07 noyabr 2024 14:45
95

Azərbaycanın ideya və təşəbbüsləri TDT-nin gələcək inkişafına öz güclü təsirini göstərir

Beynəlxalq siyasətin tam hüquqlu subyekti olan Azərbaycan mötəbər beynəlxalq regional və regionlararası təşkilatların üzvüdür. Belə nüfuzlu təşkilatlardan biri də Türk Dövlətləri Təşkilatıdır (TDT). Təqdirə layiq haldır ki, Azərbaycanın TDT-nin bütün üzv və müşahidəçi ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda qarşılıqlı faydalı əlaqələr saxlaması qurumun fəaliyyətinə güclü təsir göstərir. Prezident İlham Əliyevin Bişkekə son səfəri və səsləndirdiyi fikirlər bir daha təsdiqləyir ki, rəsmi Bakı dünya siyasətinin qlobal proseslərinə birbaşa və ya dolayısı ilə təsir göstərən türk dövlətləri ilə münasibətləri dərinləşdirməkdə maraqlıdır və türk dövlətləri ilə əlaqələrin genişləndirilməsi, türk dünyasının gücləndirilməsi onun xarici siyasətinin prioritet istiqaməti olaraq qalacaq.

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

O qeyd edib ki, Azərbaycan türk dövlətləri ilə birgə yaratdığı Türk Dövlətləri Təşkilatını öz ailəsi hesab edir və bu təşkilatın daha da güclənməsi və regional güc mərkəzi kimi inkişaf etməsini istəyir. Prezident İlham Əliyev 2024-cü il fevralın 14-də andiçmə mərasimindəki çıxışında demişdi ki, TDT Azərbaycan üçün əsas beynəlxalq təşkilatdır. Dövlət başçısı bunu təşkilat üzvlərinin bir ailə olması ilə əlaqələndirmişdi. Azərbaycanın bu baxımdan unikallığı həm də ondan ibarətdir ki, onun təkcə çoxillik qardaşlıq əlaqələri deyil, həm də təşkilatın bütün iştirakçıları ilə müasir əlaqələri var. Azərbaycan müasir tarixinin böyük hissəsini məhz Mərkəzi Asiya respublikaları ilə bölüşür. Əməkdaşlığın əsası da ortaq tarix və maraqlardan qaynaqlanır. Vətən müharibəsindəki tarixi Qələbəmizdən sonra bu birlik daha da möhkəmlənir, türk dövlətləri arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Dövlətimizin başçısının TDT-yə üzv ölkələrin inteqrasiyasına və inkişafına verdiyi töhfələr hamıya yaxşı məlumdur. Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə Görüşündəki çıxışında səsləndirdiyi fikirlər də Azərbaycanın bu təşkilata diqqət və hörmətinin bariz nümunəsidir. Prezident İlham Əliyev çıxışında bildirdi ki, Azərbaycan TDT-ə maliyyə dəstəyi verəcək. Təşkilatın Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi ayrırıb. Dövlət başçısı əmin olduğunu da diqqətə çatdırdı ki, ayrılan büdcə təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək. Əlbəttə ki, Azərbaycanın ideya və təşəbbüsləri TDT-nin gələcək inkişafına öz güclü təsirini göstərir. Azərbaycanı türk dövlətləri ilə təkcə ortaq tarix və dil birləşdirmir. Ölkəmizi qardaş türk ölkələri ilə strateji əhəmiyyətli nəqliyyat dəhlizləri də bağlayır. Ölkəmizin Avropa ilə Asiyanın qovşağında yerləşməsi təşkilatın üzvləri və müşahidəçiləri üçün nəqliyyat əlaqələri baxımından dəyərli üstünlük hesab olunur. Coğrafi mövqeyi Azərbaycana Cənubi Qafqazdan keçən bütün iri nəqliyyat layihələrində iştirak etməyə imkan verir. Belə layihələrdən biri də Avropanı Asiya ilə birləşdirən Şərq-Qərb nəqliyyat dəhlizidir. Hazırda Azərbaycan bu dəhlizin vacib iştirakçısıdır və bunu dəhliz vasitəsilə ölkəmizin ərazisindən daşımaların artması təsdiqləyir.

Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır. Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur.Təbii ki, bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək. 44 günlük müharibədə Azərbaycanın qələbəsi və onilliklər ərzində Ermənistanın işğalı altında qalan ərazilərin azad edilməsi ölkəmizin nüfuzunun güclənməsinə səbəb oldu. İşğala son qoyması Azərbaycanın TDT ölkələrilə münasibətlərini daha intensiv inkişaf etdirməyə şərait yaradır. Qardaş türk dövlətləri də işğalın izini itirilməsi prosesində Azərbaycana dəstək göstərirlər. Prezident İlham Əliyev Bişkek sammitindəki çıxışında bu məqama xüsusi diqqət ayıraraq Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın dövlət və hökumət başçılarına azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olan məktəbə və yaradıcılıq mərkəzinə, eləcə də tikiləcək məktəblərə görə təşəkkürünü bildirdi. Deputat yekunda bildirib ki, Azərbaycan regional və qlobal səviyyədə TDT-nin maraqlarını irəli sürmək istiqamətində uğurla fəaliyyət göstərir. Bu siyasət də türk xalqları arasında əlaqələrin möhkəmlənməsinə kömək edir, onların birgə inkişafı və tərəqqisinə töhfə verir.

Rəşad Mahmudov,
​Milli Məclisin deputatı