18 oktyabr 2024 16:48
89

Məhkumların peşə təhsilinin təşkili ilə bağlı müəssisələrə baxış keçirilib- FOTO

“Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası istiqamətində işlər davam etdirilir.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, bununla əlaqədar cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair fəaliyyət planının layihəsinin hazırlanması məqsədilə yaradılmış işçi qrupun üzvləri və Penitensiar xidmətin nümayəndələri xidmətin 2, 4, 9 və 17 saylı cəzaçəkmə müəssisələrinə baş çəkiblər.

Qonaqlar məhkumların islah prosesində əməyə cəlb olunması, onlara müxtəlif peşə bacarıqlarının öyrədilməsi istiqamətində görülən işlərlə tanış olublar.

Həmçinin yerli əmək bazarında tələb olunan bilik və bacarıqlar nəzərə alınmaqla penitensiar müəssisələrdə peşə təhsili proqramlarının və maddi-texniki infrastrukturun müasir standartlara uyğun yenidən qurulması, peşəkar pedaqoji heyətin tədrisə cəlb edilməsi, eləcə də peşə təhsili almış və cəza çəkməkdən azad edilmiş şəxslər və onları işə götürənlər üçün stimullaşdırıcı tədbirlər barədə müzakirələr aparılıb.