13 noyabr 2024 16:03
180

İqlim dəyişikliyi ilə mübarizədə qlobal həmrəylik yaradılır - Kamran Bayramov

Azərbaycan  yenidən dünyanın diqqət mərkəzindədir. Bakı platforması COP29 – BMT İqlim Dəyişiklikləri üzrə Konfransı çərçivəsində dünya siyasi liderlərini və iqlim diplomatiyasının əsas oyunçularını bir araya gətirib. Ölkəmizin  ev sahibliyi etdiyi bu nüfuzlu BMT tədbiri iqlim dəyişikliyi ilə mübarizədə qlobal həmrəyliyi və əməkdaşlığı gücləndirmək məqsədini daşımaqla yanaşı Azərbaycanın regionda və qlobal səviyyədə iqlim problemlərinin həllində aparıcı rol oynamağa hazır olduğunun göstəricisidir. Bu gün ölkəmiz  iqlim dəyişikliyinə qarşı mübarizədə həm inkişaf etməkdə olan, həm də inkişaf etmiş ölkələrlə əməkdaşlığı daha da sürətləndirərək, bu sahədə əhəmiyyətli bir vasitəçi olmuşdur. Gördüyümüz kimi, belə  təşəbbüslər Azərbaycanın beynəlxalq nüfuzunun  artmasında önəmli rol oynayır. Azərbaycan tədbirdə ambisiyalı Fəaliyyət Planını təqdim edib, bu isə maliyyə, insan kapitalı və sülh kimi sahələri əhatə edən 14 təşəbbüsü özündə ehtiva edir. Bakı iqlim platforması həmçinin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin birgə iştirakı ilə enerji keçidi, karbon emissiyalarının azaldılması və ekoloji dayanıqlığın artırılmasına dair hədəflərin müzakirəsini həyata keçirilməsinə şərait yaratmışdır.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov  "İki sahil"ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, COP29-un əsas maliyyə hədəfləri, inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşma və dayanıqlıq qabiliyyətlərini artırmaq üçün yeni maliyyə mexanizmləri yaratmaq və mövcud maliyyə dəstəyini daha da genişləndirməkdən ibarətdir. Bu konfransda 2025-ci ildə müddəti bitən və sənayeləşmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə illik 100 milyard dollar dəstək verməsini nəzərdə tutan əvvəlki hədəfi əvəz edəcək Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG) müzakirə olunur. Yeni maliyyə hədəfləri həm dövlət, həm də özəl sektorun iqlim dəyişikliyi ilə mübarizədə daha fəal iştirakını mümkün edəcək. Belə ki, COP29-da Azərbaycan, beynəlxalq iqlim maliyyəsinin daha geniş əsaslara keçməsi üçün bu maliyyə dəstəyinin artırılmasını və iqlim layihələrinə yeni sərmayələrin qoyulmasını təşviq edəcək. Bu hədəflər, həmçinin inkişaf etmiş ölkələrin, iqtisadi gücə malik digər dövlətlərin və özəl sektorun bərabər şəkildə töhfə verməsi üçün çağırışları əhatə edir. Konfransda həmçinin Azərbaycanın COP29 Atəşkəs Təşəbbüsü diqqət çəkir ki, bu da bütün ölkələri konfrans müddətində sülhə çağırır və qədim Olimpiya Oyunları ənənəsinə bənzər bir truce (atəşkəs) ideyasını vurğulayır. Ərazilərinin 30 il beynəlxalq hüquqa zidd olaraq işğal altında saxlanılan Azərbaycanın bu təşəbbüslə çıxış etməsi regionda da dayanıqlı sülh və sabitlikdə maraqlı olduğumuzu dünyaya bəyan edir.

Deputat diqqətə çatdırıb ki, Azərbaycanda son illər ənənəvi olaraq ekoloji cəhətdən böyük və uğurlu işlərə şahidlik edirik. Ənənəvi enerji resurslarına malik ölkə olmağımıza baxmayaraq, biz alternativ enerji resurslarının istehsal edilməsinə ən çox sərmayə yatıran ölkəyik. Azərbaycan bununla da kifayətlənməyərək yaşıl enerjinin Avropaya ixrac edilməsi ilə bağlı meqa layihə həyata keçirir. Artıq bu layihənin icrası ilə bağlı şərqi Avropa ölkələri ilə də tərəfdaş qismində çıxış edirik. Bu layihənin icrası Avropa enerji təhlükəsizliyində və xüsusilə də Avropanın yaşıl enerjyə keçidində müsbət rol oynayacaq. Bütün bunlarla yanaşı Azərbaycan regionda yaratdığı yeni reallıqlar fonunda iqlim dəyişikliklərinə qarşı birgə mübarizənin vacibliyini anlayır və elə bu səbəbdən yalnız özünü yox, eynin zamanda köməyə ehtiyacı olan digər dövlətləri də düşünür. Məhz Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi zamanı da  bunu dəfələrlə sübut etmişdir.

K.Bayramov əlavə edib ki, bu gün Azərbaycan sözün əsl mənasında öz siyasi müstəqilliyinə qovuşmuş bir ölkədir və heç kimin iradəsindən, mövqeyindən, sözündən asılı olmadan öz müstəqil siyasətini yürüdür. Baxmayaraq ki, COP29 ərəfəsində də anti-Azərbaycan qüvvələrinin təzyiqi ilə üzləşdik, Azərbaycan öz iradəsindən və mövqeyindən dönmədi və tədbirə yüksək hazırlıq işlərini davam etdirdi. 
Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında bu xain ünsürlərə layiqli cavablarını verdi: "Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”.

Şəmsiyyə Əliqızı, "İki sahil"