“Biz Bir Ailəyik” əlilliyi olan şəxslərə dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Fiziki məhdudiyyətli şəxslər üçün dəstək tədbirləri” adlı layihə çərçivəsində əlilliyi olan şəxslər və gənclər arasında bilik yarışı keçirib.
“İki sahil” xəbər verir ki, mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
“Biz bir ailəyik” əlilliyi olan şəxslərə dəstək İctimai Birliyinin sədri Günay Ağazadə məlumat verib ki, yarışında ümumilikdə 94 nəfər şəxs iştirak edib. Onlar 5 nəfər əsas, 2 nəfər isə ehtiyat olmaqla 12 komanda şəklində mübarizə aparıblar. Gərgin mübarizə şəklində gedən yarışda birinci yerin qalibi 250 saylı məktəbin kollektivi, ikinci yerin qalibləri “Qarabağ” və “Zəngəzur” komandaları olub, üçüncü yeri isə “Altun” və “Qafqaz” komandaları tutublar.
Sonra rəsmi mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, Keşlə Bələdiyyəsinin sədr müavini İradə Həsənova, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Prezident mükafatçısı, Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin sədri Gülşən Behbuda, Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin şöbə müdiri Ramil Mehdiyev çıxış ediblər.
Çıxışlardan sonra təltifetmə olub, qaliblərə diplomlar, medallar və kuboklar, yarış iştirakçılarına isə sertifikatlar təqdim olunub.