Özbəkistan Türk İnvestisiya Forumunun təşkil edilməsini və birinci iclasın öz ərazisində keçirilməsini təklif edib.
“İki sahil” xəbər verir ki, bu təşəbbüslə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının XI Zirvə görüşündə çıxış edib.
"Təşkilatımız çərçivəsində maliyyə alətlərinin tətbiqinə böyük diqqət yetirməliyik. Türk İnvestisiya Fondunun işinin aktivləşdirilməsi, təşəbbüsümüzlə Türk İnkişaf Bankının yaradılması məsələlərinin nəzərdən keçirilməsini vacib hesab edirik. Regional əhəmiyyətli layihələrə beynəlxalq maliyyə institutlarının və xarici investisiya şirkətlərinin cəlb edilməsi də aktualdır. Bununla əlaqədar ilk iclasını Özbəkistanda keçirməyə hazır olduğumuz Türk İnvestisiya Forumunun təşkil edilməsini təklif edirik", - o bildirib.
Özbəkistan liderinin sözlərinə görə, TDT çərçivəsində nəqliyyat dəhlizlərindən səmərəli istifadə də prioritet məsələlərdən biridir.
"Orta Dəhliz üzrə tranzit tariflərinin optimallaşdırılması, sərhəd keçid proseslərinin sadələşdirilməsi, müasir logistika sistemlərinin və birgə operatorların yaradılması ümumi maraqlarımıza tam cavab verir. Təşkilat çərçivəsində daşımalarda elektron sənəd dövriyyəsinə keçid və onların qarşılıqlı tanınması haqqında çoxtərəfli sazişin imzalanmasına çağırırıq", - Ş.Mirziyoyev vurğulayıb.
O, bütün bu aktual məsələlərin biznes nümayəndələrinin iştirakı ilə ətraflı müzakirə edilməsi üçün Türk Dövlətlərinin Logistika Mərkəzləri və Yük Daşıyıcıları Alyansı ilə birlikdə Beynəlxalq Logistika Konfransının keçirilməsini təklif edib. (Report)