24 oktyabr 2024 23:03
90

Dayaz düşüncə və reallıq hissini itirmək

Bu, Əli Kərimlinin ən böyük faciəsidir

AXCP sədri Əli Kərimlinin sosial şəbəkə statuslarını oxuyanda düşünürsən ki, bu adamın fəaliyyəti kodlaşdırılıb və missiyası yalnız Azərbaycan xalqının və dövlətinin ünvanına iftiralar yağdırmaqdan ibarətdir. Onun sonuncu statusundakı fikirləri bir daha təsdiq edir ki, o, ruhən hər şeyi qara görməyə, həqiqətləri inkar etməyə meyillidir. Son statuslarından birində yazır ki, «The Washington Post» haqlı çıxdı: «Qəzet yazmışdı ki, hakimiyyət siyasi rəqabəti yaxın buraxmadığı üçün AXCP sədri Əli Kərimliyə qarşı saxta cinayət işi başladılıb. Qəzet onu da yazmışdı ki, dəfələrlə təxirə salıb, gecikdirməklə hakimiyyət bu saxta məhkəmə işini COP29-dan sonraya saxlamaq istəyir. Dünyaca məşhur qəzetin analizi özünü doğrultdu. Dünən keçirilməli olan məhkəmə prosesi COP29-dan sonraya, dekabrın 2-nə təyin olundu.»

Gəlişi gözəl və pafosla ifadə edilmiş fikirlərdir. Ancaq gəlin görək bu adamın sözlərində cüzi olsa da həqiqət payı varmı? Əvvəla ondan başlayaq ki, Əli Kərimlini məhkəməyə verən onun ən yaxın və sadiq adamlarından biri - 1995-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olan Aydın Əliyevdir. O, AXCP üzvlüyündən çıxarıldığı üçün Əli Kərimlidən məhkəməyə şikayət ərizəsi yazıb. Adam haqqını məhkəmə yolu ilə almaq istəyir və ona olunan haqsız qərardan narazılığını ifadə edir. Şikayətə uyğun olaraq ilkin məhkəmə araşdırması da aparılıb. Məhz bundan sonra Əli Kərimli və ətrafı hay-küy salmağa başlayıblar. Haqlı sual olunur ki, əgər günahkar deyilsənsə, əgər özünə güvənirsənsə niyə məhkəmə prosesindən qorxursan? Axı sən özün də həmişə iddia etmisən ki, bütün mübahisələrin və münaqişələrin əsas predmeti məhkəmələr olmalıdır.

Əli Kərimli elə həmin statusunda Azərbaycan dövlətinin xarici siyasətini də qaralamağa çalışıb. Məsələn, yazır ki, Prezident İlham Əliyev Azərbaycanı avtoritarlar klubuna yaxınlaşdırıb, ABŞ və Avropa İttifaqından uzaqlaşdırdıqca, daxili siyasət daha da sərtləşir. Ölkə daxilində real müxalifətin məhv edilməsi səyləri intensivləşir.

Belə yerdə deyirlər heç hənanın yeridir. Axı, Azərbaycanın bir dövlət olaraq BRICS-in tədbirlərində iştirakının müxalifətlə nə əlaqəsi ola bilər? Doğrundanmı AXCP sədri bu qədər dayaz düşünür ki, ölkə başçısının belə qlobal geosiyasi manevrlərinə də dar çərçivədən baxır. Vallah yazıqlar olsun o adamlara ki, siyasi gündəmi dumanlı və qərəzli düşüncələrlə təhlil edir.

Bu, bir reallıqdır ki, ölkəmizin Cənubi Qafqazdakı indiki mövqe üstünlüyü və Ermənistanın davamlı geosiyasi məğlubiyyəti anti-Azərbaycan qüvvələri həm xaricdə, həm də daxildə ciddi şəkildə əndişələndirir. Xüsusilə AXCP sədri Əli Kərimli ənənəsinə sadiq qalaraq Azərbaycan dövləti əleyhinə sosial şəbəkələrdə «tezislər» tirajlayır. Hətta özünün antimilli çıxışları ilə kifayətlənməyib inhisarına aldığı dağıdıcı düşərgəni də böhtan kampaniyasına sövq edir. Məsələn, o, «cəbhəçi»lərə təlimat verir ki, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi məsələsində rəsmi Bakıya qarşı açıq ittihamlar səsləndirsinlər.

Bəli, Əli Kərimli hələ də xaricdəki anti-Azərbaycan qüvvələrin təsiri altındadır. Yəni, son zamanlar Fransa başda olmaqla bəzi Avropa dövlətləri ölkəmiz əleyhinə təzyiq vasitələrini genişləndirərkən dağıdıcı müxalifətdən maksimum dərəcədə istifadə etməyə çalışırlar. Xüsusilə ölkəmizin gələn ay ev sahibliyi edəcəyi qlobal tədbir -COP29 öncəsi onların antimilli fəaliyyəti daha da genişlənib. Dağıdıcı müxalifəti «qrant» adı ilə əslində isə çirkli pullarla maliyyələşdirən çoxsaylı «donor» institutları artıq ölkəmizə qarşı infomasiya təxribatları törətməklə məşğuldurlar. Məsələn, bu gün USAID, NED, Marşall Fondu, IREX və digər onlarla beynəlxalq institutlar məhz bu cür proqramların icraçıları hesab olunurlar ki, Azərbaycandakı dağıdıcı müxalifət onların ən yaxın «tərəfdaşlarıdır». Yəni, onlar anti-Azərbaycan fəaliyyətlərində AXCP və onun ətrafındakı KİV-lərdən səmərəli yararlanırlar. Fəaliyyətlərini isə «demokratik inkişafa dəstək vermək» adı ilə pərdələyirlər. Ancaq əsl həqiqət odur ki, yerli icmaları maddi vəsaitlə şirnikləşdirərək legitim hakimiyyətlərə qarşı ictimai etimadsızlığa məcbur edirlər.

Elçin Zaman, «İki sahil»