19 oktyabr 2024 10:49
107

20 oktyabr - Zəngilan şəhərinin azadlıq günü

İkinci Qarabağ müharibəsindəki şanlı Zəfərimizdən sonra böyük qürur hissi ilə qeyd etdiyimiz,bütün Azərbaycan xalqı üçün əhəmiyyət kəsb edən günlərdən biri də 20 oktyabr tarixidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncamına əsasən 20 oktyabr  Zəngilan şəhəri günü kimi tariximizə yazılmışdır.

XIX əsrin əvvəllərində Zəngilan rayonu Zəngəzur qəzasına daxil idi.1920-ci ilin 28 aprelində, bolşevik Rusiyasının təkidi iləAzərbaycanın tarixi torpağı olan, minillər boyu soydaşlarımızın  yaşadığı Zəngəzur qəzasının böyük hissəsi Ermənistana birləşdirildi,Zəngilan, Laçın və Qubadlı isə Azərbaycanın tərkibində qaldı.

Ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan hissəni əhatə edən Zəngilan rayonuhəm İranla, həm də Ermənistanla həmsərhəd olduğundan ölkəmiz üçün həmişə böyük strateji əhəmiyyət daşımışdır.Zəngilan təbiəti, təbii sərvətləri, faydalı qazıntıları ilə Respublikamızın ən zəngin rayonlarındandır. Zəngilanın mineral suları, qızıl, mərmər yataqları, çinar meşələri rayonun təbii zəngiliyindən xəbər verir. Qarabağ bölgəsində yerləşən digər qədim rayonlarımız kimi Zəngilan həm dəAzərbaycanın tarixi irsini əks etdirən və xalqımızın qədim köklərinə işarəedən  tarixi-dini, memarlıq abidələri ilə məşhurdur.

Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün mühasirə şəraitində düşmənlə vuruşaraq 235 nəfər şəhid vermişdir.Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin ardından rayon əhalisi doğma torpaqlarından didərgin düşmüş,  ölkəmizin digər şəhər və rayonlarında olduğu kimi  məcburi köçkün həyatına məhkum olmuşdur.Erməni işğalı zamanı Zəngilanın çoxsaylı tarixi və dini abidələri, o cümlədən, İmam Hüseyn məscidi, Alban kilsəsi, Ziya Baba ocağı vandalizmə məruz qaldı, rayonda yerləşən məscidlər, məqbərələr və digər dini tikililər dağıdıldı.

2020-ci ilin sentyabr ayının 27 – dəbaşlayan44 günlük Vətən müharibəsi Azərbaycanın öz tarixi torpaqlarını hərbi-siyasi yolla işğaldan azad etməsi ilə nəticələndi. Zəngilan rayonu bu müharibənin həlledici döyüş sahələrindən biri oldu. Cəbrayıl rayonu istiqamətindəki döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələri Zəngilanın inzibati sərhədlərinə çatmağa nail olmuş, əməliyyat zamanı bölgənin 49 kəndi və 4 qəsəbəsi erməni işğalından xilas edilmişdir. Beləliklə oktyabrın 20 i Zəngilan şəhərinin və onun ətrafındakı bir sıra kəndlərinin düşmən işğalından azad olunduğu gün kimi hərb tariximizə həkk olunmuşdur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində yeni tarix yazdı. Biz 27 il boyunca olduğu kimi 29 oktyabrı Zəngilanın işğal olunduğu gün kimi hüznlə yad etmək əvəzinə, artıq 4 – cü ildir ki , 20 oktyabrı şəhərin Qurtuluş Günü kimi böyük fərəh hissi ilə qeyd edirik.

2020-ci ildə Zəngilan işğaldan azad edildikdən sonra Azərbaycanınİranla olan 132 kilometrlik sərhəddidüşmən nəzarətindən azad olunaraq bərpa edildi. Həm tarixi, həm də strateji baxımdan mühüm əhəmiyyət kəsb edən sərhədin  bərpa işləri müharibədən dərhal sonra başladı, sərhəd boyunca infrastruktur və təhlükəsizlik tədbirləri həyata keçirildi.

2020-ci il noyabrın 26-da Prezident İlham Əliyev Zəngilanın işğaldan azad edilməsi şərəfinə “Zəngilanın azad olunmasına görə” medalının təsis edilməsi barədə sərəncam  imzaladı. Zəngilan uğrunda döyüşlərdə xüsusi şücaət göstərən Azərbaycan Silahlı Qüvvələrinin 6974hərbi qulluqçusu bu medalla təltif olundu.

Zəngilanın azad edilməsindən sonra bölgədə genişmiqyaslı bərpa və infrastruktur layihələri həyata keçirilməyəbaşlandı. Zəngilanın Ağalı kəndində 200 evdən ibarət  ilk ağıllı kənd pilot layihəsi icra edildi. Kənddə artıq məktəb, bağça, tibb məntəqəsi, “ASAN”, “DOST” kimi mərkəzlər, sahibkarlığa dəstəkxidmətləri mövcuddur.2022 – ci ilin may ayından etibarən Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıb. Zəngilanda müasir kəndlərdən biri olan Ağalı kənd layihəsi Qarabağın “yaşıl enerji” zonasına daxil edilib. Bu kəndlər ən müasir texnologiyalarla təchiz olunur, burada dayanıqlı enerjidən istifadə edilir və ekoloji cəhətdən təmiz yaşayış şəraiti yaradılır.

Hal- hazırda Zəngilanda müxtəlif istiqamətlərdə aktiv inşaat vəhərtərəfli inkişaf layihələri həyata keçirilir. Artıq şəhərin baş planı təsdiq edilib və yaxın illərdə Zəngilanın tam bərpası nəzərdə tutulur. Şəhər mərkəzi ilə yanaşı, ətraf kəndlərin də infrastrukturu yenidən qurulacaq və əhali öz doğma yurdlarına geri qayıdacaq.

Zəngilan-Şərqi Zəngəzur-Ağbənd dəmir yolu layihəsi regionda həyata keçirilən loqistik bərpa işlərinin ən əhəmiyyətli istiqamətlərindəndir. Bu layihə Azərbaycanın beynəlxalq nəqliyyat şəbəkəsinə birləşdirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Zəngilan-Horadiz dəmir yolu xəttinin tikintisi ilə bu bölgənin həm ölkə daxilində, həm də xaricdə ticarət və yük daşınması üçün əsas marşrutlardan biri olacağı gözlənilir.

Zəngilan həmçinin mühüm nəqliyyat qovşağına çevrilir. Burada yerləşən Zəngilan Beynəlxalq Hava Limanı bölgənin logistika mərkəzinə çevrilməsi üçün vacib bir amildir. Hava limanı həm yerli, həm də xarici yük və sərnişin daşınması üçün mühüm baza rolunu oynayacaq.

Zəngilan Naxçıvanla əsas əlaqə nöqtəsi olacaq Zəngəzur dəhlizinin mühüm hissəsini təşkil edir. Bu dəhliz ticarət və nəqliyyat üçün böyük əhəmiyyət daşıyır və Zəngilanın iqtisadi inkişafını təmin edəcək. Dəhlizin bərpası, Azərbaycanın qərb regionları ilə Naxçıvan arasında yeni iqtisadi əlaqələr qurmağa imkan verəcəkdir.

Zəngilan şəhərində Heydər Əliyev Fondu tərəfindən yerli məscidin yenidən qurulması Azərbaycanın işğaldan azad olunmuş ərazilərində milli-mənəvi dəyərlərin bərpası istiqamətində atılan önəmli addımlardan biridir. İşğal illəri ərzində ermənilər tərəfindən milli kimliyimizə aid abidələr, o cümlədən məscidlər vandalizmə məruz qalmış və dağıdılmışdır. Heydər Əliyev Fondu məscidlərin bərpasını həyata keçirməklə milli-mədəni irsimizin yenidən bərpa edilməsinə töhfə verir.

Zəngilanda yalnız yaşayış bərpa işləri ilə kifayətlənilməyərək, kənd təsərrüfatının inkişafı üçün də əhəmiyyətli layihələr həyata keçirilməkdədir. Bu çərçivədə “Dost Aqropark” adlı layihə xüsusilə diqqətə layiqdir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə təsis etdiyi bu aqropark, bölgənin kənd təsərrüfatı potensialını bərpa edərək iqtisadi dirçəlişin əsasını qoyur. Aqroparkın fəaliyyəti yeni iş yerlərinin yaranması ilə bərabər, regionun öz kənd təsərrüfatı məhsulları ilə təmin olunmasında mühüm rol oynayacaqdır. Bu layihə işğaldan azad edilmiş ərazilərin tam şəkildə canlanmasını təmin edəcək vacib addımlardan biridir.

Zəngilan bölgəsi kənd təsərrüfatının inkişafı üçün çox əlverişli torpaqlara malikdir. İşğaldan azad olunmuş bu torpaqların aqrar sektorda istifadəsi gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinə böyük töhfə verəcəkdir. Artıq bölgəyə 6000 baş anqus cinsindən olan iribuynuzlu mal-qara gətirilmiş, gələcəkdə bu sayın 10 minə çatdırılması nəzərdə tutulur. Zəngilan, Laçın və Kəlbəcər kimi böyük yaşıl ərazilərə malik bölgələrdə heyvandarlığın inkişafı üçün əlverişli şərait mövcuddur. Bu layihələr Azərbaycanın öz qida təminatını artırmaq və xarici idxaldan asılılığı azaltmaq məqsədinə xidmət edir.

“Böyük Qayıdış” layihəsi çərçivəsində Zəngilan rayonunun işğaldan azad edilmiş Ağalı kəndi, yenidən qurularaq, 175 ailənin köçürülməsi ilə bölgədə məskunlaşma prosesi həyata keçirilmişdir. Bu ailələr yeni yaşayış yerlərində peşə ixtisaslarına və bacarıqlarına uyğun olaraq məşğulluq imkanları ilə təmin olunacaqlar. Onlar dövlət orqanlarında, ictimai iaşə obyektlərində, tikinti və tikiş fabriklərində işlə təmin ediləcəklər. Bu, həm iqtisadi, həm də sosial cəhətdən bölgənin dirçəlməsinə və əhalinin rifahının yüksəlməsinə təkan verəcək.

Ağalı kəndində köçürülmüş əhalinin həyat şəraitinin yüksək səviyyədə təmin edilməsi üçün hər cür infrastruktur yaradılmışdır. Bu çərçivədə dövlət xidmətləri mərkəzi, məktəblər, uşaq bağçaları, banklar, poçt xidmətləri və ictimai iaşə obyektləri fəaliyyət göstərir. Bu, əhalinin bölgəyə geri qayıdışını stimullaşdırmaq və onların burada rahat yaşamalarını təmin etmək məqsədini güdür. Bu layihələr Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı inkişaf strategiyasının tərkib hissəsidir və bu ərazilərin iqtisadi, mədəni və sosial dirçəlişini təmin edir.

 Zəngilan rayonu Azərbaycanın qədim tarixini və zəngin mədəni irsini özündə birləşdirən bir bölgədir. İşğaldan azad edildikdən sonra aparılan bərpa və yenidənqurma işləri bu rayonu gələcəkdə regionun əsas mərkəzlərindən birinə çevirməkdədir. “Böyük Qayıdış” layihəsi çərçivəsində Zəngilan sakinləri öz doğma torpaqlarına geri dönərək, rayonun inkişafında iştirak edəcək və Azərbaycanın bu gözəl bölgəsinin dirçəlişini yenidən təmin edəcəklər.

Ziyafət Əsgərov,
Azərbaycan Respublikası  Milli Məclisinin Sədr müavini