07 noyabr 2024 13:03
86

Bayrağımız qürur mənbəyimizdir

Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir. Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Ulu Öndər Heydər Əliyevin siyasi qətiyyəti ilə ilə gətirilərək Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir.

Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.

17 noyabr 2009-cu ildə isə Prezident İlham Əliyev hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd olunacağı haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq indiki dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib. Sərəncama görə həmin fakt nəzərə alınaraq hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunur.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

Bu gün artıq müqəddəs bayrağımız düşmən tapdağından azad olunan qədim yurd yerlərimizdə, əzəli torpaqlarımız olan Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Ağdamda, Laçında, Kəlbəcərdə, Hadrutda, Suqovuşanda, Şuşada, Xankəndidə, Xocalıda, Xocavənddə, digər kənd və qəsəbələrimizdə qürurla dalğalanmaqdadır. Bütün bunlar Azərbaycan tarixində misli görünməmiş nailiyyətlərdir və bu tarixi nailiyyətlərin memarı cənab İlham Əliyevdir.

Üçrəngli bayrağımızın azad olunmuş torpaqlarımızda dalğalanmasını təmin etməklə Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi, onun ideallarına sadiqliyini bir daha nümayiş etdirdi. Bu möhtəşəm bayram günündə iftixar hissi keçiririk ki, Ümumilli Liderimiz tərəfindən Naxçıvanda ucaldılan üçrəngli bayrağımız bu gün bütöv Azərbaycanın hər bir bölgəsində əzəmətlə dalğalanır və bundan sonra da əbədi olaraq dalğalanacaqdır. Bayrağımız həm də bizim bütün Qələbələrimizin, savaşdakı Zəfərlərimizin əsas qayəsidir. Harada Qələbə varsa, orada qürür mənbəyimiz olan üçrənli bayrağımızın dalğalanması kimi xoş mənzərə var.

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri