Gürcüstanın XI çağırış parlamenti İrakli Kobaxidzenin rəhbərlik etdiyi yeni hökumətə və 2025-2028-ci illəri əhatə edən "Yalnız sülh, ləyaqət və rifahla Avropaya doğru" adlı hökumət proqramına etimad göstərib.
“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb.
Hökumət proqramına əsasən, Gürcüstanın iki əsas milli məqsədi var: ölkənin ərazi bütövlüyünün sülh yolu ilə bərpası və yoxsulluğun tam aradan qaldırılması. Proqram dövlət siyasətinin dörd əsas istiqamətini əhatə edir: demokratik inkişaf; iqtisadi inkişaf; sosial siyasət və insan kapitalının inkişafı; xarici siyasət və müdafiə.
Hökumətin xarici siyasət və müdafiə ilə bağlı baxışı ərazi bütövlüyünün sülh yolu ilə bərpasına və suverenliyin gücləndirilməsinə, regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsinə, Gürcüstanın Avropa və Avro-Atlantik strukturlara inteqrasiyasına və beynəlxalq tərəfdaşlarla əlaqələrin dərinləşdirilməsinə yönəlib.
İ.Kobaxidze parlamentin plenar iclasında deputatları hökumətin planları ilə tanış etdikdən sonra onun Baş nazir vəzifəsinə namizədliyinə, təklif etdiyi hökumətin tərkibinə və 2025-2028-ci illər üçün hökumət proqramına etimadın göstərilməsi məsələsi ilə bağlı səsvermə keçirilib.
Noyabrın 26-27-də isə nazir vəzifəsinə namizədlər parlament komitələrində çıxış edərək deputatları ayrı-ayrı qurumların iş planı ilə tanış ediblər.
Hökumətin tərkibində üç dəyişiklik olub. Bu dəyişikliklər Xarici İşlər, Ədliyyə, Ətraf Mühit və Kənd Təsərrüfatı nazirliklərini əhatə edib.