06 noyabr 2024 00:27
70

8 Noyabr xalqımızın Zəfər Günüdür

Bu, həm də əbədi qürur duyacağımız tariximizin daha bir ləyaqətli səhifəsidir

İkinci Qarabağ müharibəsini qısa müddətdə- cəmi 44 günə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə ilə başa vuran Azərbaycan Ordusu xalqımıza qürürverici anlar yaşatdı. Ordumuz 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Qarabağın tacı olan Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edilməsi isə Ermənistan rəhbərliyini kapitulyasiya aktını imzalamağa məcbur etdi. Kapitulyasiya aktına əsasən, noyabrın 20-si Ağdam, 25-i Kəlbəcər, dekabrın 1-i isə Laçın rayonları Azərbaycana  bir güllə atılmadan qaytarıldı. Bununla da ölkəmiz savaşı nəinki, döyüş meydanında, həm də geosiyasi məkanda uğurla bitirmiş oldu.

Bəli, Müzəffər Ali Baş Komandan vəd etdiyi kimi, qədim Şuşamızın işğaldan azad edilməsini təmin etdi. 8 noyabrda ordumuzun qəhrəman hərbçiləri alınmaz qala hesab edilən Şuşanı böyük fədakarlıqla azad etdi. Hətta bu döyüşləri xarici hərbi ekspertlər, o cümlədən erməni generalları əfsanə adlandırdılar. Sıldırım qayaları dırmaşaraq əlbəyaxa döyüşlər həyata keçirən Azərbaycan hərbçiləri Şuşadan Ermənistan hərbi birləşmələrini bir gün ərzində qovub çıxarmışdılar. Ona görə də  Prezident İlham Əliyev 2020-ci ilin dekabrın 3- də  8 noyabr tarixinin hər il  Zəfər Günü kimi qeyd olunmasına dair Sərəncam imzaladı.  Sərəncamda qeyd olunurdu ki, hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynayıb, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb olub. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev hələ İkinci Qarabağ müharibəsinin gedişində Şuşanın işğalda qalmasını qəbuledilməz hal kimi dəyərləndirirdi. O deyirdi: « Hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar.»

Ümumiyyətlə, Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mif cəmi 44 günə darmadağın edildi. İşğalın 30 ili ərzində Ermənistan hərbi və siyasi təzyiqlərlə ölkəmizi torpaqlarmızın işğalı ilə barışmağa məcbur etməyə çalışırdı. Lakin Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və onun siyasi varisi Prezident İlham Əliyevin  uzaqgörənliyi və qətiyyəti nəticəsində Ermənistanın heç bir avantürist ideyası reallaşmadı. Əksinə, Vətən müharibəsində Azərbaycan onlara elə bir dərs verdi ki, çətin ki, 100 illərlə özlərinə gələ bilsinlər. Ən başlıcası iki əsrdir reallaşdırmağa çalışdıqları  «böyük Ermənistan» planı fiaskoya uğradı.

Təbii ki, bu tarixi Qələbə xalqımızın milli dəyərlərə söykənən geniş potensialını üzə çıxardı. Aydın oldu ki,  ölkəmiz müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan bir Sərkərdə və vətənpərvər,  əzmkar bir nəsil  yetişdirib. Xüsusilə BMT Təhlükəsizlik Şurasının Ermənistan hərbi qüvvələrinin işğalı ilə bağlı icra olunmayan dörd qətnaməsini məhz şanlı Azərbaycan Ordusu  hərbi yolla icra etdi.
Ən önəmli məsələ isə odur ki, Vətən müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da genişləndirdi. Düşmənə qan udduran igid hərbçilərimiz Ermənistan rəhbərliyini Azərbaycanın qüdrətini qəbul etmək kimi danılmaz fakt qarşısında qoydular.

 Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin dekabrın 1-də Laçının işğaldan azad olunması münasibəti ilə xalqa müraciətində qeyd edib ki, artıq Ermənistanın məğlubiyyətindən sonra bölgəmizdə yeni reallıq yarandı: «Bu reallığı biz yaratdıq. Azərbaycan yaratdı bu reallığı. Biz düşməni torpaqlarımızdan qovduq. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdik. Bu qətnamələr 27 il idi ki, kağız üzərində qalırdı. Bu qətnamələr 27 il idi ki, sadəcə olaraq, bir çoxları üçün kağız parçası idi, təkcə Ermənistan üçün yox, başqaları üçün də. Biz deyirdik ki, beynəlxalq hüquq bizim tərəfimizdədir, BMT Təhlükəsizlik Şurasının qətnamələri tələb edir, işğalçı qüvvələr torpaqlarımızdan çıxsın. Amma bunun nəticəsi olmadı. Biz beynəlxalq hüquq praktikasında və bölgəmizdə yeni reallıq yaratdıq. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdik. Biz ərazi bütövlüyümüzü bərpa etdik. Biz işğala son qoyduq. Ümid edirəm ki, biz bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatını təşkil etdik».

Postmüharibə dövründə ölkəmizin başçısının qətiyyətli mövqeyi  sonrakı tarixi qələbələrimizin başlanğıcını qoydu.  Belə ki, Azərbaycan Ordusunun 2023-cü ilin sentyabrın 19-da həyata keçirdiyi birgünlük lokal- antiterror tədbirləri nəticəsində Qarabağdakı separatçı və terrorçu xunta birdəfəlik ləğv olundu. Nəticədə Azərbaycan dövləti suverenliyini tamamilə bərpa etdi. Barbar Ermənistan rəhbərliyi son 30 ildə güman edirdi ki, daha Azərbaycan xalqı bu torpaqlara qayıtmayacaq. Elə bilirdilər ki, Şuşanı, Laçını, Kəlbəcəri, Ağdamı, ümumiyyətlə, Qarabağı xalqımızın qəlbindən çıxarıb ata biləcəklər. Buna görə də işğal etdikləri bütün yurdlarımızı viran etmiş, daşı daş üstündə qoymamışdılar. Təbiətimizə qənim kəsilmiş, çaylarımızı qurutmuş, meşələrimizi yandırmış, qiymətli ağaclarımızı kəsib məhv etmişdilər. Bu illər ərzində bütün  yeraltı-yerüstü sərvətlərimizi talayaraq qəsb etmiş, maddi-mədəni abidələrimizə sahib olmağa çalışmışdılar. Doğma torpaqlarımızda Azərbaycan xalqından heç bir nişanə qalmaması üçün ağlagəlməz vəhşiliklərə əl atmışdılar. Amma yanılmışdılar və cılız ağılları ilə anlaya bilməmişdilər ki, Qarabağ Azərbaycandır! Azərbaycan Ordusunun bir-birinin ardınca azad etdiyi ərazilərimizdən çəkilmiş kadrlarına baxdıqca dəhşətə gəlməmək olmurdu. Ancaq bu gün vaxtıilə dağıdılan məscidlərimizdən ucalan azan səslərini eşitdikcə, tikilən məktəblərdən şagird balalarımızın təhsil aldıqlarını gördükcə ruhumuz dincəlir,  dövlətimizə güvənimiz artır.

Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqına, məcburi köçkünlərə verdiyi sözə sahib çıxdı. O, Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müdrik Lider, böyük Strateq, qalib Sərkərdə kimi adını əbədi olaraq tarixə yazdırdı. Ən başlıcası isə  güclü Azərbaycan yaradaraq düşməni onunla hesablaşmağa vadar etdi. Bir sözlə, Ali Baş Komandanımız 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi. Hazırda Prezident İlham Əliyevin siyasi fəaliyyətinin əsas qayəsi Azərbaycan dövlətini daha dagücləndirmək,  Azərbaycan Bayrağını ən uca zirvələrdə dalğalandırmaqdır. Ona görə də işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurdakı böyük tikinti-quruculuq işləri, məcburi köçkünlərin öz doğma yurdlarına Böyük Qayıdışı   44 günlük tarixi Zəfərimizin sosial-iqtisadi istiqamətdəki davamıdır.

Elçin Zaman, «İki sahil»