-müəyyəndir. Ermənistanın tarixi məsuliyyəti Nikol Paşinyanın üzərində olmasına baxmayaraq, o, qeyri-ciddi siyasi xadimdir, müstəqil addım atmır və xaricdən gələn təlimatları icra edir. Ona görə də Nikol Paşinyanın səsləndirdiyi fikirləri ciddi qəbul etmək lazım deyil. Qərbdən Nikol Paşinyana hansı təklif gəlirsə, onu həyata keçirir. Sülh sazişi ilə bağlı Azərbaycan ən ideal variantı təklif etsə də, Ermənistan  bəhanələr gətirərək bundan imtina edir. Nikol Paşinyan özünü beynəlxalq aləmə sülhpərəst kimi təqdim etsə də  əməldə bunun əksini edir. Bu gün Qərb təşkilatlarının Azərbaycanla Ermənistan arasında sülh prosesinə yanaşması prosesi ləngidir. Belə ki, sülh müqaviləsi istər birbaşa Azərbaycanla Ermənistan arasında, istər Rusiyanın moderatorluğu ilə imzalansa belə Qərb onun təşkilatlarının prosesdə rol oynamasına çalışır.

Hazırda dünyada baş verən münaqişələrə yanaşmada ABŞ,  Fransa, Niderland kimi dövlətlərin Avropa İttifaqı, Avropa Şurası, AŞPA və ATƏT kimi beynəlxalq təşkilatların mütləq şəkildə özlərinin hansısa bir formada proseslərdə iştirakına nail olmağa çalışdığının şahidi oluruq. Maraqlıdır, NATO da daxil olmaqla Qərb təşkilatlarının rol aldığı dünyadakı bir çox münaqişələrdə hansısa yenilik əldə edilibmi? Əksinə müşahidə etmişik ki, Qərbin moderatorluğu və ya üçüncü tərəf kimi danışıqlar proseslərində iştirakı xalqlar və dövlətlərarası münasibətlərin daha da pisləşməsinə səbəb olub. üçtərəfli Bəyanat imzalanandan sonra öhdəliklərinə zidd olaraq 2023-cü ilin sentyabr ayınadək Azərbaycan ərazilərində hərbi fəaliyyətini davam etdirmiş və özünün Azərbaycan ərazilərindən çıxarmayan Ermənistan tərəfinin guya qaçqın və məcburi köçkünlərin geri qayıtmasına maneçilik törədildiyini, Qrabağdan könüllü köçmüş ermənilərə qarşı etnik təmizləmə həyata keçirildiyini, hərbi əsirlərin qaytarılmadığını iddia etməsi reallıqların təhrif olunmasıdır. Bununla yanaşı, 2023-cü il antiterror tədbirlərindən sonra erməniəsilli şəxslərin könüllü əsasda Azərbaycanı tərk edərək Ermənistana və digər ölkələrə köçməsinin etnik təmizləmə kimi qələmə verilməsi növbəti böhtandır.

Hərbi əsirlərin qaytarılması məsələsinə gəldikdə, hərbi cinayətkarların və separatçı xunta rejiminin nümayəndələrinin azad edilməsi barədə Azərbaycan hər hansı bir öhdəliyə malik deyil. Azərbaycan indiyə qədər humanizm prinsipinə sadiq qalaraq hərbi əsirlərin hər birini Ermənistana təhvil verib. Lakin Azərbaycan tərəfindən qaytarıldıqdan sonra hərbi əsirlərin Ermənistan dövləti tərəfindən kütləvi surətdə həbslərə və təqiblərə məruz qalmaları bu dövlətin öz vətəndaşlarına "qayğısı" kontekstində xüsusi təəccüb doğurub.

Cənubi Qafqazda maraqları olan güclər Azərbaycanla hesablaşmalı olduqlarını da bilirlər. Onların Ermənistanla bağlı populist çıxışlarının arxasında yalançı vədlərin, boş sözlərin olduğu gün kimi aydındır və bunları saymaqla bitən deyil. Azərbaycan isə sülh və təhlükəsizlik fonunda yeni səhifə açmağa hazırdır. Bu mənada Ermənistanın gələcəyi irəli sürülən təşəbbüslərə konstruktiv adekvat cavab verməsindən asılıdır. Bu, nə qədər tez baş verərsə, bütün region üçün, həm də Ermənistan üçün də faydalı olacaq. Azərbaycan Prezidenti İlham Əliyevin siyasəti qətiyyətli və beynəlxalq hüquqa tam uyğundur. Rəsmi Bakı bölgədə dayanıqlı və davamlı sülhün əldə olunması üçün real addımlar atır. Belə bir şəraitdə , Ermənistan zaman itirmədən real sülh müqaviləsinin imzalanmasının təmin edilməsi üçün gecikmədən Azərbaycanla danışıqları bərpa etməlidir. Hazırda erməni cəmiyyəti həssas bir dönəmdədir. Paşinyan, ya Azərbaycanın sülh çağırışına cavab verib Ermənistanın inkişaf və rifahına nail olmalı, ya da, xalq kilsənin təbliğatına qoşulub, fəlakətə yuvarlanmalıdır. Əgər o, erməni xalqı ikinci yolu seçərsə, bu zaman Ermənistanda yeni fəlakət və münaqişələrin əsası qoyulmuş olacaq.

Şəmsiyyə Əliqızı, “İki sahil”