26 noyabr 2024 03:02
95

Aqroparkların aqrar bölməyə və məşğulluğa töhfəsi

İqtisadiyyatımızın inkişaf vektorlarının dayanıqlı mənbələr hesabına qlobal çağırışlara uyğunlaşdırılması qeyri-neft sənayesinin daha da güclənməsinə şərait yaradıb

Azərbaycan öz iqtisadiyyatını dünyaya açmaqdan və iddialı bazar islahatları həyata keçirməkdən öz tərəqqi prosesində əhəmiyyətli dərəcədə faydalanıb. Bu islahatlar kənd təsərrüfatının və istehsalın sürətlə genişlənməsinə, eləcə də infrastruktura böyük həcmdə investisiyaların cəlb edilməsinə kömək edib. İqtisadiyyatda özəl sektorun payı artıb və bərpaolunan enerji istehsalının genişləndirilməsi də daxil olmaqla, “yaşıl keçid” prosesində mühüm irəliləyiş əldə edilib. Azərbaycan regionların inkişafında fərqləri aradan qaldırmaq üçün də ciddi islahatlar həyata keçirir. Bu, milli iqtisadiyyatın sürətli inkişafı və yüksək artım templərinin təmin edilməsinə xidmət edir. Qeyd olunan fonda sənaye və kənd təsərrüfatının, turizm və nəqliyyat infrastrukturunun inkişafı, investisiya mühitinin və ixrac potensialının yaxşılaşdırılmasına xüsusi diqqət olunur. Onu da qeyd edək ki, hazırda qeyri-neft-qaz sənayesinin daha da inkişaf etdirilməsi üçün ölkənin regionlarında güclü iqtisadi potensial mövcuddur. Azərbaycan regionlarının, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədilə zəruri addımlar atılır. Qeyd edək ki, 2025-ci ildə Azərbaycanın ümumi daxili məhsulunda (ÜDM) qeyri-neft-qaz sektorunun payının 68 faizdən 71,3 faizə çatması gözlənilir. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib. Bundan başqa, onun sözlərinə görə, gələn il ölkədə adambaşına düşən ÜDM-in dəyərinin 7 412 ABŞ dolları təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da beynəlxalq təsnifatda Azərbaycanın yuxarı-orta gəlirli ölkələr qrupunda öz yerini qoruyub saxlaması və daha da möhkəmləndirilməsi deməkdir.

Dünya təcrübəsi göstərir ki, sənaye parklarının və aqroparkların yaradılması ölkə iqtisadiyyatının ixrac, rəqabət qabiliyyətinin, idxalı əvəz edən məhsulların istehsalının artırılması, rayonlarda məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi prioritet vəzifələrin həyata keçirilməsində xüsusi əhəmiyyətə malikdir. Aqroparkların yaradılması həm də kəndlərdə yaşayan əhalinin sosial vəziyyətinin yaxşılaşmasına xidmət edir. Buna görə də mövcud təbii və iqtisadi resurslardan səmərəli istifadə olunması, innovativ metodların cəlb edilməsi ilə sənaye istehsalının artırılması, yeni sənaye sahələrinin yaradılması, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli məhsul istehsalı, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlər görülür.

Hazırda ölkədə 8 sənaye parkı fəaliyyət göstərir. Bunlar Sumqayıt kimya, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Hacıqabul, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarıdır. Bunlarla yanaşı, Masallı, Neftçala, Sabirabad və Şərurda 4 sənaye məhəlləsi də fəaliyyət göstərir. Sənaye zonalarında sahibkarlığın inkişafına əlverişli şərait yaradılıb və rezidentlər üçün stimullaşdırıcı tədbirlər tətbiq olunur. Belə ki, sənaye parklarının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla - qaz, işıq, su, kanalizasiya, fiber-optik, daxili avtomobil və dəmir yolları xətləri ilə təmin edilirlər. Onlar qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar. Bundan başqa, işğaldan azad olunmuş ərazilərdəki mövcud sənaye parklarında əlavə güzəştlər də tətbiq edilir. Bunlara xüsusi güzəştli bank kreditləri, sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, kommunal xidmətlərə 20 faiz endirim, idxal olunan xammal və materiallar üzrə gömrük rüsumları və ƏDV-dən tam azadolma (müəyyən edilmiş siyahısıya əsasən) aiddir.

Hazırda ölkəmizdə mövcud sənaye zonalarında 73 müəssisə istehsal fəaliyyətinə başlayıb. İndiyədək sənaye zonalarına 6,8 milyard manat investisiya yatırılıb və 10 min 500-dən çox daimi iş yeri yaradılıb. Növbəti mərhələdə sənaye zonalarına mövcud layihələr üzrə 1 milyard manata yaxın investisiyanın yatırılması, 7100-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. Sənaye zonalarında indiyədək ümumilikdə 13,5 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 4,3 milyard manatlıq hissəsi ixrac olunub. 2024-cü ilin birinci yarısında sənaye zonalarının rezidentləri tərəfindən 1,4 milyard manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 476,6 milyon manatı ixracın payına düşür. Xüsusi qeyd olunmalıdır ki, sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 70-dək ölkəsinə ixrac edilir.

Xatırladaq ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində Ağdam Sənaye Parkı dövlətimizin başçısının 2021-ci il 28 may tarixli Fərmanına əsasən yaradılıb. Sənaye parkı 190 hektar ərazini əhatə edir. Parkın yaradılmasında məqsəd işğaldan azad edilən ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının reallaşdırılması, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Bölgənin coğrafi mövqeyi, insan resursları və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirəcək. Sənaye parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib. Ağdam Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişafı üçün dövlət tərəfindən əlverişli investisiya mühiti yaradılır. Bunun nəticəsidir ki, artıq İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parkları arasında Ağdam Sənaye Parkı rezident sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci yerdədir. Parkda ümumi investisiyalarının məbləği 238 milyon manatdan çox olan 27 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 33 sahibkarlıq subyekti tərəfindən sənaye parkında ümumilikdə 2090 iş yerinin yaradılması nəzərdə tutulur. Artıq bu günədək rezidentlər tərəfindən sənaye parkına 72 milyon manatdan çox investisiya yatırılıb, 300-dək daimi iş yeri yaradılıb.

Sevinc Azadi, “İki sahil”