Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərs vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bəzi siyasətçilər, dövlət nəzarətində olan QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevrilib. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında deyib.
“Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”, - deyə dövlətimizin başçısı bildirib.
Bəli, beynəlxalq aləm bununla bir daha ölkəmizə olan etimadını göstərdi. Şübhəsiz, bunu həm də ölkəmizə hörmət əlaməti və fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi kimi dəyərləndirmək daha doğru olardı. Halbuki, Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi seçildikdən sonra Fransa, ABŞ və digər dövlətlər ölkəmizi hədəfə çevrirmişdi, qarayaxma kampaniyaları bir-birini əvəz edirdi. Dövlət başçımızın sözləri ilə desək, özünü müstəqil QHT adlandıranlar və bəzi siyasətçilər ölkəmiz haqqında daha çox dezinformasiyanın yayılması üçün sanki bir-biri ilə yarışa girmişdilər. Hətta onlar digər məsələlərlə yanaşı, ölkəmizin alternativ enerjiyə çox böyük üstünlük verməsinə baxmayaraq respublikamızın neft-qaz istehsalçısı olmasını qınaq obyektinə çevirmişdilər. Amma rəsmi Bakı izah etməyə çalışırdı ki, bu, bizim günahımız deyil, biz neft və qazla zənginik. Bizim fəaliyyətimiz onun əsasında qiymətləndirilməməlidir. Yəni, bir ölkənin neft və qazla zəngin potensiala malik olması heç də onun iqlim dəyişikliyinin fəsadlarını aradan qaldırmaq üçün təşkil edilən nüfuzlu bir konfransa evsahibliyi etməyə haqqı çatmadığını deməyə əsas vermir. Halbuki, rəsmi Bakının gündəliyi “yaşıl” enerji ilə bağlıdır.
Respublikamız tərəfdaş ölkələrlə birgə “yaşıl” texnologiyaya, “yaşıl” keçidə sərmayə qoyur. Azərbaycan 2030-cu ilə qədər bərpaolunan enerji sahəsində quraşdırılmış güclərin 30 faizə qədər artırılması, Qarabağ və Şərqi Zəngəzuru “yaşıl” enerji zonasına çevirmək kimi mühüm məqsədləri qarşısına qoyub. Azərbaycan, həmçinin ixrac bazarlarına diqqət yetirir və öz tərəfdaşları ilə birgə çalışır ki, digər mühüm enerji təhlükəsizliyi layihələrini həyata keçirsin. Bunlardan biri Gürcüstan, Rumıniya və Macarıstanla birgə Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsidir ki, bunun sayəsində Azərbaycan yaşıl enerjini Avropaya nəql edəcək. Yeri gəlmişkən xatırladaq ki, bu kabelin texniki potensialı və texniki əsaslandırma işləri bu yaxınlarda başa çatacaq. Onun imkanları dörd giqavat olacaqdır. Dövlət başçımızın təbirincə dedək, bu, yalnız başlanğıcdır”. Bir sözlə, “yaşıl” enerji növlərinin yaradılması və onun dünya bazarlarına nəqli hazırda dövlətimizin enerji siyasətinin prioritetidir.
Şübhəsiz, otuzillik işğal dövründə Ermənistanın insanlıq əleyhinə bəşəri cinayətlərinə və işğal faktına göz yuman bəzi Qərb dairələrinin COP29 zamanı fəallaşması təsadüfi deyildi. Bu, onların beynəlxalq miqyasda Azərbaycanın uğurlarına kölgə salmaq niyyətindən qaynaqlanırdı. Əminliklə demək olar ki, bütün bu dezinformasiya və yalan məlumatların yayılmasında erməni lobbisinin təsiri açıq-aydın görünürdü. Amma müstəqil siyasət yürüdən Azərbaycanın beynəlxalq səviyyədə atdığı addımlar sayəsində onların bu cəhdləri heç bir nəticə vermədi. Yəni, COP29-la əlaqədar Azərbaycan barəsində mənfi rəy yaratmaq istəyən Qərbin pozuculuq cəhdləri ürəyində qaldı.
Qvami Məhəbbətoğlu, “İki sahil”