01 noyabr 2024 00:11
74

“Samsung” “Apple” ilə mübarizəsini davam etdirir

Cənubi Koreyanın “Samsung” korporasiyası eksklüziv olaraq premium smartfonların istehsal olunacağı yeni brend yaratmaq imkanını nəzərdən keçirir. Bu barədə yerli “E-Today” nəşri məlumat yayıb.

Mənbələrin məlumatına görə, “Samsung” rəhbərləri şirkətin bütün cihazlarının ümumi “Galaxy” universal brendi altında buraxılmasından narahat olduqlarını bildiriblər. Bu da onların fikrincə, şirkətin premium imicini zəiflədir. Yeni xəttə bütün smartfonları yalnız “iPhone” brendi altında istehsal edən və yalnız yüksək səviyyəli qadcetlər seqmentinə diqqət yetirən Apple ilə rəqabət aparmaq üçün yaradılmış cihazların daxil olacağı gözlənilir.

Mütəxəssislər qeyd edirlər ki, yeni brendin yaradılması “Samsung”a nəinki bazarda mövqeyini möhkəmləndirməyə, həm də onun flaqman modellərini tanıtmağa diqqət yetirməyə kömək edə bilər. Müsbət misal kimi ekspertlər dəbdəbəli brend “Genesis”i təqdim edən “Hyundai” Korporasiyasının uğurunu qeyd ediblər. Bu addım avtomobil istehsalçısına imicini yaxşılaşdırmağa və brendin istehlakçıların gözündə nüfuzunu artırmağa imkan verib.

Bundan əlavə, oktyabrın sonunda “Samsung”un təxminən 150-200 dollara başa gələcək 5G dəstəyi ilə büdcəli “Galaxy A06” smartfonunu satışa çıxarmaq planları da açıqlanıb. Bu cihaz beşinci nəsil şəbəkələri dəstəkləyən “Samsung” xəttinin ən münasib qiymətlisi olacaq.

 Xatırladaq ki, 2024-cü ilin yazında “Samsung” satışlara görə “Apple”ı növbəti dəfə qabaqlayıb. Qlobal mobil qadjetlər bazarının 20,8%-i “Samsung”un, 17,3%-i isə “Apple”ın payına düşüb.

Nubar Süleymanova, “İki sahil”