Uzaq ərazilər və ada dövlətləri, o cümlədən inkişaf etməkdə olan kiçik ada dövlətləri (SIDS) coğrafi təcrid, məhdud infrastruktur və iqlim dəyişikliyinə qarşı həssaslıq səbəbindən unikal enerji problemləri ilə üzləşirlər.
“İki sahil” xəbər verir ki, bunu "Report"a açıqlamasında noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi mələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edən fizika və iqlim məsələləri üzrə alim, "Climate Analytics" şirkətinin təsisçisi Bill Hare bildirib.
"Bu dövlətlərin enerjinin təminatının idxal olunan dayanıqsız və bahalı fosil yanacaqlara, məsələn, dizelə olan asılılığı təkcə yüksək enerji xərcləri ilə nəticələnmir, həm də onları qlobal enerji bazarlarının dəyişkənliyinə qarşı daha həssas edir. Dünyanın bərpa olunan enerji mənbələrinə keçidi ilə bu bölgələr həm daha təmiz, həm də dayanıqlı enerji sistemlərinə keçmək, eyni zamanda fosil yanacaqlardan uzaqlaşmaq üçün unikal bir fürsət əldə edirlər. Bərpa olunan enerji ilə işləyən mini şəbəkələr fosil yanacaqlarla işləyən mərkəzləşdirilmiş sistemlərə nisbətən iqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı daha davamlıdır. Lakin etibarlı və sabit enerji təchizatına nail olmaq, hətta mərkəzləşdirilməmiş səviyyədə belə, günəş və külək kimi dəyişkən enerji mənbələrini idarə etmək üçün bəzi əsas məsələlərin həllini tələb edir", - deyə o qeyd edib.
Alimin sözlərinə görə, şəbəkə sabitliyini təmin etmək üçün texniki həllər enerji saxlanması, dəyişkən bərpa olunan enerji mənbələrinin daha yüksək inteqrasiyasını və istifadəsini mümkün edir: "Bu texnologiyaların sürətlə azalan sərmayə xərcləri, dəyişkən bərpa olunan enerjilərin inteqrasiyasını xüsusən də uzaq ərazilər üçün daha cəlbedici edir. Bu tədbir, uzaq ərazilərdə və kiçik ada dövlətlərində bərpa olunan mini enerji əbəkələrinin tətbiqi üçün ən son texnoloji və siyasət yeniliklərini araşdırmağı hədəfləyir".