18 oktyabr 2024 17:45
109

Tam və qəti Qələbə qazandıq

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq başlanan Vətən müharibəsində əldə etdiyimiz parlaq Qələbə Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılmışdır. Məlum olduğu kimi, Ermənistanın təcavüzkar siyasətinə, terror-təxribat aktlarına cavab olaraq, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmənə layiqli cavab verdi. Şanlı ordumuz erməni təcavüzkarlarını cəmi 44 gün ərzində doğma torpaqlarımızdan iti qovan kimi qovdu.

Dövlət başçısının müvafiq Sərəncamları ilə işğaldan azad olunmuş ərazilər üzrə şəhər günləri təsis olundu. Yağı düşməndən azad olunan əzəli torpaqlarımızdan biri də Zəngilandır. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 20-də Zəngilan Şəhəri Günü ölkəmizdə təntənəli şəkildə qeyd ediləcək. Bu əlamətdar günün təsis olunması Zəngilan şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır.

2020-ci il oktyabrın 20-də Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri və rayonun daha 6 kəndinin - Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlının işğaldan azad olunduğunu açıqladı. Bununla yanaşı, həmin tarixdə Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli və Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı kəndləri erməni işğalçılarından təmizlənib. Azad olunan ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.

Bu gün Zəngilan şəhərində də bütün Qarabağ və ətraf digər rayonlarımızda olduğu kimi, genişmiqiyaslı abadlıq-quruculuq işləri həyata keçirilir. Zəngilanın Ağalı kəndi ən müasir tikinti standartlarına uyğun olaraq müasir və ağıllı texnologiyalar əsasında qurulub. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgəsi kifayət qədər böyük iqtisadi potensiala malikdir. Xalqımız, eləcə də bütün dünya bu ərazilərdə böyük sürətlə aparılan misilsiz yeniliklərin şahididir. Zəngilanın bərpası istiqamətində aparılan işlərdə xüsusilə şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Zəngilanda Beynəlxalq Hava Limanının tikilməsi bu şəhərin əhəmiyyətli strateji və coğrafi mövqeyini nümayiş etdirir.

Azərbaycanın hərtərəfli inkişafı, Prezident İlham Əliyevin ölkəmizin və xalqımızın milli maraqları naminə apardığı düzgün və məqsədyönlü siyasət bir daha bütün dünyaya sübut etdi ki, Azərbaycan qüdrətli dövlət kimi tarixi ədaləti bərpa edib, Qarabağ Azərbaycandır və ölkəmizdə xalq-iqtidar birliyi sarsılmazdır. 

Rafiq Əliyev,

YAP Yevlax rayon təşkilatının sədri