Torpaqlarımız 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində düşmən tapdağından xilas oldu, ərazi bütövlüyümüz təmin edildi, xalqımız yenilməz, məğrur xalq olduğunu dünyaya sübut etdi. Bu gün tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Zəfərimiz Cənubi Qafqazda bütün istiqamətlər üzrə yeni şərait yaradıb. Azərbaycan Qələbəsi ilə regionda təhlükəsizliyin təmin olunmasına ümidi artırıb. Cənub Qafqazın təhlükəsizliyi həm də beynəlxalq sülh üçün töhfəyə çevrilib. Azərbaycanın Zəfəri region dövlətləri və bölgədə marağı olan güclərin əməkdaşlıq etməsinə şərait yaradıb. Bir daha təsdiqləndi ki, işğalçı, dağıdıcı siyasət yürüdən Ermənistan regionun inkişafına mane olur. Azərbaycan bölgə üçün bu maneəni aradan götürdü. Azərbaycan Ordusu torpaqlarımızı azad etdikcə həm də bütün dünya erməni vəhşiliyinin şahidi oldu. Kənd və şəhərlərimizin 30 il davam edən işğal dövründə dağıdılması hər birimizi göynətdi. İşğaldan azad edilmiş bütün ərazilərimiz erməni vandallığının qurbanı olub, şəhər və kəndlərimiz viran qoyulub, xalqımıza və dövlətimizə qarşı cinayət törədilib.
Bu gün bütün şəhərlərimiz, kəndlərimiz müasir tələblər səviyyəsində yenidən qurulur. Sıfırdan yeni şəhərlər və kəndlər inşa edilir. İşğaldan azad edilmiş ərazilərə böyük qayıdışın Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunması, Prezident İlham Əliyevin Sərəncamı ilə“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi, qəbul olunmuş digər sənədlər və həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edərək dövlətimizin Qarabağın və Şərqi Zəngəzurun dirçəlişində, əhalinin dayanıqlı məskunlaşmasında və davamlı iqtisadi inkişafın təmin olunmasında məqsədyönlülüyünün göstəricisidir. Bərpa-quruculuq işləri çərçivəsində böyük infrastruktur layihələri icra olunmaqdadır. Hazırda işğaldan azad olunmuş ərazilərdə xəstəxanalar, məktəblər, idman və digər infrastruktur obyektlərinin tikintisi sürətlə davam edir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yol infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən layihələr çərçivəsində tunellər və körpülər inşa edilir, polad magistrallar çəkilir, bütün elektrik təsərrüfatı yenidən qurulur. Möhtəşəm yol şəbəkəsinin yaradılması keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmasına, Qarabağın və Şərqi Zəngəzurun gələcək inkişaf planlarının həyata keçirilməsinə böyük töhfədir.
Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan yaşıl enerji layihələri regionun davamlı inkişafını təmin edəcək digər sahələrin də inkişafına təkan verir. Bu baxımdan yeni yaradılan Qarabağ Universiteti də şübhəsiz ki, regionda tarixən mövcud olmuş təhsil mühitini yenidən canlandıracaq. Qarabağ Universiteti yenilikçi bir iqtisadiyyatın əsas lokomotivlərindən olmaqla yanaşı, ölkənin elmi və texnoloji inkişafına təsir göstərməsi, innovasiya sahəsində mövqeyini gücləndirməsi, yüksəkixtisaslı kadrların hazırlanmasında və sosial-iqtisadi siyasətin həyata keçirilməsində mühüm rol oynayacaq.
Dövlət başçımız işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın reallaşması üçün yüksək qətiyyət və əzmkarlıq göstərir. Bu günədək işğaldan azad olunmuş ərazilərimizə 30 minə yaxın keçmiş məcburi köçkün köçürülüb. Təbii ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda yaşayan insanların sayı oraya qayıdan məcburi köçkünlərin sayı ilə məhdudlaşmır. Belə ki, hazırda bu bölgədə aparılan bərpa-quruculuq işlərinin miqdarı bu sayın ondan qat-qat artıq olduğunu deməyə əsas verir. Çünki tunellərin, aeroportların, aqroparkların tikintisinə, müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinə minlərlə işçi qüvvəsi cəlb olunub. Bu gün təkcə Xankəndi şəhərində 6 mindən çox insan yaşayır.
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı noyabrın 7-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Bu mərhələdə Cəbrayıl şəhərinə 30 ailə - 150 nəfər köçürülüb.
Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər. Xatırladaq ki, indiyədək Cəbrayıl şəhərində 163 ailənin, yəni 583 nəfərin daimi məskunlaşması təmin edilib.
Göründüyü kimi, düşmənin darmadağın etdiyi şəhərlərin və kəndlərin bərpası hazırda sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində böyük addımlar atılır. Azad olunmuş şəhərlərə və kəndlərə yaxın üç ildə 140 min insanın köçürülməsi planlaşdırılır. Nəhəng vəsait və qüvvə tələb edən bu işləri Azərbaycan kənardan bir manat belə almadan özü görür. Bu isə, eyni zamanda, ölkəmizin ildən-ilə artan iqtisadi gücünün daha bir əyani göstəricisidir.
Şəmsiyyə Əliqızı, “İki sahil”