22 noyabr 2024 15:00
182

“İrəvan mətbəxinin şirin inciləri” - Yaşıl Zonada SƏRGİ

“İrəvan qədim xanlıqlardan biridir və orada bu xanlığa məxsus saray mətbəxi formalaşıb. Bu, bütövlükdə Qərbi Azərbaycan mətbəxinin yaranmasına, onun zəngin mədəniyyət tarixinin formalaşmasına təsir göstərib. Qərbi Azərbaycan mətbəxi dedikdə ilk öncə zəngin saray mətbəxi, onun tarixi, süfrə mədəniyyəti, etikası göz önünə gəlir.”

Bu fikirləri “İki sahil”ə Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti, Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov COP29 çərçivəsində Yaşıl Zonada Milli QHT Forumu Pavilyonunda Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən təşkil olunan “İrəvan mətbəxinin şirin inciləri” adlı sərgisi barədə məlumat verərkən bildirib.

T.Əmiraslanov qeyd edib ki, burada Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant layihəsi çərçivəsində Azərbaycan Milli Kulinariya Assosiasiyasında hazırlanmış “Qərbi Azərbaycanın şirin inciləri”  və “İrəvan” adlı kitablar da sərgilənir: “Həmçinin, İrəvan mətbəxinin dadlı təamlarını əks etdirən fotolar da izləyicilərə təqdim olunur. Məqsəd odur ki, Qərbi Azərbaycan mətbəxini dünya ictimaiyyətinə çatdıraq. Dadlı təamları Yaşıl Zona ziyarətçilərinə daddıracayıq. Bu sərgidə 100-ə yaxın İrəvan şirniyyat növlərindən 15 fərqli nümunə gətirilib.”

Qeyd edək ki, Qərbi Azərbaycan ərazisində yüzilliklər boyu formalaşan və ermənilər tərəfindən özününküləşdirilən ənənəvi şirniyyatlardan - Sucuq, alana, İrəvan kətəsi, saray paxlavası, adi paxlava, xurma südü, Göyçə badamburası, cilov kimi şirniyyatlar bu mətbəxin inciləri olaraq COP29 ziyarətçilərinə nümayiş olunur.

Orxan Vahidoğlu, “İki sahil”