05 noyabr 2024 23:11
90

Anti-Azərbaycan şəbəkənin informasiya təxribatı nəyə hesablanıb?

Başda“tükənmişlik sindromu” ilə üz-üzə qalan AXCP sədri Əli Kərimli olmaqla xəyanətkar dağıdıcı qaragüruh dəstəsi  COP29 ərəfəsində  bədxahlarımızdan, ermənipərəst dairələrdən aldıqları “səngərlərdə mövqeləri daha da möhkəmləndirin” tapşırığını böyük canfəşanlıqla yerinə yetirir

Azərbaycanda keçiriləcək mötəbər tədbirə-COP 29-a sayılı günlər qalır. Bir neçə gündən sonra dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət başçıları, elm adamları, ekspertlər çağdaş dövrümüzün ən vacib və narahatedici  problemlərindən biri olan iqlim dəyişmələrini və onun planetimizə təsirini müzakirə etmək üçün ölkəmizdə bir araya gələcəklər. Qlobal problemlərin həlli üzrə beynəlxalq mərkəz kimi mövqeyini gündən-günə möhkəmləndirən Bakı iqlim dəyişmələrinə həsr olunan bu mötəbər tədbirin yüksək təşkilati və intellektual səviyyədə keçirilməsi üçün hazırlıq işlərini tamamlamaq üzrədir.

Bütün planetimizin gələcəyini təhlükə altına qoyan iqlim dəyişmələrinə həsr olunan mötəbər tədbirin keçirilməsinə sayılı günlər qaldıqca  antimilli ünsürlərlə sinxron işbirliyinə girən anti-Azərbaycan dairələr nəzarətlərində saxladıqları “beyin” mərkəzləri, media vasitələri, beynəlxalq qeyri-hökumət təşkilatları vasitəsilə qarğa-quzğun kimi üzərimizə tökülüşürlər. Təxminən 200 il ərzində təbiətlə, ətraf mühitlə müharibə aparan iri sənaye mərkəzlərinin cəmləşdiyi bəzi Qərb ölkələri həllivacib qlobal problemlərin sırasında öndə gələn iqlim dəyişmələrinə həsr olunan bu möhtəşəm tədbiri qərəzli şəkildə siyasiləşdirmək üçün min bir hoqqadan çıxırlar.

Danılmaz faktdır ki, bütün bəşəriyyəti narahat edən iqlim dəyişmələrinə həsr olunan mötəbər bir tədbir ərəfəsində bir sıra Qərb mediasında siyasi kontekstdə Azərbaycana qarşı açıq-aşkar mənfi tendensiya müşahidə olunur. Ölkəmizin imicinə xələl gətirmək məqsədi daşıyan bu kampaniyaya dezinformasiya, faktların təhrif edilməsi və ictimai rəyin manipulyasiyası daxildir. Gerçəklik ondan ibarətdir ki, erməni lobbisi Bakıda COP29-un keçirilməsinə mane olmaq üçün Azərbaycana qarşı qarayaxma kampaniyasında bütün dünyanın yaxşı tanıdığı məlum lobbiçilərindən məharətlə istifadə edir.

Bütün dünyanı ədalətsiz müharibələr, ekoloji fəlakətlər girdabı ilə üz-üzə qoyan həmin qüvvələr öz çirkin niyyətlərini gerçəkləşdirmək üçün Azərbaycanın COP29-a ev sahibliyi etməsindən sui-istifadə edərək, haqsız tələblər irəli sürərək, əsassız iddia və ittihamlar səsləndirərək ölkəmizə qarşı təzyiq və hücumları daha da gücləndirirlər. Vahid mərkəzdən idarə olunan, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etməsini həzm edə bilməyən bu qüvvələrin COP29 ərəfəsində respublikamızı beynəlxalq nüfuzdan salmaq üçün bütün resurlarını işə salacaqlarını biz əvvəlcədən bilirdik. Ölkəmizin başçısı 2-ci Şuşa Qlobal Media Forumunda bu barədə bildirmişdir: “Bu gözlənilən bir hal idi və bunu müzakirə etdiyim bir çox şəxslərlə danışıqlarımda,- həmkarlarımı, dövlət və hökumət başçılarını nəzərdə tuturam,- onlar mənə deyirdilər ki, bu, Azərbaycan üçün böyük başağrısı olacaq. Əlbəttə, biz dərk etdik ki, hücumlara məruz qalacağıq. Biz əlbəttə bunu proqnozlaşdıra bilmərik ki, ittihamların mövzusu necə olacaqdır? Amma əminəm ki, kifayət qədər ittihamlar olacaqdır. Biz nədə ittiham olunurduq? Neft və qazla zəngin ölkə olduğumuz üçün. Bu, çox təəccüblü haldır. Yeri gəlmişkən, COP28-in ev sahibi olan Birləşmiş Ərəb Əmirlikləri də eyni mövzuda ittiham olunmuşdu”.

Cöründüyü kimi, bu gün müxtəlif əsassız bəhanələrlə, uydurma yalanlarla ölkəmizə təzyiq göstərənləri, təhdid edənləri bəşəriyyətin mövcudluğu və gələcəyi üçün ciddi təhdidlər yaratmaqda davam edən iqlim dəyişmələri, atmosferin, ətraf mühitin çirklənməsi, quraqlıq, səhralaşma, biomüxtəlifliyin itirilməsi, su qıtlığı, ərzaq çatışmazlığı, planetimizin təbii soyuducuları olan Antarktida buzlaqlarının əriyib yoxa çıxması deyil, yalnız öz çirkin maraqları düşündürür. Bu gün bizə yol göstərmək, yön vermək istəyən şər qüvvələrin “xidmətləri” sayəsində dünyanın necə bir ağır mərhələyə qədəm qoyduğunu görməmək sadəcə, mümkün deyildir. 

Təbii ki, bütün baş verənlər hec də təəccüblü deyil. Biz əvvəllər də anti-Azərbaycan dairələrin heç cür mənəvi, əxlaqi, siyasi, hüquqi çərçivəyə sığmayan qarayaxmalarına şahidlik etmişik. Belə ki, məlum məkrli dairələr və onların “sapı özümüzdən olan” əlaltıları Bakıda “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsi, daha sonra I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları keçiriləndə də ermənipərəst dairələrlə səs-səsə verərək həyasızcasına Azərbaycan əleyhinə təbliğat aparırdılar.

Məsələ ondadır ki, həmin qərəzli dairələr Azərbaycana qarşı öz məkrli planlarını həyata keçirmək üçün həmişə olduğu kimi, bu gün də  ölkəmizdəki antimilli ünsürlərin ötürdükləri donoslardan, eləcə də onların saxta məlumatlarından böyük məharətlə istifadə edirlər.  “Tükənmişlik sindromu” ilə üz-üzə qalan AXCP sədri Əli Kərimli başda olmaqla “Milli Şura”nın sədri Cəmil Həsənli, Arif Yunus, Arif Şahmarlı kimi xəyanətkar dağıdıcı qaragürühun ünsürləri öz növbəsində COP29 ərəfəsində  bədxahlarımızdan, ermənipərəst dairələrdən aldıqları “səngərlərdə mövqeləri daha da möhkəmləndirin” tapşırığını böyük canfəşanlıqla yerinə yetirirlər.

Bütün bunlar əbəsdir. Şəxsi ambisiyaları naminə, eləcə də çirkli qrantlar müqabilində bədxahlarımıza canla-başla köləlik edən antimilli ünsürlərin, zombi sürüsünün ölkəmizə qarşı apardığı çirkin “qara piar” kampaniyası əvvəllər olduğu kimi, yenə də fiaskoya uğrayacaq. Ən əsası isə odur ki, yanlış hesablamalar anti-Azərbaycan dairələri gec-tez diz çökdürəcək.

Zahid Rza, “İki sahil”