19 oktyabr 2024 01:25
82

Qərbsayaq demokratiya

Və yaxud Makronun Cənubi Qafqaz xəyalı

Avropa Parlamentinə keçirilən və ifrat sağçıların qələbəsi ilə başa çatan seçkilərdə qutuda qalan, başçılıq etdiyi ölkədə daxili sabitliyi, demokratiyanı, insan hüquqlarının qorunmasını təmin edə bilməyən, neokolonialist siyasətini davam etdirən Fransa Prezidenti Emmanuel Makronun «Ölkələr aşıb, it hürüb» məsəlinə uyğun Ermənistana yardım adı ilə silah-sursat göndərməsi beynəlxalq hüquqa, insanlığa uyğun olmayan hərəkət, yeni müharibə ocaqlarının yaranmasına təhrikdir . Afrikanın müxtəlif ölkələrindən olan bir qrup jurnalistin, tanınmış bloger və vətəndaş cəmiyyəti fəallarının, eləcə də Yeni Kaledoniyalı mətbuat nümayəndələrinin iştirakı ilə Bakıda «Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu»” mövzusunda hibrid formatda təşkil olunan dəyirmi masada qeyd olunduğu kimi, müstəmləkə altında saxladığı xalqların adi azadlıq hüquqları ilə bağlı tələblərini, etirazlarını zorla, dəyənək gücü ilə susduran Makronun Qarabağı könüllü tərk edən ermənilərin «haqqını» müdafiə etməsi, Azərbaycanı etnik təmizləmədə günahlandırması siyasi həyasızlıqdır.

Demokratiyanın şərtlərini, bəşəri dəyərləri, beynəlxalq hüquq prinsiplərini unudan, əsarətdə saxladığı ada ölkələrinin sakinlərinə qarşı zorakılıqlarını, hərbi cinayətlərini, ekoloji terrorlarını, başqalarının sərvətlərini mənimsəmək əməllərini davam etdirən, Azərbaycanın müstəmləkəçiliyin yeni mərhələsi olan neokolonializmlə mübarizə istiqamətində birgə əməkdaşlıq çağırışını makronizmə uyğun anlayan Yelisey Sarayının başçısı hələ də iqtisadi tənəzzül səviyyəsinə çatdırdığı Fransanın taleyi ilə maraqlanmır. Əsrlərdən bəri müstəmləkə altında saxladığı Afrikanın bəzi dövlətlərindən itin qovulduğu kimi qovulan Makronun Cənubi Qafqaza yönələn «gəmisi» seçdiyi və həsrətində olduğu «limana» çatmamış «dəmir yumruq»un zərbəsini daddı. Ermənistanda, Fransada baş verən hadisələr, iğtişaşlar göstərir ki, özünə umac ovmağı bacarmayan, iqtidarlığının qürub çağını yaşayan Makronun rəsmi İrəvana əriştə kəsmək dövrü başa çatır.

Sadə vətəndaşlar belə etiraf edirlər ki, Fransanın dövlətçilik tarixində Makron kimi səriştəsiz, siyasətdən bixəbər, səviyyəsiz, başabəla başçıları olmayıb. Ölkədaxili problemlərini həll etmək bacarığında olmasa da Ukraynaya «döyüşçü, təlimçi göndərən», Ermənistanı silahlarla təmin edən, komandasının etibarını belə itirən, vətəndaşların «impiçment» tələbləri ilə üzləşən Makronun Avropa İttifaqının Mülki Missyası tərkibində Ermənistanda «jandarm poliqonu» yaratması gülüncdür.

Bakıda Fransa koloniyalarında hüquqları pozulan, müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatların rəhbər şəxslərinin iştirak etdikləri «Afrikada Fransanın neokolonializm siyasəti» mövzusundakı beynəlxalq konfransda Azərbaycanın dekolonizasiya prosesindəki vacib rolu diqqətə çatdırılmaqla Bakı Təşəbbüs Qrupunun müstəmləkə ərazilərinin azadlığı uğrunda apardığı mübarizəyə dəstəyi, sadiqliyi xüsusi vurğulanmışdı. Konfransda qəbul olunan yekun sənəddə Fransa kolonializminin irqçi və repressiv siyasəti pislənilmiş, Yeni Kaledoniyada və digər müstəmləkə ərazilərində Fransa hökuməti tərəfindən həyata keçirilən cinayətlərə qarşı birgə mübarizənin vacibliyi qeyd olunmuşdur. Beynəlxalq Azadlıq Cəbhəsi kimi platformanın yaradılması ilə neokolonializmə qarşı mübarizə üçün səylərin birləşdirilməsinin əhəmiyyəti diqqətə çatdırılmış, birgə fəaliyyət proqramı qəbul olunmuşdur.

Son günlərdə siyasi fəal və jurnalist, Fransanın müstəmləkə siyasətinə qarşı fəal mübarizəsi ilə tanınan Kemi Sebanın həbsi ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlər Makron kolonializminin mənfur siyasətinin daha iyrənc, antidemokratik təzahürüdür. Fransanın bu hərəkəti beynəlxalq arenada yalandan təbliğ etdiyi demokratik dəyərlərlə ziddiyyət təkil etdiyi üçün beynəlxalq ictimaiyyət tərəfindən qınanılır. İllərdən bəri Afrikadakı qaradərililərin azadlıqları uğrunda apardıqları mübarizədə fəallıq göstərən, Fransanın müstəmləkəçilik siyasətinə qarşı mübarizə aparan, siyasi baxışlarına görə repressiyalara məruz qalan Sebaya qarşı zorakılıq makronsayaq Qərb demokratiyasının qara, qan rəngli «humanizmidir.»

Guya «dövlət qaydalarının pozulmasına yönəlmiş ictimai bəyanatlar” ittihamı» ilə həbs olunan Kemi Sebanın tərəfdarları, insan haqlarının qorunması ilə məşğul olan təşkilatlar jurnalistin həbsini siyasi motivli sifariş kimi tənqid edirlər. Xatırladaq ki, Seba yalnız jurnalist deyil, o, müstəmləkə istismarının nəticələrindən əziyyət çəkməyə məhkum Afrika xalqlarının müqavimət simvoludur. Onun həbsi, insan haqları, demokratiya və azadlıq uğrunda mübarizə apardığını iddia edən Fransanın neokolonial siyasətinin əsl mahiyyətinin təsviridir. Belə görünür ki, həqiqət tərəfdarlarına, dini radikalizmə, irqi ayrı-seçkiliyə qarşı çaxanlara tətbiq olunan repressiv tədbirlər Fransa demokratiyasının, konstitusiyasının ana xəttidir

Rəsmi Parisin bu hərəkəti həmişə sadiq qaldığı dini ayrı-seçkiliyin, radikalizmin davamı, azad fikrin və tənqidin boğulması, demokratik dəyərlərə hörmətsizlikdir. Fransada söz azadlığının, fikir ifadə etmək hüququnun, insan haqlarının pozulmasının təsdiqidir.

Bu cür antidemokratik əməllərini Cənubi Qafqazda da təkrarlamaq istəyən Qərb, eləcə də Makron üçün demokratiya təsir, təzyiq vasitəsi, ikili standartlara sadiqlik, azadlıq və bərabərlik prinsiplərinə kölgə salan siyasi repressiyadır. Fikir azadlığını və demokratik dəyərləri tələb edənlərə qarşı təhdid, xəbərdarlıq, bir sözlə, neokolonializmin əsl simasıdır. Afrika ölkələrində Fransa müstəmləkəçiliyindən əzəiyyət çəkənlərin ümumi fikri budur ki, sərvətlərin istismarı, müstəmləkəçilik, zorakılıq, hərbi cinayətkarlıq artıq ayrı-ayrı ölkələr tərəfindən deyil, başqalarının torpaqlarına sahib çıxmağa çalışan bütün Qərb dövlətləri tərəfindən davam etdirilir.

Afrikadakı siyasətini Cənubi Qafqazda tətbiq etməyə çalışan, mənfur niyyətini Ermənistan vasitəsilə ilə reallaşdıracağını zənn edən, özü kimi milli münaqişələrin yaranmasının əsas müəllifi olan ABŞ-la birləşərək ölkəmizə qarşı təxribatlarını davam etdirən, ekoloji tarazlığın pozulmasının, iqlim dəyişikliyinin yaratdığı fəlakətlərin birbaşa günahkarı olduğu üçün Azərbaycanda təşkil olunacaq COP29-a qarşı təxribatlarını artıq Cürcüstanda da həyata keçirən Qərb, Fransa Tbilisidə gərginlik yaradan radikal qüvvələrə dəstək göstərsələr də çirkin müdaxilə baş tutan deyil. Ermənistan vasitəsilə Cənubi Qafqaza sahiblənməyə çalışan Vaşinqtona və Qərbə xəbərdarlığını « Biz, sadəcə olaraq, tələb edirdik həm onlardan, həm onların arxasında duran və onlar üçün dar məqamda onların yanında olmayan, uzaqda, Avropada yerləşən dırnaqarası erməni cəfakeşləri bilsinlər - nə qədər uzaq dursalar bizim bölgəmizdən, o qədər də bölgə rahat nəfəs alacaq və biz bunu təklif edirik. Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq!» sözləri ilə çatdıran Prezident İlham Əliyev qətiyyətlə bildirir ki, bu bölgəni yenidən müharibə poliqonuna çevirmək niyyətləri baş tutan deyil. Fransanı görkəmli yazıçı- mütəfəkkir Mirzə Fətəli Axundzadənin «dərvişi» deyil, fıransızların müsyelərı, «sarı jiletli»ləri dağıdacaq. Makronun fatihəsini Milli Assambleyanın dönük deputatları, erməni rahibləri oxuyacaq.

Xuraman İsmayılqızı, «İki sahil»