13 noyabr 2024 23:15
127

Monteneqro Prezidenti: Azərbaycan yaşıl siyasətə doğru mühüm addımlar ataraq bu sahədə də lider kimi önə çıxır

Azərbaycan Prezidenti İlham Əliyevin COP29 Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin açılış nitqində qeyd etdiyi kimi, Azərbaycan öz təbii sərvətləri ilə tanınır, lakin həm də yaşıl siyasətə doğru mühüm addımlar ataraq bu sahədə də lider kimi önə çıxır.

“İki sahil”in məlumatına görə, bunu AZƏRTAC-a müsahibəsində Monteneqronun Prezidenti Yakov Milatoviç deyib.

Onun sözlərinə görə, Monteneqro neft və ya qaz ehtiyatlarına malik ölkə olmasa da, kömür kimi fosil yanacaqlardan uzaqlaşaraq yaşıl iqtisadiyyata keçidi fəal şəkildə dəstəkləyir və davamlı siyasətini inkişaf etdirir: “Azərbaycan və digər təcrübəli tərəfdaşlarla birgə biz bərpaolunan enerji sektorunu genişləndirmək, külək və günəş enerjisi infrastrukturu qurmaq və enerji səmərəliliyinə yönəlmiş siyasəti irəli aparmaq üçün əməkdaşlıq edirik”.

“Dünya liderləri ilə müzakirələrimdə Monteneqronun enerji səmərəliliyi sahəsində təşəbbüslərini, xüsusilə Avropa İttifaqından əldə etdiyimiz əhəmiyyətli maliyyə dəstəyi ilə ictimai binalarda və fərdi ev təsərrüfatlarında səmərəliliyin artırılmasına yönəlmiş son təşəbbüslərimizi bölüşdüm”, - deyən dövlət başçısı əlavə edib: “Azərbaycan kimi biz də bərpaolunan infrastrukturun enerji səmərəliliyi ilə uyğunlaşdırılmasının vacibliyini qəbul edirik”.

Yakov Milatoviç bildirib ki, digər oxşar sahə enerji təhlükəsizliyidir: “Azərbaycan bir çox Avropa dövlətləri üçün əsas enerji təchizatçısıdır və Monteneqro daha kiçik miqyasda olsa da, dənizaltı kabel vasitəsilə İtaliyanın elektrik şəbəkəsinə qoşulan yeganə Balkan ölkəsi olmaqla Balkan regionunu İtaliyanın elektrik enerjisi bazarı ilə əlaqələndirir. Ümumilikdə Monteneqro və Azərbaycan dostluq münasibətlərindən bəhrələnir və güclü siyasi dialoq iqtisadi əməkdaşlığı daha da dərinləşdirmək üçün möhkəm təməl yaradır.