14 noyabr 2024 10:34
129

Naxçıvanda DYP yol hərəkəti iştirakçılarına müraciət edib

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi (DYP) İdarəsi dumanlı hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.

Nazirliyin mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, hazırda muxtar respublika ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar avtomobil yollarının bəzi hissələrində təhlükəsiz görünüş məsafəsi minimuma enib. Bu da yol nişanlarının, nişanlanma xətlərinin və digər nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə ciddi maneə yaratdığı üçün sürücülərə belə hava şəraitində daha diqqətli olmaq, minimum sürət həddi seçmək, xarici işıq cihazlarının sazlığına əmin olmaq, dayanma, durma, parklanma, həmçinin ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmələri tövsiyə olunur.

Piyadalar da dumanlı hava şəraitində sürücülərin yolu görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, səkilərlə, piyada keçidləri ilə hərəkət etməli, məsuliyyət hissini unutmamalıdırlar.