01 noyabr 2024 23:58
297

Daha Əli Kərimlinin COP29 yalanlarına inanan yoxdur

Azərbaycanın dünyanın diqqət mərkəzində olması bu antimilli ünsürü ciddi şəkildə qısqandırır

Azərbaycanın dağıdıcı müxalifəti ölkəmizin və xalqımızın uğurlarına nəinki qısqanclıqla yanaşır, hətta ona qarşı böhtan və şər kampaniyası aparır. Onlar bu avantürist addımlar ilə daha da irəli gedərək xaricdəki anti-Azərbaycan qüvvələrlə mütəşşəkkil şəkildə birləşirlər.

Xatırladaq ki, son 10 ildə ölkəmizdə keçirilən beynəlxalq y tədbirləri  öncəsi («Eurovision 2012» beynəlxalq musiqi yarışması, Birinci Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları) məhz dağıdıcı müxalifət xaricdəki anti-Azərbaycan qüvvələrə can- başla xidmət göstərərək həmin yarışların boykot edilməsinə çalışırdılar. Lakin həm Azərbaycan dövlətinin, həm də Prezident İlham Əliyevin  qətiyyəti və nüfuzu sayəsində bu yarışlar yüksək səviyyədə keçirilərək ölkəmizə həm maliyyə, həm də böyük şöhrət gətirdi.

Artıq bir neçə gündən sonra Azərbaycan dünyanın diqqət mərəkəzində olan COP29-a da ev sahibliyi edəcək. Ölkəmiz bu tədbirə çox ciddi hazırlaşaraq sübut etmək istəyir ki, biz İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəmizdən, eyni zamanda, ölkəmizi təhdid edən separatizmi birdəfəlik çökürdəndən sonra həm də dünyanı narahat edən iqlim dəyişikliyi problemlərinin həllinə köməkdə də öndəyik.

Lakin bu beynəlxalq əhəmiyyətli tədbirdən də ciddi narahatlıq keçirən AXCP sədri Əli Kərimli sosial şəbəkə statuslarında və internet tv-lərə müsahibələrində gözünü yumub ağzını açaraq  dövlətimizin ünvanına nə qədər bacarırsa, o qədər də böhtan yağdırır. O, yazır: « COP 29 həqiqətən də Azərbaycanı dünyanın diqqət mərkəzinə gətirdi. Ancaq İlham Əliyevin istədiyi şəkildə yox, tam əksinə. Dünyada elə nüfuzlu beynəlxalq təşkilat, media quruluşu qalmadı ki, COP 29-a ev sahibliyi edəcək Azərbaycandakı repressiyadan yazmasın, Azərbaycandakı 300 nəfərdən artıq siyasi məhbusa azadlıq tələb etməsin. Düzdür, hakimiyyət öz aləmində «prinspiallıq göstərir», «geri çəkilmir», məhbusları azad etmir. Sanki dünyaya deyir ki, nə qədər tələb edirsiz edin, nə qədər rüsvay edirsiz edin, biz öz xalqımızın içindən götürdüyümüz girovları azad etməyəcəyik.
Ancaq hakimiyyətin tərsliyi ən çox da özünə zərər vurdu və vuracaq. Siyasi məhbuslar bir az ləngimə ilə olsa da, azad ediləcək. Siyasi məhbuslara, bütövlükdə topluma göz dağı vermək istəyərkən rejim ən böyük pisliyi özünə etdi.»

Onun bu statusları tam bir anormallıqdır və siyasətçi olmaq iddiasında olan adama heç də başucalığı gətirmir. Bu kəmsavad siyasətçi hələ də anlamır ki, artıq  təxminən bir həftədən sonra ölkəmizə on minlərlə tədbir iştirakçısı gəlməyə başlayacaq.

Ən diqqət çəkən məqama isə odur ki, bu tədbirdə sıradan adamlar deyil, məhz onlarla dövlət  və hökumət başçısı, nazirlər, fəal ictimai xadimlər, tanınmış alim və ekoloqlar iştirak edəcəklər. Əli Kərimlinin düşündüyü  kimi, əgər beynəlxalq ictimaiyyət bu gün ölkəmizdəki ictimai- siyasi vəziyyətdən, o cümlədən demokratik mühitdən narazı olsaydılar, nəinki, Bakıya gəlmək istəməzdilər, hətta onun beynəlxalq nüfuzunu aşağı almağa çalışardılar.

Artıq dünyanın ən nüfuzlu media orqanları Bakıdı keçiriləcək COP29-la bağlı çox önəmli yazılar verərək Azərbaycan dövlətinin bu tədbiri keçirməsinin beynəlxalq əhəmiyyətindən danışırlar. Xüsusilə «yaşıl  enerji» axını məsələsinin gündəmə gətirilməsi və  onun daha da genişlənməsi istiqamətində son illərdə ölkəmizin atdığı addımlar birmənalı olaraq müsbət qiymətləndirilir.

Bundan başqa, ötən günlərdə Prezident İlham Əliyev bir neçə ölkənin səfirlərinin etimadnaməsini qəbul edərkən  məlum oldu ki, Asiya və Afrika ölkələrinin dövlət başçıları COP29-da iştirak edəcəklərindən məmnunluqlarını ifadə ediblər. Təbii ki, Əli Kərimlinin belə müsbət faktları görməzlikdən gəlməsi və əvəzində COP29-a qarşı qara piar kampaniyası aparması onun sağalmaz xəstəliyi olan populizmindən və avantürizmindən irəli gəlir.  

Elçin Zaman, «İki sahil»