26 noyabr 2024 09:13
73

Şavkat Mirziyoyev Özbəkistan MOK-a sədr seçilib

Özbəkistan prezidenti Şavkat Mirziyoyev ölkənin Milli Olimpiya Komitəsinin sədri seçilib.

“İki sahil” “K-News”a istinadla xəbər verir ki, bu barədə MOK-un mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, noyabrın 25-də MOK-un 41-ci Baş Assambleyası keçirilib. Tədbirdə Baş nazir Abdulla Aripov, Prezident Administrasiyasının şöbə müdiri Odil Abdurəhmanov, idman naziri Ədhəm İkramov, Asiya Olimpiya Şurasının (OCA) vitse-prezidenti Otabek Umarov, Baş Assambleyanın üzvləri, həmçinin Federasiyaların və Assosiasiyaların yüksək vəzifəli şəxsləri iştirak ediblər.

İclasda Özbəkistan Milli Olimpiya Komitəsinin rəhbərliyi yenidən təşkil edilib.

Tədbiri MOK-un baş katibi Oybek Kasimov keçirərək, komitənin nizamnaməsinə uyğun olaraq, hər bir olimpiya tsiklində MOK rəhbərliyinin tərkibinin yenidən təşkil olunacağını vurğulayıb.

İdman naziri Ədhəm İkramov Baş Assambleyaya əvvəlki olimpiya tsiklində görülən işlər barədə hesabat verib.

Özbəkistanın Baş naziri əldə edilən uğurları qeyd etməklə yanaşı, reallaşdırılmamış imkanlara da diqqət çəkib və gözlənilən nəticəni əldə etməyən federasiyaları tənqid edib.

Bundan sonra gündəlikdə duran digər məsələlərə baxılıb. Əvvəlcə Özbəkistan Milli Olimpiya Komitəsinin yeni rəhbəri seçilib (əvvəlki rəhbər Rüstəm Şaabduraxmanov 2022-ci ilin fevralında vəzifəsini tərk edib, o vaxtdan komitənin işini idman naziri Ədhəm İkramov əlaqələndirir – red.).

“Bu mövqedən danışan Abdulla Niqmatoviç 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarına hərtərəfli və əsaslı hazırlığın zəruriliyini, ölkəmizin minlərlə olimpiya ailəsinin, idmançı və məşqçilərinin xahişini nəzərə alaraq, bu vəzifəyə Özbəkistan Respublikasının Prezidenti Mirziyoyev Şavkat Miromonoviçin namizədliyini irəli sürüb. Namizədlik bütün nümayəndələr tərəfindən yekdilliklə təsdiqlənib və Ş.Mirziyoyev Özbəkistan Milli Olimpiya Komitəsinin sədri seçilib”, - deyə məlumatda bildirilir.

Bundan əlavə, komitə sədrinin müavinlərinin tərkibi formalaşdırılıb. Asiya Olimpiya Şurasının vitse-prezidenti Otabek Umarov sədrin birinci müavini, Oybek Kasimov yenidən baş katib, Şerzod Taşmatov MOK-un sədr müavini seçilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”