14 noyabr 2024 20:20
355

COP29-da dünya səviyyəli maliyyə arxitekturasının yaradılması istiqamətində mühüm addımlar atılmaqdadır

 

Dörd gündür, Bakıda COP29 çərçivəsində effektiv müzakirələr aparılır. Dünyanın nüfuzlu liderləri, iqlim mütəxəssisləri Bakıya toplaşıb. 196 ölkədən 72 min iştirakçının qeydiyyatdan keçməsi, onların arasında 80 prezident, vitse-prezident, baş nazir olması COP29-da demək olar ki, bütün dünyanın toplaşdığını deməyə əsas verir.

Bakıda ilqim dəyişikliyi ilə mübarizə, yeni iqlim maliyyəsi hədəfinə çatmağın yolları müzakirə olunur.  COP29-da dünya səviyyəli maliyyə arxitekturasının yaradılması istiqamətində mühüm addımlar atılmaqdadır. Artıq 9 il əvvəl qəbul olunan, lakin hələ də razılıq əldə etməyin mümkün olmadığı Paris Sazişinin 6.4-cü maddəsi üzrə razılaşmaya da nail olunub. Bu isə sazişin prinsipial xarakter daşıyan 6-cı maddəsi üzrə razılaşmanın əldə olunmasına ümidləri artırır. COP29-dan ən böyük gözləntilərdən biri də budur.

Bakı COP-da beynəlxalq maliyyə korporasiyaları da öz maliyyə töhfələrini artıracaqlarını bəyan ediblər. Bu da yeni iqlim maliyyəsi hədəfi üzrə tarixi razılaşmanın əldə olunması üçün COP29-da müzakirələr üçün yaxşı mühit yaradır.

COP 29 çərçivəsində təşkil olunan Liderlərin sammitində isə Prezident İlham Əliyev ölkəmizin COP29-un ev sahibi kimi prioritetlərini bir daha beynəlxalq iqcitmaiyyətin diqqətinə çatdırdı. “COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə verməyə çalışacaq” deyən dövlət başçımızın da bəyan etdiyi kimi, Azərbaycan çalışacaq ki, inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə versin və Qlobal Cənubla Qlobal Şimal arasında əlaqələr qurulsun.

Eyni zamanda Azərbaycanın Yaşıl gündəliyi də COP29 iştirakçılarının diqqətinə çatdırıldı. Dövlət başçımız da bildirdi ki, bərpaolunan enerjidə ölkəmizin texniki potensialı quruda 135 giqavat və dənizdə isə 157 giqavat təşkil edir. COP29 çərçivəsində Birləşmiş Krallığın bp şirkəti ilə 240 meqavatlıq Günəş enerjisi stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsi ilə bağlı imzalanacaq saziş isə əlavə imkanlar yaradır.

Ötən gün COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti də səmərəli müzakirələr və maraqlı mesajlarla yadda qaldı. Belə ki, iqlim dəyişmələrinin ən kəskin təsiri ilə üzləşən ölkələrin səsi ilk dəfə məhz Bakıda təşkil edilən qlobal arenada eşidildi.

“Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir” deyən dövlətimizin başçısı bildirdi ki, həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir.

Kiçik ada dövlətlərinin başçıları da öz növbəsində COP29-u ən yaxşı COP platforması kimi qiymətləndirərək, Bakıda aparılan müzakirələrin dayanıqlı və uzunmüddətli nəticələr verəcəyinə ümid edir.  Bakı COP eyni zamanda həssas qruplardan və icmalardan olan, iqlim dəyişikliyindən əziyyət çəkən hər kəsin səsini çatdırmaq üçün ən effektiv platforma kimi dəyərləndirildi.

Nigar Məmmədova, 

Milli Məclisin deputatı