18 oktyabr 2024 23:13
123

Əli Kərimli, “Freedom House”, “The Washington Post”: Faktlar nə deyir?..

Əsassız ittihamlar, məkrli bəyanatlar və qərəzli hesabatlar bir daha deməyə əsas verir ki, onlara tezislər vahid mərkəzdən - erməni lobbisinə yaxın dairələrdən ötürülür

Son zamanlar bəzi beynəlxalq qeyri-hökumət təşkilatlarının, xarici media orqanlarının, eləcə də ölkəmizdəki radikal müxalifət nümayəndələrinin və “siyasi mühacir” adı ilə Qərbin ayrı-ayrı ölkələrində sığınacaq tapan ünsürlərin hərəkət trayektoriyasına diqqət yetirəndə onların birgə fəaliyyətdə olduqları özünü açıq-aşkar büruzə verir. İstər ayrı-ayrı mərkəzlərin nəzarətində olan məlum xarici media subyektlərində dərc olunan məqalələri, istər hamımızın yaxşı tanıdığımız beynəlxalq təşkilatların qərəzli hesabatları, istərsə də AXCP sədri Əli Kərimli və ətrafındakılar başda olmaqla radikal müaxalifət təmsilçilərinin antimilli çıxışları belə nəticəyə gəlməyimizə haqq qazandırır.

Noyabr ayında Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının keçiriləcəyini nəzərə alsaq, bütün bunları təsadüfi saymaq olmaz. “Freedom House”, “Human Rights Watch” kimi qərəzli təşkilatların ölkəmizlə bağlı hesabatlarında, “The Washington Post”un məqalələrində, AXCP sədri Əli Kərimlinin, “Milli Şura”nın rəhbəri Cəmil Həsənlinin, bu qurumun Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin və digərlərinin internet resurslarındakı çıxışlarında səsləndirilən eyni fikirlər, bəyanatlar və ittihamlar bir daha deməyə əsas verir ki, onlara tezislər vahid mərkəzdən-erməni lobbisinə yaxın dairələrdən ötürülür.

Təbii ki, bütün bunları dərk etmək üçün politoloq olmağa gərək yoxdur. AXCP sədri Ə.Kərimlinin  bu günlərdə məkrli əməllərin daşıyıcısı olan “The Washington Post” qəzetində ermənipərəst dairələrin sifarişi ilə ölkəmizin əleyninə dərc olunan məqaləsinə diqqət çəkməsi, sevinərək təqdir etməsi və  tələsik sosial şəbəkə seqmentlərinə daşıması bəzi mətləbləri aşkara çıxarmağa imkan verir.

Məsələ ətrafında aydınlıq yaransın deyə, mövzunun təfərrüatına varaq.

Hamımıza yaxşı məlumdur ki, ermənipərəst dairələrin əlində oyuncağa çevrilən “The Washington Post” ayrı-ayrı vaxtlarda məlum dairələrin sifarişi ilə Azərbaycana qarşı “qara piar” kampaniyası aparıb.  2023-cü ildə qəzetdə Azərbaycanda söz azadlığı, korrupsiya, Ermənistanla münasibətlərə dair 5 məqalə dərc edib. Onlardan 3-ü redaksiya məqaləsi olub. Həmin məqalələrdə beynəlxalq hüquqa əsaslanaraq ərazi bütövlüyünü və suverenliyini bərpa edən ölkəmiz haqqında mənəviyyatsızcasına mənfi imic formalaşdılmasına cəhd edilirdi. Məqalələrdə İkinci Qarabağ müharibəsini Zəfərlə başa vuran, BMT tərəfindən tanınan ərazilərini Ermənistanın işğalından azad edən Azərbaycanın “militarist ölkə”, Qarabağın “mübahisəli ərazi” kimi təqdim edilməsi ikili standartların, ədalətsizliyin bariz göstəricisi idi.

Heç kimə sirr deyil ki, siyasi və maliyyə mərkəzlərinin sifarişlərini yerinə yetirən “The Washington Post” qəzeti iftira, böhtan, jantaj üzrə peşəkarlaşmış bir nəşrdir. Bir zamanlar ABŞ Prezidenti Donald Tramp bu nəşri tənqid edərək iftiralar yığnağı adlandırmışdır. Bütün bunlar deməyə əsas verir ki, COP29 ərəfəsində ölkəmizə qarşı qarayaxma kampaniyası aparan “The Washington Post” müstəqil yox, bəzi siyasi və maliyyə mərkəzlərinin, xüsusi ilə də erməni lobbisinə yaxınlığı ilə tanınan mərkəzlərin əlində alətə çevrilən media orqanıdır.

Belə olan halda görəsən, Ə.Kərimlini “The Washington Post”la nə birləşdirir? Səbəb bəllidir. Əsas məqsəd erməni lobbisinin və Qərbdəki ermənipərəst dairələrin, Azərbaycanın uğurlarını həzm edə bilməyən qüvvələrin sifarişlərini yerinə yetirərək COP29 ərəfəsində qarayaxma və dezinformasiya yolu ilə Azərbaycanın beynəlxalq imicinə ziyan vurmaqdır.

Təbii ki, bütün bunları biz əvvəlcədən bilirdik. Ancaq bu üzdəniraq şəbəkə anlamır ki, Azərbaycan ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da gücləndirəcək bu tədbirə uğurla ev sahibliyi edəcək. Bu, bir aksiomadır. Dövlətimizin başçısı Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransının (Pre-COP29) iştirakçılarına ünvanladığı müraciətdə bu məsələyə də münasibət bildirib. Ölkə başçısı qəti əminliklə bəyan edib ki, bu cür məkrli fəaliyyətlər bizi öz nəcib missiyamızı həyata keçirməkdən çəkindirə bilməz: “Burada bəzi media qurumlarının Azərbaycanın imicini ləkələmək məqsədi daşıyan qarayaxma kampaniyasına toxunmaya bilmərəm. Bu cəhdlər əbəsdir və bizi iqlim dəyişmələrinin mənfi təsirləri ilə mübarizə aparmaq üçün nəcib missiyamızı həyata keçirməkdən çəkindirə bilməz”.

Zahid Rza, “İki sahil”