22 oktyabr 2024 16:36
187

Şəhər nəqliyyatında yeni dövr: Uçan “dron taksi”

Brazilyanın aviasiya şirkəti 2026-cı ilə qədər 185 km/saat sürətlə uçan dron taksilər üçün minlərlə sifariş alıb. Baş ofisi Braziliyanın San-Paulu əyalətində yerləşən "Eve Air Mobility" beynəlxalq aviasiya şirkəti tərəfindən istehsal olunan uçan taksilərin şəhər nəqliyyatında yeni dövrün başlanğıcı olacağı gözlənilir. Bildirilib ki, “eVTOL” adlı dron taksilərdən artıq 2900-ü 30 müştəriyə satılıb. 185 km sürətlə uçması planlaşdırılan, eyni zamanda, 297 km sürətə çata bilən “eVTOL”ların şəhər nəqliyyatında inqilab edəcəyi də xüsusi vurğulanır.

İngiltərənin “The Sun” qəzetinə açıqlama verən “eVTOL” layihəsinin rəhbəri Johann Bordais bildirib ki, dron taksilərin xidmətə qoşulması üçün heç bir texnoloji problem yoxdur: “Ancaq ekosistem hazır olmalıdır. Bu futuristik nəqliyyat vasitələri ilə yaradılacaq yeni səyahət forması üçün infrastruktur hazırlanmalıdır. Bunlar arasında yeni bir hava hərəkətinin idarə edilməsi sistemi, şaquli qalxma və enmə limanları, elektriklə işləyən uçan taksilər üçün şarj məntəqələri yaradılmalıdır.”

“Eve Air Mobility” şirkətinin mühəndisləri bu nəqliyyat vasitələrinin şəhərlərdə səssizcə səyahət etməsini hədəfləyiblər. Bildirilib ki, maksimum 97 km məsafə qət edə biləcək bu taksilər üçün birdəfəlik ideal uçuş məsafəsi 32 km-dir.

Pilotlu “eVTOL”ların bazara girən ilk uçan nəqliyyat vasitələri olacağı ehtimalı olsa da, “Eve Air Mobility”  kimi şirkətlərin əsas hədəfləri pilotsuz uçan nəqliyyat vasitələrinin normal adət halına gəlməsini təmin etməkdir. Layihə rəhbəri J.Bordais bunları deyib: “Bu fantastika  deyil, həyatımızda həyata keçirə biləcəyimiz bir layihədir. Bu gün pilotsuz təyyarə ilə uçmaq mümkündür. Ancaq biz yavaş-yavaş irəliləmək istəyirik. Pilotsuz uçuşların mərhələli şəkildə başlanacağı, karqo uçuşlarından sonra isə sərnişin daşımalarına keçilməsi gözlənilir. Birinci mərhələdə dron taksilərdə pilotlu və pilotsuz uçuşların qarışığı olacaq”.

Vüsal Cahanov, İki sahil”