24 oktyabr 2024 14:55
89

1 200-ə yaxın vətəndaşa 3 100-dən çox tibbi xidmət göstərilib

TƏBİB-in təşkilatçılığı və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyilə "TƏBİB-in İxtisas gündəliyi" proqramı çərçivəsində beynəlxalq sümük-əzələ sistemi xəstəlikləri günləri ilə əlaqədar sözügedən xəstəliyin risk faizinin yüksək olduğu bölgələrdən hesab olunan Göyçay, Kürdəmir, Zərdab, Ucar, Ağsu və Ağdaş rayonlarında yaşayan vətəndaşlar üçün tibbi xidmətlər təşkil edilib.

“İki sahil” xəbər verir ki, “Həmişə ayaq üstə” layihəsi çərçivəsində Göyçay Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Göyçay Ailə Sağlamlıq Mərkəzində və Göyçay şəhər S.Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyada bölgə üzrə vətəndaşlara, o cümlədən burada yaşayan müxtəlif sosial qruplardan olan şəxslərə paytaxtdan gələn uzman və ixtisaslı həkimlər tərəfindən tibbi xidmətlər göstərilib.

21-23 oktyabr tarixlərində baş tutan layihədə iştirak edən tibbi heyət Bakı şəhərində yerləşən böyük tibb müəssisələri - Respublika Klinik Xəstəxanası, Respublika Pediatriya Mərkəzi, Yeni Klinika və Kliniki Tibbi Mərkəzin həkimlərindən ibarət olub.

 Ümumilikdə 1126 vətəndaşa travmatoloq-ortoped, nevroloq, uşaq nevroloqu, revmatoloq, endokrinoloq, uşaq endokrinoloqu, terapevt və s. dar ixtisas həkimləri tərəfindən 3119 adda tibbi xidmət göstərilib.

Qeyd edək ki, layihənin icrası zamanı bölgədə yaşayan həssas əhali qrupuna daxil olan müharibə iştirakçıları və şəhid ailələrinin üzvləri də tibbi müayinələrə cəlb olunub.

 Həkim-mütəxəssislər tərəfindən vətəndaşlara tibbi xidmətlərin göstərilməsilə  yanaşı, zəruri həkim məsləhətləri verilib və ətraflı müayinəyə ehtiyac yarandığı təqdirdə  müvafiq tibb müəssisələrinə yönləndirilmələr təmin olunub.