26 noyabr 2024 08:26
84

“Bloomberg”: Aİ Rusiyaya qarşı 15-ci sanksiyalar paketi hazırlayır

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni, 15-ci sanksiyalar paketinə 50-yə yaxın fiziki və 30 hüquqi şəxsin daxil edilməsini təklif edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə “Bloomberg” əlində olan sənədlərə istinadən məlumat yayıb.

Qeyd edilib ki, sənədlərə əsasən, yeni məhdudiyyətlərin əsasən Rusiyanın hərbi istehsalçılarına, eləcə də onları dron istehsalı üçün hissələri təchiz etdiyi iddia edilən bəzi Çin firmalarına qarşı tətbiq edilməsi planlaşdırılır. Ehtimal olunur ki, neftin nəqli ilə məşğul olan Rusiya şirkətləri, eləcə də hərbçilər və şirkət rəhbərləri yeni sanksiyalara məruz qala bilərlər.

Bundan əlavə, Aİ Moskvaya hərbi texnologiya əldə etməyə kömək etdiyi iddia edilən 30-a yaxın təşkilata məhdudiyyətlər qoymağı təklif edir. “Bloomberg”in əldə etdiyi sənədlərə görə, siyahıya Rusiya, Serbiya, İran, Hindistan, Tailand və Birləşmiş Ərəb Əmirliklərinin firmaları daxildir. Aİ həmçinin Rusiya ərazisinə hərbi qulluqçuların göndərilməsində iştirak etdiyi iddia edilən KXDR-dən olan hərbi rəsmilərə qarşı sanksiyalar tətbiq etməyi təklif edir.

“Bloomberg” yazır ki, yeni tədbirlər paketinə Rusiya Federasiyasından 45-dən çox neft tankerinin Avropa limanlarına və xidmətlərinə girişinə qadağa da daxildir.

Bildirilir ki, Avropa İttifaqı ölkələrinin daimi nümayəndələri noyabrın 27-də Ukrayna münaqişəsi ilə bağlı Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcəklər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”