Əhatə dairəsinə görə BMT-nin ən böyük tədbiri hesab olunan COP türk dünyasında ilk olaraq Bakıda keçirilir. Şübhəsiz, Cənubi Qafqazda, Mərkəzi Asiyada və daha geniş regionda ilk COP konfransının məhz Azərbaycanda baş tutması tarixi hadisədir. Belə bir əlamətdar tədbirə Bakının ev sahibliyi etməsi bütün türk dünyası üçün qürur mənbəyi və böyük uğurdur. Şübhəsiz, elə bu amil də Ankaranın və Bakının səyləri sayəsində artıq artıq ideyadan konkret fəaliyyət platformasına keçən Türk Dövlətləri Təşkilatının (TDT) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) daha fəal iştirakına stumul verib. Prezident İlham Əliyev hər COP29-dan söz düşəndə TDT-nin bu mötəbər tədbirdə daha fəal iştirak edəcəklərini vurğulayırdı: “Əminəm ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr COP29 konfransının işində fəal iştirak edəcəklər”. Noyabrın 11-də işinə başlayan COP29-da bu əminlik təsdiqini tapdı.
Bir məsələni də vurğlayaq ki, TDT-nin liderləri bu nüfuzlu tədbirdə fəal iştirak edəcəklərini bildirməklə yanaşı, Azərbaycana mümkün olan hər cür yardımı göstərməyə hazır olduqlarını da vurğulamışdılar. Onlar vədlərinə sadiq çıxdılar, həm də bu tədbirdə yüksək səviyyədə təmsil olundular. Bununla da türk ölkələri ilə əlaqələrin genişləndirilməsini, türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsini öz xarici siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirən Azərbaycanı həmişə dəstəklədiklərini birmənalı şəkildə təsdiqlədilər. Yeri gəlmişkən qeyd edək ki, Qırğızıstanın paytaxtında keçirilən TDT-nin XI Zirvə görüşündə qəbul olunan Bişkek Bəyannaməsində COP29-un əhəmiyyəti xüsusi vurğulanmış və Azərbaycanın tədbirə ev sahibliyi etməsindən məmnunluq ifadə olunmuşdu.
Noyabrın 12-də COP29-un Lliderlər Sammitinin açılış mərasimindən sonra Prezdent İlham Əliyevlə görüşən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısına COP29-un uğurla keçirilməsi ilə bağlı təbriklərini çatdırıb və Azərbaycanın qısa müddət ərzində belə bir möhtəşəm tədbirə ev sahibliyi etməsinin yüksək qiymətləndirildiyini bildirib. O, həmçinin dövlət başçımızın COP29-un Liderlər Sammitinin açılış mərasimində çox məzmunlu çıxış etdiyini vurğulayıb. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, eləcə də bu qurumun müşahidəçi üzvü Macarıstanın Baş naziri Viktor Orban da müasir iqlim çağırışlarına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində Azərbaycan tərəfinin fəal səylərinə bir daha dəstəklərini ifadə etməklə yanaşı, ölkələrinin iqlim problemlərini də dilə gətiriblər.
Qeyd edək ki, bu mötəbər tədbir çərçivəsində 2024-cü ilin iyulunda Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Zirvə görüşündə imzalanmış "Qarabağ Bəyannaməsi”nin davamı olaraq TDT-yə üzv dövlətlər nazirlər səviyyəsində birgə ekoloji problemlərin həlli və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində əməkdaşlığı gücləndirmək niyyətlərini təsdiqləyən “Nazirlər Bəyannaməsi”ni də imzayıblar. Şübhəsiz, ətraf mühit və dayanıqlı inkişaf sahəsində COP29-da səslənən planetar çağırışların və təşəbbüslərin həlli istiqamətində TDT tərəfindən birgə fəaliyyət haqqında "Nazirlər Bəyannaməsi”nin Bakıda imzalanması sammitə ev sahibliyi edən Azərbaycanın beynəlxalq və regional səviyyədəki liderliyini daha da möhkəmləndirir. Bu tədbir çərçivəsində, həmçinin TDT-yə üzv dövlətlər öz aralarında digər bir sıra anlaşmalara da imza atıblar. Məsələn, Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın dövlət başçıları “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i imzalayıblar. Noyabrın 13-də Prezident İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşü cərçivəsində Xankəndi şəhərində Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkə prezidentlərinin tapşırıqlarına əsasən ərsəyə gəlmiş tikiş fabrikinin videobağlantı vasitəsilə açılış mərasimi də keçirilib.
Şübhəsiz, Azərbaycan COP29-a ev sahibliyi etmək öhdəliyini üzərinə götürməklə, Qlobal Cənub və Qlobal Şimal, eləcə də inkişaf etmiş və inkişaf edən ölkələr arasında yeni körpülər salmağa çalışır. TDT də bundan yararlanır. Məsələn, COP29 iqlim sammiti çərçivəsində Qazaxıstan və Çin Xalq Respublikası arasında bərpaolunan enerji mənbələri sahəsində layihələrin həyata keçirilməsi haqqında Saziş, eləcə də “Abu Dhabi Future Energy Company PJSC (Masdar)” ilə Jambıl vilayətində külək enerjisi layihəsinə sərmayə qoyulması haqqında müqavilə, həmçinin “Freedom Holding Corp”u ilə bu ölkənin təbii sərvətlərinin mühafizəsi və davamlı idarə olunmasına dair Memorandum imzalanıb. Üstəlik, Qazaxıstanın Energetika Nazirliyi ilə Asiya İnkişaf Bankı arasında Anlaşma Memorandumu həyata vəsiqə alıb.
Bütün bunlar o deməkdir ki, artıq Azərbaycan bu tədbiri ilə TDT-nin dünya miqyasında daha da möhkəmlənmələrinə növbəti töhfəsini verir. Daha doğrusu, COP29 daha intensiv beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar açır. Bu mənada demək olar ki, Azərbaycan türk dünyasını uğurlu, dayanıqlı türk gələcəyinə doğru aparır.
Qvami Məhəbbətoğlu, “İki sahil”