07 noyabr 2024 18:55
95

Azərbaycan üçün TDT-nin güclənməsi prioritet məsələdir

Son bir neçə ildə Türk Dövlətləri Təşkilatı (TDT) mütəşşəkkil bir birliyə çevrilib. Xüsusilə ölkəmiz türk dövlətləri ilə birgə yaratdığı Türk Dövlətləri Təşkilatını öz ailəsi hesab edir və bu təşkilatın daha da güclənməsi və regional güc mərkəzi kimi inkişaf etməsini istəyir.

Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il fevralın 14-də andiçmə mərasimindəki çıxışında demişdi ki, TDT Azərbaycan üçün əsas beynəlxalq təşkilatdır. Dövlət başçısı bunu təşkilat üzvlərinin bir ailə olması ilə əlaqələndirmişdi. Azərbaycanın bu baxımdan unikallığı həm də ondan ibarətdir ki, onun təkcə çoxillik qardaşlıq əlaqələri deyil, həm də təşkilatın bütün iştirakçıları ilə müasir əlaqələri var. Azərbaycan müasir tarixinin böyük hissəsini məhz Mərkəzi Asiya respublikaları ilə bölüşür. Əməkdaşlığın əsası da ortaq tarix və maraqlardan qaynaqlanır.

İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəmizdən sonra bu birlik daha da möhkəmlənir, türk dövlətləri arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Dövlətimizin başçısının TDT-yə üzv ölkələrin inteqrasiyasına və inkişafına verdiyi töhfələr hamıya yaxşı məlumdur. Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə Görüşündəki çıxışında səsləndirdiyi fikirlər də Azərbaycanın bu təşkilata diqqət və hörmətinin bariz nümunəsidir. Prezident İlham Əliyev çıxışında bildirdi ki, Azərbaycan TDT-ə maliyyə dəstəyi verəcək. Təşkilatın Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi ayrırıb. Dövlət başçısı əmin olduğunu da diqqətə çatdırdı ki, ayrılan büdcə təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək.

Təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdəki ideya və təşəbbüsləri də TDT-nin gələcək inkişafına öz güclü təsirini göstərir.  Eyni zamanda, Azərbaycanı türk dövlətləri ilə təkcə ortaq tarix və dil birləşdirmir. Ölkəmizi qardaş türk ölkələri ilə strateji əhəmiyyətli nəqliyyat dəhlizləri də bağlayır.

Azərbaycanın Avrasiyanın qovşağında yerləşməsi təşkilatın üzvləri və müşahidəçiləri üçün nəqliyyat əlaqələri baxımından dəyərli üstünlük hesab olunur. Coğrafi mövqeyi Azərbaycana Cənubi Qafqazdan keçən bütün iri nəqliyyat layihələrində iştirak etməyə imkan verir. Belə layihələrdən biri də Avropanı Asiya ilə birləşdirən Şərq-Qərb nəqliyyat dəhlizidir. Hazırda Azərbaycan bu dəhlizin vacib iştirakçısıdır və bunu dəhliz vasitəsilə ölkəmizin ərazisindən daşımaların artması təsdiqləyir.

Bu bir həqiqətdir ki, Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır. İndi  Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur.Təbii ki, bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək. Bundan başqa, Azərbaycan dövləti TDT-nin daha da güclənməsi üçün bu təşkilata siyasi dəstəyi ilə bərabər maliyyə dəstəyi də göstərməyə hazır olduğunu bildrib.

Qeyd edək ki, 44 günlük müharibədə Azərbaycanın qələbəsi və onilliklər ərzində Ermənistanın işğalı altında qalan ərazilərin azad edilməsi ölkəmizin nüfuzunun güclənməsinə səbəb oldu. İşğala son qoyması Azərbaycanın TDT ölkələrilə münasibətlərini daha intensiv inkişaf etdirməyə şərait yaradır. Dost və qardaş türk dövlətləri də işğalın izini itirilməsi prosesində Azərbaycana dəstək göstərirlər. Ölkəmizin başçısı Bişkek sammitindəki çıxışında bu məqama xüsusi diqqət ayıraraq Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın dövlət və hökumət başçılarına azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olan məktəbə və yaradıcılıq mərkəzinə, eləcə də tikiləcək məktəblərə görə təşəkkürünü bildirdi. Deputat yekunda bildirib ki, Azərbaycan regional və qlobal səviyyədə TDT-nin maraqlarını irəli sürmək istiqamətində uğurla fəaliyyət göstərir. Məlum tərəqqipərvər siyasət bundan sonra da türk xalqları arasında əlaqələrin möhkəmlənməsinə hərtərəfli yardım edəcəkdir.

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri